RU

Şahbuzda bir ömrün ucalığı – şəhid leytenant Mərhəmət Həmzəyev doğum günündə anılıb

24 fevral 2026-cı il tarixində Şahbuz rayonunun Keçili kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn leytenant Mərhəmət Həmzəyevin doğum günü dərin ehtiram və minnətdarlıq hissi ilə qeyd olunub.

Tədbirdə şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon gəncləri, ağsaqqallar və ziyalılar, hərbçilər və polis əməkdaşları iştirak ediblər.

Mərasim şəhidin məzarı başında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca qəhrəman zabitin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı üzərinə tər gül dəstələri düzülüb, dualar oxunub.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi və siyasi əhəmiyyətindən söz açaraq bildiriblər ki, bu Zəfər xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və Azərbaycan zabitinin sarsılmaz ruhunun təntənəsidir. Qeyd olunub ki, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması minlərlə igid oğulun qanı və canı bahasına mümkün olub. Tədbirdə şəhid Göydağlı Ramazanın atası Əbülfət müəllim, şəhid Sadiqov Eminin anası Gülşad xanım və Vətən müharibəsində itkin düşmüş Vəlizadə İbrahim Səməd oğlunun anası Xurşud xanım çıxış edərək övladlarının Vətən yolunda göstərdiyi şücaətin hər bir Azərbaycan ailəsi üçün qürur mənbəyi olduğunu ifadə ediblər. Qeyd olunub ki, şəhid valideyni olmaq ağır dərd olsa da, bu dərdin içində müqəddəs bir ucalıq var. Onlar bildiriblər ki, torpaqlarımızın azadlığı naminə canından keçən igidlərin xatirəsi daim yaşayacaq, dövlətin və xalqın birliyi şəhidlərin ruhuna ən böyük ehtiramdır. Valideynlər Prezidentə və dövlətə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, gənc nəslin Vətənə sədaqət ruhunda yetişməsinin şəhidlərin ən böyük arzusu olduğunu vurğulayıblar.

Vurğulanıb ki, Mərhəmət Həmzəyevin həyat yolu Vətənə sədaqətin həm mənəvi, həm də hərbi-intellektual modelidir. 1997-ci il fevralın 24-də Keçili kəndində dünyaya göz açan Mərhəmət hələ məktəb illərindən hərb sənətinə maraq göstərib, təhsilini davam etdirmək üçün sənədlərini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib. Hərbi intizamı, savadı və yüksək mənəvi keyfiyyətləri ilə seçilən kursant sonradan Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq peşəkar zabit kimi formalaşıb.

Vətən müharibəsində Murovdağ istiqamətində gedən ağır və taleyüklü döyüşlərdə iştirak edən igid leytenant döyüş zamanı üç yaralı silahdaşını atəş altından çıxararaq əsl zabit nümunəsi göstərib. O, bu fədakarlıq anında düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Uzun müddət itkinlər siyahısında yer alan qəhrəman zabitin nəşi sonradan tapılaraq dekabrın 22-də doğma Keçili kəndində torpağa tapşırılıb.

Qeyd edilib ki, Mərhəmət Həmzəyev həm 44 günlük Vətən müharibəsinin, həm də Tovuz döyüşlərinin iştirakçısı olub. Göstərdiyi igidliyə görə “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunması onun döyüş yolunun dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz ifadəsidir.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Избранный
19
herbiand.az

1Источники