İlin əvvəlindən bəri ABŞ İran ətrafında vəziyyətin mümkün gərginləşməsi fonunda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına 300-dən çox hərbi təyyarə yerləşdirib.
Newscenter.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Qətərdəki Əl-Udeid Hava Bazasında, İordaniyadakı Müvəffəq Salti Hava Bazasında və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasında, eləcə də bölgəyə gələn ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Linkoln və USS Gerald R. Ford təyyarədaşıyan gəmilərində 300-dən çox hərbi təyyarə yerləşdirilib. Bölgədəki ABŞ hava qüvvələrinin əksəriyyəti 84 F-18 qırıcısı və 48 F-16 qırıcısından ibarətdir. Agentlik qeyd edir ki, bu miqdarda avadanlıqları Yaxın Şərqdə cəmləşdirmək üçün ABŞ ordusu yanvar ayından bəri təxminən 270 logistika uçuşu həyata keçirib.
Yanvar ayında Ağ Ev xəbərdarlıq etmişdi ki, Tehran danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi də əhatə edən ədalətli razılaşma əldə etməsə, güc tətbiq etməyə ciddi şəkildə hazırdır. İran hakimiyyəti isə dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirib.
Mehman