RU

Yekun mərhələ: Sülh sazişinin imzalanmasına gedən yol

Cənubi Qafqazda son həftələr müşahidə olunan diplomatik aktivlik Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin real şəkildə irəlilədiyini göstərir.

İki ölkə arasında etimadın bərpası regional təhlükəsizlik memarlığının əsas dayağına çevrilir və bu prosesin möhkəmlənməsi həm siyasi, həm iqtisadi, həm də humanitar baxımdan həlledici rol oynaya bilər.

Mövcud şəraitdə etimad quruculuğu addımlarının düzgün prioritetləşdirilməsi tərəflərin sülh müqaviləsinə aparan yolu daha da qısalda bilər.

Bu baxımdan sual aktuallaşır: Bakı və İrəvan hansı konkret addımları önə çəkməlidir ki, etimad tədbirləri davamlı və real nəticələr versin?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi hazırda kifayət qədər intensiv xarakter daşıyır:

"Artıq iki ölkə arasında yekun sülh sazişinin mətni qarşılıqlı şəkildə razılaşdırılıb. Həmin razılaşdırılmış mətn ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən paraflanıb".

Həmsöhbətimiz vurğulayıb ki, bu isə iki ölkə arasında etimadın bərpası və yekun sülh sazişinin imzalanması istiqamətində olduqca ciddi irəliləyiş hesab olunur: 

"Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında iqtisadi-ticarət münasibətlərinin də əsası formalaşmağa başlayıb. Hazırda Azərbaycan Ermənistanın blokadasını mərhələli şəkildə aradan qaldırır. Azərbaycanın ərazisi və nəqliyyat-kommunikasiya xətləri vasitəsilə Ermənistana, həmçinin Orta Asiya və Rusiyadan müxtəlif yüklər daşınır".

Elçin Xalidbəyli: Ermənistan Konstitusiyasını dəyişdirərək Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir

Onun sözlərinə görə, bundan əlavə, Azərbaycan artıq Ermənistana kənd təsərrüfatı məhsullarının ixracına başlayıb. Bu isə göstərir ki, iki ölkə arasında intensiv əlaqələrin qurulması prosesi inkişaf mərhələsinə qədəm qoyub.

"Bütün bu prosesin tam uğurla nəticələnməsi üçün iki əsas addım qalır. Birincisi, Ermənistan Konstitusiyasını dəyişdirərək Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməli və bunu hüquqi cəhətdən təsdiqləməlidir. Bundan sonra yekun sülh sazişinin imzalanması üçün hər hansı maneə qalmayacaq və nəticədə Azərbaycan ilə Ermənistan arasında sülh sazişi rəsmən imzalanacaq",- Elçin Xalidbəyli vurğulayıb.

Sonda müsahibimiz söyləyib ki, hazırkı mərhələ əməkdaşlıq dövrünün başlanmasına doğru irəliləyən proses kimi görünür və bu prosesin məntiqi nəticəsi iki ölkə arasında yekun sülh sazişinin imzalanması ola bilər.

Əli Hüseynov

Избранный
13
1
bakivaxti.az

2Источники