RU

"Gazelli Art House"da qadının təbiətlə harmoniyası haqqında "Synchrony" sərgisinin finisajı baş tutub

Bakıda "Gazelli Art House"da ekofeminist nəzəriyyəsinə əsaslanan "Synchrony" sərgisinin finisajı baş tutub.

"Report" xəbər verir ki, ekspozisiya Latviyanın Bakıdakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.

Təqdim edilən əsərlər müasir incəsənətin ifadə imkanları vasitəsilə qadın bədəni ilə təbiət arasındakı harmoniya ideyasını açır. Rəssamlar müxtəlif vizual yanaşmaların köməyi ilə ekoloji problemləri şərh edir, ekofeminist nəzəriyyədə mərkəzi yer tutan "bədən - ekosistem" əlaqəsinə yeni baxış təklif edirlər.

Sərgi təbiətin ritmlərini və insan bədəninin daxili dinamikasını birləşdirərək onların bədii məkanda necə bir-birinə qarışdığını və əks olunduğunu nümayiş etdirir.

Tədbirin açılışında Avropa İttifaqının (Aİ) Bakıdakı səfiri Mariyana Kuyundziç giriş nitqi ilə çıxış edib. O qeyd edib ki, Aİ gender bərabərliyi və ətraf mühitin mühafizəsi məsələlərinə böyük əhəmiyyət verir.

"Biz ekologiya sahəsində çox işləyirik və təbiətin qorunmasına xüsusi diqqət yetiririk. Lakin bu iki mövzunu - qadınları və təbiəti həmişə əlaqələndirmirik. Halbuki rəssamların mesajlarına diqqət yetirmək vacibdir, çünki onlar müəyyən mənada cəmiyyətdə baş verənlərin və ya baş verəcəklərin carçısına çevrilirlər", - diplomat vurğulayıb.

Latviyanın Bakıdakı səfiri Edqars Skuya öz işlərini təqdim edən bütün iştirakçılara təşəkkürünü bildirərək qaldırılan mövzuların - qadınların rolu və təbiətə qayğılı münasibətin əhəmiyyətinə diqqət çəkib.

Qeyd edək ki, "Synchrony" sərgisi dekabrın 6-da başlayıb və fevralın 28-dək davam edəcək.

Избранный
14
far.az

1Источники