Bakı, 25 fevral, AZƏRTAC
Otuz dörd il əvvəl xalqımıza qarşı bəşər tarixinin ən ağır və qanlı faciələrindən olan Xocalı soyqırımı törədildi. Bu dəhşətli cinayət nəticəsində yüzlərlə dinc Xocalı sakini məhz azərbaycanlı olduqları üçün amansız zorakılığa məruz qaldı. Hər il xalqımız, eləcə də ədaləti uca tutan hər kəs Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Xocalıda baş verənlərin beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması, insanlığa qarşı yönəlmiş ağır cinayət kimi tarixə düşdüyünü söyləyən deputat qeyd edib ki, BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub. Xalqımıza qarşı törədilmiş bu faciə beynəlxalq ictimaiyyət tərəfindən də öz hüquqini qiymətini almalıdır.
Ötən illər ərzində dövlətimiz tərəfindən bu istiqamətdə mühüm addımların atıldığını söyləyən Mircəlil Qasımlı deyib: “Bu faciəyə ilk hüquqi-siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi elan etdi. Xocalı soyqırımını təcavüzkar erməni millətçilərinin əsrlər boyu Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimiz tərəfindən ötən illər ərzində həyata keçirilən ardıcıl siyasət nəticəsində ermənilərin uydurduqları yalanlar ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkəsinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Bu günədək 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-nin 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul olunub. Bu istiqamətdə Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd etmək istərdim. 2008-ci ildə start verilən kampaniya yüz minlərlə şəxsin və 115 təşkilatın dəstəyini alıb”.
Hər il xalqımızın bu müdhiş faciənin ildönümünü ölkəmizin müxtəlif bölgələrində ürəkağrısı ilə qeyd etdiyini söyləyən deputat bildirib ki, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı da azadlığa qovuşdu. Artıq bütün şəhidlərimizin, Xocalı qurbanlarının ruhları şaddır. 2024-cü il fevralın 26-da dövlətimizin başçısı xocalılarla birgə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Memorial Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək, soyqırımı ilə bağlı həqiqətləri gələcək nəsillərə, dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
Bu gün Xocalının müasir standartlar əsasında yenidən qurulduğunu, burada infrastruktur layihələrinin, sosial obyektlərin, istehsal müəssisələrinin inşa olunduğunu söyləyən Mircəlil Qasımlı artıq Xocalıya ümumilikdə 881 ailənin, 3 600-dən çox sakinin köçürüldüyünü qeyd edib.
“Azərbaycan tarixinin ən ağrılı səhifələrindən olan bu faciə, eyni zamanda milli birliyimizin, ədalət uğrunda mübarizəmizin rəmzi oldu. Öz gücü hesabına tarixi ədaləti bərpa etmiş qüdrətli Azərbaycan bu gün azad Xocalını yenidən qurur, bu torpaqlarda həyat yenidən canlanır. Bir sözlə, dövlətimiz xocalıların öz doğma diyarlarında xoşbəxt və firavan yaşamaları üçün lazım olan bütün şəraiti də öz gücü hesabına yaradır”, - deyə Mircəlil Qasımlı vurğulayıb.