RU

Mehmet Emir Aksoy: Xocalıda baş verənlər heç vaxt unudulmayacaq

Bakı, 25 fevral, Səbinə Əlizadə, AZƏRTAC

Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk tarixinin ortaq yaddaşında silinməyən dərin bir yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk ekspert Mehmet Emir Aksoy bildirib.

O, qeyd edib ki, Xocalıda hədəf alınanlar hərbi qüvvələr deyil, müdafiəsiz mülki şəxslər: qadınlar, uşaqlar və qocalar olub. Beynəlxalq humanitar hüquq baxımından mülki əhalinin sistemli şəkildə hədəfə alınması müharibə hüququnun əsas prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu baxımdan Xocalı sıradan bir müharibə faciəsi deyil, mahiyyəti etibarilə soyqırımı cəhdi kimi qiymətləndirilməli olan ağır insanlıq cinayətidir. Bu yanaşma emosional deyil, tarixi və hüquqi reallığa əsaslanır.

O bildirib ki, türk tarixi böyük ağrılardan strateji şüur formalaşdırmaq təcrübəsinə malikdir və Xocalı faciəsi də bu mənada təkcə matəm yox, həm də qəflətdən ayılma nöqtəsidir. Yaddaş unutmadı. Amma bu yaddaş nifrətə yox, dövlət ağlı ilə birləşərək uzunmüddətli iradəyə çevrildi.

Ekspertin sözlərinə görə, Azərbaycan dövləti Xocalıdan çıxardığı ağır dərsi populizm və şüarlarla deyil, institusional güclənmə, hərbi modernləşmə və diplomatik dərinlik vasitəsilə cavablandırıb. “Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıq təsadüfi deyil. Bu, səbirli və ardıcıl strateji planlamanın nəticəsidir. Bu gün Bakı passiv tərəf deyil, regional prosesləri müəyyən edən aktordur”, – deyə o bildirib.

Mehmet Emir Aksoy bildirib ki, hərbi sahədə çəkindirici gücünü möhkəmləndirən, diplomatik müstəvidə balanslı mövqe tutan, enerji və nəqliyyat xətləri vasitəsilə regional inteqrasiyanı dərinləşdirən Azərbaycan bunu milli iradəni strateji gücə çevirməklə bacara bilib.

“Xocalının xatirəsi zəiflik deyil, qətiyyət formalaşdırıb” deyən ekspert vurğulayıb ki, Xocalıda baş verənlər heç vaxt unudulmayacaq: “Unutmaq tarixə və vicdana arxa çevirmək deməkdir. Amma bu yaddaş intiqam yox, ədalət və davamlı sülh tələb edir”.

Mehmet Emir Aksoy sonda vurğulayıb Azərbaycan xalqı bilməlidir: türk dünyasının vicdanında Xocalı tək deyil. Türkiyə ilə Azərbaycan arasındakı tale birliyi sadəcə siyasi bəyanat deyil, ortaq yaddaşın, ortaq ağrının və ortaq gələcəyə olan birliyin ifadəsidir.

Избранный
18
2
azertag.az

3Источники