RU

Yatdığı deyilən alimlərdən daha biri danışdı: “80 illiklə bağlı iclasa Prezident də gəlmişdi, orda cürət edib, belə şəkillər toplamayıblar”

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Amma gündəmin əsas müzakirəsi iclasın gündəliyində olan və ya gündəliyə salınması gözlənilən məsələlər yox, alimlərin toplantı zamanı yuxaya getmələri oldu. Bu barədə mediada və sosial şəbəkələrdə saysız-hesabsız kadrlar yayıldı. Yatan alimlərdən biri kimi təqdim olunan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri Əkrəm Bağırov Musavat.com-un suallarını cavablandırıb.

 

- Əkrəm müəllim, mediada və sosial şəbəkədə siz də AMEA-nın iclasında “yatan alimlər”dən biri kimi təqdim olunmusunuz. Həmin görüntülər barədə nə deyə bilərsiniz?

 

- Mən orda ikinci cərgədə oturmuşdum. Qabağımda da şəkil çəkən işığı salıb mənim gözlərimə. Mən açıq deyirəm. Mənə baxır, deyirəm yəqin şəklimi çəkir. Dalbadal çəkdi. Sonra baxıram şəkillərin içərisindən hansı ki, mən gözümü qırpmışam, onu götürüb yayıb. Orda yatmaq olar? Lap elə digərləri də. Bu, elə bil qəsdən akademiyaya qarşı nəsə bir şey etmək istəyiblər ki, guya akademiyada yatıblar. Kim yatıb?

 

- İclas nəyə həsr olunmuşdu. Belə qənaət yaranır ki, cansıxıcı iclas olub.

 

- İllik hesabat idi. Keçən ilin hesabatı, uğurlar... Ümumi sözlərlə danışırdılar. Əslində bir dənə də məsələ olmalı idi, amma onun adını çəkmədilər.

 

- Hansı məsələ?

 

- Ramiz Mehdiyevlə bağlı. Amma onun adını çəkmədilər. Əvvəldən deyirdilər ki, guya olacaq, amma iclasda onun adını çəkmədilər. Çıxışlar oldu. Fərəh xanım da gəlmişdi. 5-6 nəfər çıxış elədi, həmçinin İsa müəllim, Yaqub Mahmudov, Əli Abbasov.

 

- Orada nədən danışırdılar?

 

- Keçən il nə işlər görülüb, ondan.

 

- Ötən il AMEA-nın uğurları olubmu?

 

- Bəli. Elə uğurlarından danışıblar. İsa (Həbibbəyli – E.P.) müəllim də uğurlardan danışdı, digərləri də.

 

- Məsələn, bir-iki uğurlu fakt deyə bilərsinizmi? Bir çoxları deyir AMEA deyiləndə Ramiz Mehdiyev yada düşür...

 

- Yox, yox. Ramiz Mehdiyevin heç adı çəkilmədi. Geoloji qazıntılarla bağlı hansısa uğurlardan danışıldı. Əslində bu, Akademiyadırsa, orda ancaq humanitar sahələr qalıb. Amma sədarətdə Rəfael Hüseyn oturmuşdu. Onun rəhbərlik etdiyi Ədəbiyyat Muzeyi hazırda Mədəniyyət Nazirliyinə baxır.

 

- Amma AMEA-nın heç bir elmi nailiyyət ortaya qoymadığını deyib, tənqid edənlər kifayət qədərdir...

 

- Elə şey olar? Şəxsən mən bu saat üç-dörd istiqamətdə iş görürəm. Hətta haqqımda film də çəkiblər. 50-dək kitabım var. Ancaq Əlyazmalar İnstitutunda əlyazmalarla bağlı çap eləmişəm. Həmçinin lüğətlər çap eləmişəm. Necə yəni iş görmürük? Akademiya aldığı məvacibdən qat-qat artıq iş görür.

 

- Yeri gəlmişkən məvacibiniz nə qədərdir?

 

- Mən direktor müaviniyəm. Həm də şöbəm var, ordan da məvacib verirlər. Amma bütün şöbədə olan işçilər 450-500 manat alır.

 

- Ramiz Mehdiyevlə bağlı fikriniz necədir? Sizcə, indiyədək AMEA-da qalmalı idimi?

 

- (Gülür) Vallah, nə bilim? Mən ümumiyyətlə, siyasətdən uzaq adamam.

 

- Amma rəhmətlik Prezidentin bir sözü var idi: “Mövqeyinizi bildirin”. Sizin mövqeyiniz də maraqlıdır.

 

- O vaxt Rəfael Hüseyn bir mövqe bildirdi, yadınıza gəlir? Böyük bir yazı vermişdi ki, “Ramiz müəllim, vaxtdır, getmək lazımdır, gedin!” İndi gedib, hələlik evindədir. Buna vaxtında cəza vermək lazım idi, bundan sonra nə cəza?

 

- AMEA prezidenti olduğu dövrdə heç üz-üzə gəlmişdiniz?

 

- Sözün açığı, Ramiz Mehdiyevlə üz-üzə də gəlmişəm, müraciət də eləmişəm. Məsələn, azərbaycanca-farsca 2 cildlik lüğətim neçə illər idi qalmışdı. Ona müraciət etdim və göstəriş verdi, Akademiyadan nəşriyyatdan pul köçürdülər, 1400 səhifəlik, iki cüldlük lüğət çap olundu. Yəni iki il idi qalmışdı, Akademiyada pul tapılmırdı, ona müraciət elədim, həll olundu.

 

- Belə görünür ona görə Mehdiyevin əleyhinə fikir bildirmək istəmirsiniz, eləmi?

 

- Mən müraciət eləmişəm, reaksiyası belə olub. Başqa nə deyim? Mən onunla başqa heç yerdə rastlaşmamışam, ayrı münasibətim olmayıb. Sözün açığı, köməkçisinə demişdim, o da çatdırandan sonra demişdi ki, həll olunsun.

 

- Hazırda həbsdə olan köməkçidən söhbət gedir?

 

- Hə. Ay sağ ol. Köməkçisini tanıyırdım, çünki yanıma gəlirdi, fars dili öyrənirdi, Akademiyaya gəlməmişdən əvvəl. Sən demə…

 

- Ramiz Mehdiyevin dövlətə xəyanət edə biləcəyi ağlınıza gəlirdi?

 

- Nə bilim, vallah. Yəqin ki, Rusiyaya bağlı idi. Ailəsi də başqa millətdən idisə...Sovet dövrünün çox adamları var idi ki, ailələri başqa millətdən olduğuna görə, Rusiyaya bağlı olublar.

 

- Əkrəm müəllim təşəkkür edirəm. Hər halda aydınlaşdı ki, siz iclasda yatmamısınız, sadəcə gözünüzü qırpan yerdə fotoobyektivə tuş gəlmisiniz...

 

- İşığı salıb üstümə, hələ sevinirəm ki, mənim şəklimi çəkir. Sən demək çəkdiklərinin içərisində gözüyumulu düşəni qoyub. (Gülür)

 

- Amma belə görünür ki, o iclasda yuxusu gələnlər çox olub.

 

- Yox e. Mənim böyrümdə heç kim yatmamışdı.

 

- İclas deyəsən, çox çəkib, eləmi?

 

- Saat 11.00-da başladı, 13.00-da qurtardı. Düz iki saat. Elə danışırdılar. Prezidentə müraciət də qəbul olundu.

 

- Belə görünür ki, elə də maraqlı iclas olmayıb, çünki yuxulu kadrlar çoxdur...

 

- Yox e, onların danışdığını biz hamımız bilirik. Hər institut bilir ki, nə iş görür. Bu, yeni bir şey deyil.

 

- Belə, üzündən “yorğunluq yağan” iclaslar çox olur?

 

- Yox. Bundan qabaq 80 illiklə bağlı iclas keçirildi, onda cənab Prezident də gəlmişdi, hamı diqqətlə qulaq asırdı. Orda da belə şeylər edə bilərdilər. Amma orda cürət edib, belə şəkillər toplamayıblar. Mənə elə gəlir ki, burada qəsdən Akademiyaya qarşı göstəriş alıblar, nəsə eləsinlər. Ya da saytların reytinqini qaldırmaqdan ötrü...Saytlar bir-birindən götürüb paylaşır.

 

- 74 yaşınız var, Allah ömür versin. Bəzən deyirlər yaşlı alimlər AMEA-ya yığılıb və s. Özünüzdə yaşın ağırlığını hiss edirsinizmi?

 

- Yanımda işçilər də var. Hal-hazırda 3-4 kitab çapa hazırlayıram. Azərbaycan tarixi ilə bağlı, Nadir şahla bağlı. Yeni Zelandiyadan yeni bir material almışam, onu işləyirəm. (Araşdırmaların detallarını açıqlayır-E.P.) Nadir şahın ermənilərlə bağlı 28 fərmanını tərcümə etmişəm, çap olunub. Nadir şahla bağlı tarixçi xanımla birgə monoqrafiya da yazmışıq. Nadir şahın Bağdad yürüşünü tədqiq etmişik.

 

- Maraqlıdır, bu qədər işləməklə gün ərzində nə qədər yatırsınız?

 

- Gündüz yatmıram. Amma gecələr 6-7 saat yatıram. Hələ bağa gedib, orda ağaclarla da məşğul oluram. (Gülür)

Tarix: 25 Fevral 2026, 21:30   
Избранный
35
pravda.az

1Источники