RU

Kim Çen In nüvə arsenalının artırılacağını bildirib

BAKI, 26 fevral. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə arsenalının genişləndirilməsinə diqqət yetirəcəyini və ABŞ-la münasibətlərin yaxşılaşmasının Vaşinqtonun mövqeyindən asılı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət mediasına istinadən "Reuters" məlumat yayıb.

Məlumata görə, hakim Koreya Fəhlə Partiyasının doqquzuncu qurultayı paytaxt Pxenyanda hərbi paradla başa çatıb. Kim Çen In çıxışında ölkənin beynəlxalq mövqeyinin xeyli gücləndiyini deyərək, növbəti beş il üçün əsas siyasət hədəflərini açıqlayıb.

KCNA agentliyinin yaydığı məlumata əsasən, Kim Çen In partiyanın milli nüvə gücünü daha da genişləndirmək və möhkəmləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, nüvə silahlarının sayının artırılması və onların tətbiq imkanlarının genişləndirilməsi üzrə layihələrə üstünlük veriləcək. O, həmçinin qitələrarası ballistik raketlərin, süni intellektdən istifadə edən hücum sistemlərinin və pilotsuz uçuş aparatlarının inkişafının planlaşdırıldığını qeyd edib.

Bununla yanaşı, Kim Çen In ABŞ ilə dialoqa qapını tam bağlamadığını da vurğulayıb. O bildirib ki, əgər Vaşinqton Şimali Koreyaya qarşı qarşıdurma siyasətindən imtina edib ölkənin mövcud statusuna hörmət etsə, iki ölkənin yaxşı münasibətlər qurmasına maneə yoxdur.

"Reuters" xatırladır ki, Kim Çen In indiyədək ABŞ Prezidenti Donald Trampın təşəbbüslərinə müsbət cavab verməyib, baxmayaraq ki, onlar Trampın əvvəlki prezidentliyi dövründə üç dəfə görüşüblər.

Eyni zamanda, KCNA-nın məlumatına görə, Kim Çen In Cənubi Koreyanı “ən düşmənçi tərəf” adlandırıb və Seullə danışıqları istisna edib. O, Cənubi Koreya hökumətinin barışıq yönümlü bəyanatlarını səmimiyyətsiz və aldadıcı kimi qiymətləndirib.

Keçən ilin iyununda vəzifəyə başlayan Cənubi Koreya Prezidenti Li Cje Myon hökuməti iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün addımlar atsa da, Pxenyan bu cəhdləri ardıcıl olaraq rədd edib. Kim Çen In bildirib ki, Cənubi Koreya tərəfindən “təhrikedici addımlar” atılarsa, Pxenyan istənilən tədbiri görə bilər və hətta Cənubi Koreyanın “tam çöküşü” ehtimalını da istisna etməyib.

Избранный
44
teleqraf.com

1Источники