Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Naxçıvan, 25 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında toxumçuluq təsərrüfatlarının yaradılmasına başlanılıb. Hazırda 5 fermer toxumçuluq təsərrüfatı reyestrə daxil edilib. Bu istiqamətdə işlərin aparılmasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xüsusi dəstəyi olub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Məhəmməd Zeynalov deyib.
O qeyd edib ki, ölkə üzrə toxumçuluq təsərrüfatlarının reyestrinə daxil olmaq üçün subyektlər qarşısında bir sıra tələblər qoyulub: “Ancaq bu məsələdə muxtar respublikanın torpaq resurslarının məhdudluğu, fermerlərin maddi-texniki təminatında bir sıra çətinliklər, eləcə də regionun coğrafi mövqeyi nəzərə alınaraq xüsusi yanaşma edilib və bir sıra tələblərdə güzəştlər tətbiq olunub. Ölkədə taxıl toxumçuluğu üzrə minimum 50 hektar torpaq tələbi var. Eləcə də taxılın yığılması üçün müəyyən anbar şəraiti olmalıdır. Naxçıvanda bu tələblərə dair güzəşt tətbiq edilib. Hazırda muxtar respublikada 5 nəfər fermer toxumçuluq təsərrüfatı reyestrə daxil edilib ki, bunlardan 2 nəfəri meyvə tingçiliyi, 2 nəfəri taxıl toxumçuluğu, 1 nəfəri isə həm taxıl, həm də yonca toxumçuluğu üzrə qeydiyyata alınıb”.
Məhəmməd Zeynalovun sözlərinə görə toxumçuluq, eləcə də tingçilik təsərrüfatlarının yaradılması kənd təsərrüfatında, xüsusilə bitkiçilik sahəsində xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu təsərrüfatların yaradılması idxaldan asılılığın azaldılmasına gətirib çıxarır, həmçinin torpaq-iqlim şəraitinə uyğun yerli sortların, sağlam əkin materialının istehsalına şərait yaradır. Bu da həm əhalinin məşğulluğunun artırılmasına, həm də təsərrüfatçılıqda bir sıra müsbət nəticələrə səbəb olur. İqtisadi baxımdan fermerlər sağlam və sertifikatlı toxumlardan istifadə etdikdə bu toxumlar xəstəlik və zərərvericilərə daha davamlı olur, yoluxma riski azalır. Bununla da kimyəvi mübarizə tədbirlərinin tətbiqi azalır və ekoloji tarazlığın qorunmasına müsbət təsir göstərir. Eyni zamanda, müəyyən dövrlər üçün mövsümi iş yerlərinin açılır ki, bu da əhalinin məşğulluğunun artırılmasına öz töhfəsini verir.
"Qeyd etmək istəyirəm ki, həm toxumçuluq, həm də tingçilik təsərrüfatlarının yaradılması muxtar respublikanın kənd təsərrüfatı sahəsinə böyük töhfə verəcək"- deyə nazirliyin rəsmisi əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.