RU

Tərbiyəsiz insanlar ekrana çıxır, onlara səlahiyyət verilir Xalq artistindən SƏRT SÖZLƏR

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son dövrlər televiziya məkanında baş verən sensasiyalı və qalmaqallı hadisələr cəmiyyətin diqqət mərkəzinə çevrilib. Efir məkanında səslənən mübahisəli fikirlər, etik çərçivələri aşan çıxışlar və ictimai qınaq doğuran məqamlar geniş müzakirələrə səbəb olur. Bu proseslər təkcə tamaşaçılar arasında deyil, eyni zamanda incəsənət xadimləri və media nümayəndələri arasında da narazılıq və narahatlıq yaradır.

Mövzu ilə bağlı Xalq artisti Əli Nur Redaktor.az-a danışdı:

"Mən sovet adamıyam və sovet dövründə təhsil almışam, o dövrün tərbiyəsini görmüşəm. Söhbət onda deyil. Söhbət ondan gedir ki, tərbiyəçi olmaq üçün əvvəlcə insanın özü tərbiyə almalıdır. Bu gün isə tərbiyəsiz insanlar ekrana çıxır, onlara səlahiyyət verilir. Hər bir kanal rəhbərinin ailəsi, övladları var. Televiziyanın başında duran adamın kabinetində böyük ekran var və o, bütün günü ekrana baxır. Məgər görmür ki, aparıcılar bu cəmiyyəti hara aparır? Mən illər əvvəl də bu kanallar haqqında geniş danışmışam. Deyirlər ki, biz pul qazanırıq. Pulu müxtəlif yollarla qazanmaq olar. Amma məsələ qazancda deyil, məsələ mənəviyyatdadır. Elə tərbiyəsiz insanlar var ki, onlar haqqında danışmaq belə çətindir. Məsələn, aparıcı müğənniləri, xüsusilə toy müğənnilərini efirə çağırır. Toy müğənnisinin ekranda nə işi var? Onlar toya gedib oxusunlar, öz işləri ilə məşğul olsunlar. Amma bunları ekrana çıxarıb reklam edirlər. Nəyi reklam edirlər? Soruşurlar ki, evinin qiyməti nə qədərdir? Maşını sənə kim verib? Dünən müğənni idin, bu gün sənə 150 min manatlıq maşın hədiyyə olunub. Deyir sənətimə görə veriblər. Paltarının qiyməti nə qədərdir? Ayaqqabın neçə manatdır? Bu, həyasızlıq və tərbiyəsizlik nümunəsidir. Belə insanları ekrana buraxmaq olarmı?

Müğənni çıxıb mahnı oxumalıdır, musiqidən danışmalıdır, bəstəkardan, musiqinin tarixindən, folklordan danışmalıdır. Amma səviyyəsiz söhbətlər gedir. Bir aparıcı var idi, illər əvvəl onun bu davranışını sərt tənqid etmişəm. Müğənniləri efirə çıxarıb alçaldır, onlarla qeyri-etik davranır. Təəssüf ki, bəzi müğənnilər də buna razılaşırlar. Bir dəfə vaxtilə işə götürdüyüm, indi əməkdar artist olan bir müğənni haqqında eşitdim ki, efirdə onun ünvanına xoşagəlməz sözlər deyilib. Sonradan ona dedim ki, niyə buna etiraz etmədin? Əgər susursansa, deməli, deyilənlərlə razılaşırsan. Utanmırsınız? Cəmiyyətə hörmət edin. Ailələr, uşaqlar, gənclər baxır bu verilişlərə.

Belə insanlar hələ dövlətdən fəxri ad da gözləyirlər. Nəyə görə? Sən dövlət tədbirində çıxış etmisənmi? Dövlətin himayə etdiyi xeyriyyə işində iştirak etmisənmi? Büdcəyə töhfən nədir? Bu qədər həyasızlıq haradan qaynaqlanır? Telekanalların başında duranlardan və məsuliyyətsiz aparıcılardan".

Müsahibimiz əlavə etdi ki, Azərbaycan bu gün qalib dövlətdir, böyük perspektivi var və televiziya dövlətin səsidir, güzgüsüdür, cəmiyyətin göstəricisidir:

"Siz bu dövlətin televiziyasında işləyib əxlaqsızlığı təbliğ edə bilməzsiniz. Televiziyada qız uşaqlarına nə mesaj verilir? Tez məşhur olun, bahalı hədiyyələr alın? Heç kim heç kimə təmənnasız ev, maşın vermir. Bunun arxasında maraq dayanır.

Azərbaycanda nə qədər alim, elm xadimi var. Bizim Dədə Qorquddan, Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən, Cəlil Məmmədquluzadədən gələn böyük ədəbi-mənəvi irsimiz var. Onlar haqqında danışın. Sənət adamlarını, əxlaq nümunələrini efirə çıxarın ki, cəmiyyətə dərs versinlər. Küçə səviyyəsində olan söhbətlər cəmiyyətə nə verir? Aparıcı efirdə üzüyünün, ayaqqabısının, geyiminin qiymətini danışır. Bu cəmiyyət belə formalaşmalıdır? İdeologiya estetikadır, gözəllikdir, tərbiyədir. Biz balalarımızı belə böyüdürük? Onlar oxumalı, təhsil almalı, peşə sahibi olmalıdırlar".

Əli Nur qeyd etdi ki, nüfuzlu adamlardan soruşanda yalnız AzTV-yə, İctimai kanala, Mədəniyyət kanalına baxdıqlarını deyirlər:

"Digər kanallara baxmağa ehtiyac görmürlər. Çünki səviyyə yoxdur. Məsələ budur ki, televiziya tərbiyə mənbəyi olmalıdır, yoxsa səviyyəsizlik meydanı? Mənim narahatlığım bundan ibarətdir.

Efirdə aparıcıların, bəzi məşhurların villaları, maşınları, pulları haqqında danışılır. İnsanlarda belə təəssürat yaranır ki, sanki efir maddiyyat nümayiş etdirmək üçündür. Tamaşaçı toplanır, müxtəlif insanları efirə çıxarırlar və ortaya ciddi ictimai müzakirə yox, qalmaqal xarakterli mənzərə çıxır".

Xalq artistinin sözlərinə görə, belə olan halda cəmiyyət haqqında yanlış təsəvvür formalaşır.

"Azərbaycan vaxtilə torpaqlarının bir hissəsi işğal altında olan dövlət idi. Sonradan güclü ordu quruculuğu və milli birlik nəticəsində torpaqlar geri qaytarıldı. Bu, dövlətçiliyimizin və xalqımızın vətənpərvərliyinin göstəricisidir. Şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimizin fədakarlığı böyük hörmət tələb edir. Televiziya isə bu mövzuları, vətənpərvərlik ruhunu daha geniş işıqlandırmalıdır. Eyni zamanda ölkənin daxilində ziyalı təbəqəyə də diqqət yetirilməlidir. Alimlər, tədqiqatçılar, kulturoloqlar, mədəniyyət və incəsənət xadimləri efirdə daha çox yer almalıdır. Tarixi, dünya mədəniyyətini, estetikanı dərindən bilən şəxslər cəmiyyət üçün nümunə ola bilərlər".

O, əlavə etdi ki, televiziya yalnız əyləncə yox, həm də maarifləndirmə və tərbiyə platformasıdır:

"Bəzən efirdə qarşılıqlı ittihamlar, qalmaqallar, dedi-qodular üstünlük təşkil edir. Bu isə tamaşaçıda mənfi təəssürat yaradır. Ekranın öz estetikası, öz etik çərçivəsi var. Səhnədə və efirdə danışıq mədəniyyəti qorunmalıdır. Hər söz hər yerdə işlədilməz. İctimai məkanın öz məsuliyyəti var. Əxlaq və tərbiyə həm dini, həm də elmi baxımdan mühüm anlayışlardır. Cəmiyyətin inkişafı mənəvi dəyərlərlə ölçülür. Televiziya isə bu dəyərləri qorumaq və gücləndirmək üçün vasitə olmalıdır. Tamaşaçı efirdə səviyyə, bilik, mədəniyyət görmək istəyir".

Aktyor hesab edir ki, həm də serial və proqramlarda estetik və etik çərçivələr gözlənilməlidir.

"Cəmiyyətə zidd, ailə institutuna xələl gətirən mövzular sensasiya xatirinə təqdim edilməməlidir. Azərbaycan cəmiyyəti tarixən ailə dəyərlərinə, mənəviyyata önəm verib. Nəticə olaraq, televiziya sadəcə reytinq və qazanc mənbəyi deyil. O, cəmiyyətin aynasıdır. Bu aynada mədəniyyət, bilik, vətənpərvərlik və yüksək əxlaq görünməlidir. Tamaşaçının da gözləntisi məhz budur", - deyə Əli Nur yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
redaktor.az

2Источники