RU

Dörd il, bir həqiqət: İmperiyanın İFLASI

Dörd illik Rusiya-Ukrayna müharibəsinin başlıca və artıq heç vaxt dəyişməyəcək siyasi yekunu haqda maraqlı fikirlər səsləndirilir. Bildirilir ki, Ukrayna öz müstəqilliyini, suverenliyini və milli dövlətçiliyini qorumağa nail olub. Amma proseslərin necə olacağı maraq doğurur.

NOCOMMENT.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, ukraynalılar dünyada heç kimin gözləmədiyi, inanmadığı bir nəticəyə nail olaraq başlarının üstünü almış ekzistensial təhlükəni (milli identikliyə təhdid də daxil olmaqla) dəf edə bildilər:

“SSRİ-nin 100 illiyində Ukraynanı zəbt edib, təkrar eyni coğrafiyada hegemoniyasını bərpa etmək istəyən Moskvanın planları iflasa uğradı. Burnu ovulan və qan itirən Putin rejimi həm postsovet məkanında, həm də qlobal miqyasda öz nüfuzunu, təsir gücünü itirməyə başladı. NATO ilə sərhədlərinin uzunluğu bir anda 2 dəfə artdı.

Şahin Cəfərli

Dörd il əvvəl Kiyevə girməyə hazırlaşan və nəinki Ukraynanın, hətta ABŞ-nin qarşısında təslimçi və qəbulolunmaz şərtlər qoyan Putinin ambisiyaları indi “Donbasdan çıxın, müharibəni dayandıraq” şərtinə qədər kiçilib. Dörd il əvvəl “ABŞ bizim təbii sərvətlərimizə sahib olmaq istəyir” deyə təbliğat aparan Putin rejimi indi öz sərvətlərini Tramp Amerikasına təklif edərək merkantil və əxlaqi dəyərlərdən uzaq mahiyyətini bir daha ortaya qoyur”.

“Məşhur sovet şairi, dramaturqu, Nobel mükafatı laureatı İosif Brodski Rusiyanı belə təsvir etmişdi:

“Rusiya cəlladlardan və qurbanlardan ibarətdir. Orada rollar az-çox bu şəkildə bölüşdürülüb. Və cəlladlar xeyli çoxdur. Rusiya insanın inanılmaz dərəcədə və inanılmaz intensivliklə şərə qadir olduğunu göstərib…”

Bu təsvir müasir Rusiyaya da tam uyğun gəlir. Nəsli kəsilmiş tip imperializm olan bugünkü Rusiya rasional yola dönməyincə, başqalarına problem yaratsa belə, geriləyən güc olaraq tarix səhnəsindən silinməyə məhkumdur”, – politoloq yekunlaşdırıb.

Tunar
NOCOMMENT.az

Избранный
10
nocomment.az

1Источники