RU

Xocalı: etiraf edilən soyqırım, susdurulan həqiqət ÖZƏL

"Xocalı faciəsi insanlıq tarixinin ən böyük soyqırımlarından biridir. Çox-çox təəssüf doğuran bir faktdır ki, 21-ci əsrə keçidə çox az qalmış, minilliyin dəyişdiyi bir dövrdə belə qanlı faciə baş verdi və burada mülki vətəndaşlara qarşı etnik təmizləmə həyata keçirildi. Eyni zamanda uşaqlara, qocalara və qadınlara qarşı xüsusi qəddarlıqla cinayət əməlləri törədildi". 
Bu fikirləri politoloq Turab Rzayev Olaylar.az-a açıqlamasında spyləyib: 
" Digər çox təəssüf doğuran hal isə budur ki, bu hadisə dünyada lazımi diqqəti ala bilmədi. Başqa hallarda bir neçə insanın ölümü belə böyük sensasiya doğurur, bütün dünyanın diqqət mərkəzinə çevrilir. Halbuki Xocalı soyqırımı ilə bağlı məlumatlar kifayət qədər yayılmadı və dünya ictimaiyyətində gözlənilən reaksiyanı doğurmadı. Hətta daha sonra Serj Sarkisyanın BBC-yə verdiyi müsahibədə bu soyqırımın etirafını açıq şəkildə gördük və məqsədlə bağlı açıqlamaları eşitdik. O, açıq şəkildə bildirmişdi ki, "Biz Xocalını etdik ki, azərbaycanlılar bunun oyun olmadığını görsünlər." Yəni azərbaycanlılara göstərmək istəyirdilər ki, qadınları, uşaqları, qocaları öldürə, işgəncə verə, xüsusi amansızlıqla qətl törədə bilərlər ki, qalan əhali arasında qorxu yaransın və insanlar əraziləri tərk etsinlər. Bu isə açıq şəkildə etnik təmizləmənin və soyqırımın etirafıdır. Amma çox qəribədir ki, bu nə BBC-də, nə də dünya ictimaiyyətində xüsusi rezonans doğurmadı. Açıq şəkildə soyqırımın və etnik təmizləmənin etiraf edilməsi gözlənilən diqqəti almadı. Biz sonrakı dövrlərdə İŞİD adlandırılan terror qruplaşmasının insanları yandırması, öldürməsi, vahimə yaratması, insanların kütləvi şəkildə yaşadıqları əraziləri tərk etməsinə səbəb olması kimi üsulları gördük. Eyni üsullardan 1990-cı illərdə Ermənistan ordusu, Sarkisyan, Köçaryan və digər silahlı dəstələr istifadə ediblər. Məqsəd qorxu yaratmaq, əhalini qaçqın vəziyyətinə salmaq və əraziləri boşaltmaq idi. Lakin dünya ictimaiyyəti onları terrorçu kimi tanımadı, əksinə, rəhbər şəxs kimi tanıdılar. Bu isə olduqca təəssüf doğuran haldır.
Digər bir məqam da ondan ibarətdir ki, bu soyqırımı təkcə ermənilər törətməyib. Həmin dövrdə Sovet İmperiyasının və xüsusilə Rusiyanın rolu da açıq şəkildə görünürdü. 366-cı motoatıcı alay Xocalı hadisələrində açıq şəkildə iştirak edib. Həm döyüşlərdə, həm də mülki əhaliyə qarşı törədilən vəhşiliklərdə onların iştirakı məlumdur. Bu isə məsələnin təkcə Ermənistan-Azərbaycan münaqişəsi kontekstindən çıxaraq, daha geniş siyasi çərçivəyə keçdiyini göstərir. Rusiya faktoru burada mühüm rol oynayıb. Sonradan da Ermənistanın işğal və etnik təmizləmə siyasətinə dəstək verib. Bu, yeni hal deyil. Məsələn, inquşlarla bağlı oxşar hadisələr müzakirə olunur. İnquşların Osetiyadan və mübahisəli ərazilərdən çıxarılması, yüzlərlə insanın öldürülməsi və etnik təmizləməyə məruz qalması da müəyyən dairələrin dəstəyi ilə baş verib. Bu göstərir ki, Rusiyanın xislətidir. Əgər eyni dövrdə Bakıda, Almatıda, Tiflisdə, Baltik ölkələrində oxşar proseslər baş verirdisə və müxtəlif bölgələrdə etnik qarşıdurma zəminində qanlı hadisələr törədilirdisə, bu, imperiyanın müəyyən bir siyasi xəttin mövcudluğunu göstərir. Bu məsələyə yalnız Azərbaycan kontekstində baxmaq olmaz. Bu, həm də imperiya siyasətinin sərt, qəddar və manipulyativ mahiyyətini göstərən nümunələrdən biridir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
olaylar.az

1Источники