Azərbaycan təhsil sistemində son onilliklərin ən çox müzakirə olunan termini olan "kurikulum", təəssüf ki, artıq inkişafın carçısı deyil, gənc müəllimlərin kabusuna çevrilmiş süni bir baryerin, intellektual bir tələnin adıdır. Bu sistemin tətbiq olunduğu ilk illərdəki o səmimi ruhdan bu gün əsər-əlamət qalmayıb. O dövrün pedaqoji rəhbərləri yaxşı xatırlayır: cəmi 80-100 suallıq, mahiyyəti aydın testlərlə müəllimin metodik hazırlığı yoxlanılırdı. Lakin bu gün həmin 80 suallıq şəffaf başlanğıcın yerini 80 mini ötmüş, məntiqsizlik simfoniyasını xatırladan qəliz bir test bazası tutub. Mürəkkəblik haradadırsa, kölgəli maraqlar oradadır
Bu nəhəng və mürəkkəb labirintin yaradılması heç bir pedaqoji zərurətlə izah oluna bilməz. Təhsil İnstitutunun laboratoriyalarında hazırlanan, real sinif otağının havasından uzaq olan o suallar, əslində, nəhəng bir "imtahan sənayesinin" onurğa sütununa çevrilib. Məlum həqiqətdir ki, mürəkkəblik harada varsa, orada şəffaflıq itir, proses dumanlanır. Sual nə qədər qaranlıqdırsa, o sualı "işıqlandıracaq" kursların və vəsaitlərin bazarı bir o qədər bərəkətli olur.
Burada ən rəzil məqam isə həmin "imtahan bazarının" arxasında duran fiqurlardır. İctimaiyyət arasında gəzən və ciddi narahatlıq doğuran iddialara görə, gənc müəllimləri canından bezdirən bu kursların, pullu hazırlıq mərkəzlərinin və "sehirli" kurikulum vəsaitlərinə elə Elm və Təhsil Nazirliyinin (ETN) əməkdaşları, hətta Təhsil İnstitutunun bəzi rəhbər şəxsləri yiyəlik edir. Bu, klassik bir "maraqlar toqquşması"dır: eyni adamlar həm qəliz sualları tərtib edir, həm də o sualların "açarlarını" öz pullu kurslarında və vəsaitlərində satırlar. Dövlətin təhsil siyasəti, təəssüf ki, bəzi vəzifəli şəxslərin şəxsi biznes layihəsinə çevrilib.
Dövlət büdcəsi hesabına 4 il oxuyan tələbənin, sonda dövlət məktəbinə işə düzəlmək üçün nazirlik rəsmilərinin patronajlığı altındakı repetitor mərkəzlərinə pullar tökməsi təhsil sistemimizin mənəvi iflasıdır. Ali məktəblərimizi arxaik metodlarla baş-başa qoyub, MİQ və sertifikasiya imtahanlarında "kosmik" biliklər tələb etmək, gəncləri bilərəkdən bu pullu çərxin dişliləri arasına salmaqdır.
Milli təhsilimiz bu bürokratik zəncirlərdən və "kurs biznesi" ilə məşğul olan məmurların kölgəli maraqlarından təmizlənməyincə, kurikulum sadəcə bir əzab aləti, təhsil isə bu sənayenin qurbanı olaraq qalacaqdır.
Bu gün Azərbaycan təhsilinin üzərində gəzən "kurikulum kabusu" sadəcə metodik bir uğursuzluq deyil, minlərlə gəncin gələcəyinə qəsd edən sistemli bir talandır. Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu anlamalıdır ki, təhsil islahatı kağız üzərindəki statistikalarla, yaxud məmurların şəxsi kurslarını bəsləyən "imtahan bazarı" ilə ölçülmür. Siz öyrətmədiyiniz bir şeyi soruşmaqla, gənc müəllimləri repetitorun qapısında "bilik dilənçisinə" çevirməklə təkcə onların ləyaqətini deyil, Azərbaycanın intellektual gələcəyini qurban verirsiniz.
Bu kölgəli oyunlara, "test sənayesinə" və məmur biznesinə çevrilmiş islahatlara son qoyulmalıdır! Çünki müəllimin ruhu kurikulum suallarının qaranlığında boğulan bir ölkədə, sinif otaqlarından işıq gözləmək əbəsdir. Tarix və gələcək nəsillər bu strateji xəyanəti – təhsili bir qrup imtiyazlı şəxsin qazanc mənbəyinə çevirənləri əsla bağışlamayacaq!