RU

"Əgər ölüm hökmü ləğv olunmasaydı, onların hamısına ən ağır cəzanın verilməsini tələb edərdim" - Elman Məmmədov

1992-ci ilin 26 fevralı tariximizin ən qanlı, faciəli, unudulmaz günüdür. Həmin gün Qarabağdakı erməni separatçıları Rusiyanın Xankəndidəki 366-cı motoatıcı alayının da iştirakı ilə Xocalıda dinc əhaliyə qarşı dünyada ən ağır cinayət sayılan soyqırım cinayətini törətdilər. Bu il artıq Xocalı faciəsindən 34 il ötür. İndi Xocalı azaddır və bu rayona "Böyük Qayıdış" həyata keçirilir.

Redaktor.az-ın əməkdaşı Xocalının keçmiş icra başçısı, Qarabağ müharibəsi veteranı, deputat Elman Məmmədovla həmsöhbət olub.

- Xocalıda yaşayan biri olaraq, 34 il əvvəli necə xatırlayırsınız?

- Mən hal-hazırda Xocalıdayam. İki gündür buradayam, elimlə birlikdəyəm, evimin tikildiyi yerdəyəm.

Xocalı dörd ay mühasirə şəraitində idi və şəhərdə hər gün döyüşlər gedirdi. Bu gün - 34 il əvvəl fevralın 25-i gündüzü isə qeyri-adi dərəcədə sakit idi. Başqa günlərdən fərqli olaraq heç bir istiqamətdən atəş açılmırdı. Sanki ölüm sükutu vardı. Biz hər an hər şeyə hazır idik, çünki vəziyyətin necə olduğunu bilirdik.

Axşamçağı, təxminən saat 19:00–20:00 radələrində ətraf postlardan mənə məlumatlar gəldi ki, şəhər istiqamətinə zirehli texnika irəliləyir –Xankəndi, Daşbulaq və digər istiqamətlərdən. Artıq aydın oldu ki, mühasirə zolağı yaradılır. Bu proses təxminən üç saata yaxın davam etdi. Həmin dövrdə istifadə olunan texnikanın hamısı 366-cı motoatıcı alaya məxsus idi. Ermənilərin həmin vaxtı belə güclü hərbi texnikaları yox idi. Hamısı ruslara məxsus idi. Gecə saat 23:00-a yaxın bütün hərbi texnika növlərindən eyni vaxtda şəhərə atəş açıldı. Tanklar, zirehli maşınlar, toplar, reaktiv qurğular – mövcud olan bütün silahlar Xocalını hədəfə aldı. Bir anda şəhər alova büründü. Beləcə faciə baş verdi. Həmin gecə bir neçə saat ərzində 613 dinc sakin qətlə yetirildi. Onların 106-sı qadın, 63-ü kiçikyaşlı uşaq, 70-dən çoxu isə ahıl və xəstə insanlar idi. Silahsız, mülki əhaliyə qarşı insanlığa sığmayan vəhşilik törədildi.

Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu sözünü dedi. Düşmən darmadağın edildi. Döyüş meydanında qisasımız alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün onların ruhu şaddır ki, Azərbaycan torpaqları işğaldan azad olunub.

Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Azərbaycan artıq söz sahibi olan, güclü, beynəlxalq aləmdə nüfuz və hörmət qazanan bir dövlətə çevrilib. İnkişafımız davam edir, ölkəmiz günü-gündən güclənir, nüfuzumuz artır. Əgər bu gün biz məcburi köçkün deyiliksə, öz doğma yurd-yuvamızda yaşaya biliriksə, bu, ədalətin təntənəsidir. Haqqın və ədalətin zəfəridir. Bunu Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgəri təmin etdi.

Bu gün Azərbaycan dünyada sülhə töhfə verən, bölgədə sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində fəaliyyət göstərən bir dövlət kimi tanınır. Bu istiqamətdə də Prezidentimizin rəhbərliyi ilə yolumuzu davam etdirəcəyik.

- Hazırda Xocalıda olmağınızın bir səbəbi varmı?

- İndi 34 ildən sonra qayıdıb Xocalıma gəlmişəm, evim-eşiyimə. Allah qoysa, sabah dövlət başçımızın rəhbərliyi ilə Xocalıda möhtəşəm dövlət tədbiri olacaq. Şəhidlərimizin xatirəsinə həsr olunmuş böyük memorial abidə kompleksinin açılış mərasimi olacaq. Yəni bu, Azərbaycan dövlətinin, pezidentimizin uğurudur, qalibiyyətidir, sevincidir.

- Elman müəllim, Xocalıda cinayətlər törətmiş separatçı ermənilərə Azərbaycan məhkəməsi tərəfindən verilən cəzalarla bağlı fikirlərinizi də bilmək istərdik...

- O cəzalar haqlı və ədalətlidir. Mən bu barədə fikrimi həm məhkəmədə zərərçəkən qismində çıxış edərkən, həm də mətbuata açıqlamalarımda bildirmişəm. İndi sizin vasitənizlə də qeyd etmək istəyirəm ki, əgər Azərbaycan qanunlarında ölüm hökmü ləğv olunmasaydı, bir Azərbaycan vətəndaşı və soyqırıma məruz qalmış bir insan kimi onların hamısına ən ağır cəzanın verilməsini tələb edərdim. Çünki onlar insanlığa qarşı cinayət törədiblər körpələrə, uşaqlara və qadınlara qarşı vəhşiliklər ediblər.

Hesab edirəm ki, vaxt gələcək daha ağır cinayətlərdə adı hallanan şəxslər - Robert Köçəryan, Sarkisyan, Balasanyan, Seyran Ohanyan kimi şəxslər də Azərbaycan qanunları qarşısında cavab verəcək və layiq olduqları cəzanı alacaqlar.

Xədicə BAXIŞLI

Избранный
55
1
redaktor.az

2Источники