RU

“Zəngəzur Koridoru bölgədə sülh və iqtisadi tərəqqiyə böyük töhfə verəcək” - Fuat Oktay

“Türkiyə, Azərbaycan və Gürcüstan strateji baxımdan şərq ilə qərbi birləşdirən son dərəcə önəmli bir regionda yerləşir. Xüsusilə Xəzər hövzəsindən qərbə uzanan bu xətt həm enerji, həm nəqliyyat, həm də logistika baxımından böyük əhəmiyyət daşıyır”.
SİA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səfərlə bağlı yekun mətbuat konfransında səsləndirib.
O bildirib ki, bölgədə həyata keçirilən Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kimi enerji layihələri yalnız neft və qaz deyil, elektrik enerjisi sahəsində də mühüm əməkdaşlıq platforması formalaşdırıb: “Bu üç ölkə arasında əməkdaşlıq dünən olduğu kimi bu gün də son dərəcə vacibdir. Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı Gürcüstandakı təmir işlərinin tamamlanması bizi məmnun edir. İnşallah ən qısa zamanda xətt yenidən tam gücü ilə fəaliyyətə başlayacaq və yük daşımalarında yeni mərhələ açılacaq”.
Fuat Oktay xüsusilə Zəngəzur Koridoru ilə bağlı son razılaşmaların layihəni yenidən hərəkətə gətirdiyini vurğulayıb: “Bu layihə yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirmir. Eyni zamanda Türkiyə, Azərbaycan və bütövlükdə Türk dünyası arasında əlaqələri möhkəmləndirir. Layihə bölgə ölkələrinin inkişafına xidmət edəcək və sülhə ciddi töhfə verəcək”.
O qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərində paraflanmış anlaşmanın hələ rəsmi imzalanmamasına baxmayaraq, müəyyən maddələrin mərhələli şəkildə tətbiqinə başlanılıb: “Qazaxıstan və Rusiyadan gələn buğdanın daşınması, ticarət fəaliyyətinin canlanması göstərir ki, Azərbaycan tərəfi prosesə konstruktiv yanaşır. Bu, Azərbaycanın özünə inamının və bölgədə sabitlik istəklərinin göstəricisidir”.
Komitə sədri ümidvar olduğunu bildirib ki, sülh sazişi tezliklə yekun imzalanacaq və regionda davamlı sabitlik üçün yeni mərhələ başlayacaq.

Müəllif: Günel Fərzəliyeva
Избранный
9
sia.az

1Источники