RU

Emosiyalarını gizlədən kişilər: Problemin kökü haradadır? - VİDEO

Cəmiyyətdə psixoloji dəstək alma mövzusu getdikcə daha çox müzakirə olunsa da, kişilərin terapiyaya müraciət etmə səviyyəsi hələ də aşağı olaraq qalır. Bunun arxasında isə tək bir səbəb deyil, bir-biri ilə əlaqəli bir neçə sosial və psixoloji amil dayanır. Kişilərin emosiyalarla münasibəti, onlara uşaqlıqdan aşılanan gözləntilər və problemlərlə mübarizə üsulları bu məsələdə mühüm rol oynayır.

Maraqlıdır, niyə kişilər daha az psixoloqa müraciət edir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan klinik psixoloq Elyaz Bornak bildirib ki, bunun fərqli səbəbləri var.

Onun sözlərinə görə, birinci səbəb budur ki, adətən kişilərə yüklənmiş bir rol var:

"Buna "yüklənmiş cinsi rol" deyirik. Kişilərə uşaqlıqdan deyilir ki, "sən kişisən, sən güclü olmalısan, kişi ağlamaz, kişi zəif olmaz". Bu səbəbdən bu zehniyyət kişilərdə öz emosiyalarını başa düşməkdə çətinlik yaradıb.

İkinci amil budur ki, kişilər öz emosiyalarının daha az fərqində olurlar və nə hiss etdiklərini daha az anlayırlar. Xüsusilə mənfi emosiyalarını dərk etməkdə çətinlik çəkirlər. Kişilər ağlamaq istəmir, ağlamaq hissi gəldikdə belə bundan qaçınırlar.

Üçüncü amil isə budur ki, kişilər psixoloji problemlərini həll etmək üçün daha fərqli üsullar seçirlər. Bəzən içki içir, spirtli içkilərə yönəlirlər. Bəzən evdən kənardakı müxtəlif fəaliyyətlərlə psixi problemlərini həll etməyə çalışırlar. Halbuki bunlar qısamüddətli həll yollarıdır və davamlı həll yolu deyil.

556306

Buna görə də kişilər daha az ehtiyac hiss edirlər ki, gedib kimdənsə dəstək alsınlar. Nəticədə kişilər terapiyaya çox gec müraciət edirlər və vəziyyətlər artıq dərinləşəndə, kök salanda dəstək axtarırlar.

Heç vaxt terapiya və dəstək almaq üçün gec deyil. Ancaq elə məqamlar var ki, problemi daha qısa müddətdə həll etmək mümkündür. Bəzən isə problem kök saldıqdan və sevdiklərimizə, ailəmizə ziyan vurduqdan sonra dəstək alınır ki, bu zaman proses daha uzun çəkir. Belə hallarda bəzi kişilər tez səbrini itirir, səbrli ola bilmir və seansları daha erkən dayandıra bilirlər. Buna görə də tövsiyəmiz budur ki, kişilər mütləq dəstək alsın, özünün fərqində olsun və özünə diqqət yetirsin".

Həmidə İbrahimova

Избранный
12
2
olke.az

3Источники