RU

Azərbaycanın sülh strategiyası və yeni geosiyasi konfiqurasiya

XXI əsrin ikinci onilliyindən etibarən beynəlxalq münasibətlər sistemi fundamental dəyişikliklərlə xarakterizə olunur: klassik unipolyar modeldən çoxmərkəzli (multipolyar) struktura keçid mərhələsi başlayır. Bu sistemdə müşahidə olunan əsas paradoks ondan ibarətdir ki, münaqişələrin həlli mexanizmləri inkişaf etsə də, davamlı sülh modellərinin formalaşması prosesi konkret çətinliklərlə müşayiət olunur.

Klassik təhlükəsizlik yanaşmaları hərbi qarşıdurmanı dayandıra bilsə də, siyasi və iqtisadi sabitlik yaratmaqda yetərli olmur. Əgər XX əsrin klassik realist yanaşmasında təhlükəsizlik əsasən hərbi güc və blok qarşıdurması, deterrensiya ilə ölçülürdüsə, müasir mərhələdə təhlükəsizlik iqtisadi sabitlik, regional əməkdaşlıq, enerji və logistika təhlükəsizliyi kimi komponentlərlə birbaşa əlaqələndirilir.

Regional təhlükəsizlik arxitekturası

Qlobal güc balansının dəyişməsi, regional münaqişələrin xarakterinin transformasiyası və təhlükəsizlik anlayışının yalnız hərbi komponentdən ibarət olmaması yeni siyasi yanaşmaların formalaşmasına səbəb olmuşdur. Bu kontekstdə postmünaqişə dövründə sülh quruculuğu məsələsi beynəlxalq münasibətlər nəzəriyyəsinin əsas problemlərindən birinə çevrilmişdir.

Ənənəvi yanaşmaların əksəriyyəti müharibənin dayandırılmasını sülhün başlanğıcı kimi qəbul etsə də, müasir təcrübə göstərir ki, davamlı sülh yalnız hüquqi legitimlik, siyasi sabitlik və iqtisadi inteqrasiya paralel şəkildə formalaşdıqda mümkündür.

Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü sülh strategiyası məhz bu üç komponentin sintezini təqdim etməklə yeni geosiyasi konfiqurasiyada sülhün alternativ modelini formalaşdırır. Həmin strategiya yalnız regional diplomatik təşəbbüs deyil, həm də yeni geosiyasi konfiqurasiyada təhlükəsizlik, suverenlik və əməkdaşlıq arasında balans yaratmağa yönəlmiş konseptual model kimi çıxış edir. Və məhz bu nöqtədə ölkəmizin sülh təşəbbüsləri həm də dərin və müfəssəl elmi təhlilin zəruriliyini önə çəkir.

Beləliklə, XXI əsrin üçüncü onilliyində beynəlxalq münasibətlər sistemində müşahidə olunan dəyişikliklər yalnız güc balansının yenidən qurulması ilə məhdudlaşmır, daha fundamental dəyişiklik təhlükəsizlik anlayışının məzmununun transformasiyası ilə bağlıdır.

“Soyuq müharibə”dən sonrakı dövrdə yaranmış bir sıra sülh modelləri – Balkanlar, Yaxın Şərq, Afrika regionlarında tətbiq olunan mexanizmlər göstərdi ki, müharibənin dayandırılması davamlı sülh üçün yetərli deyil. Münaqişənin struktur səbəbləri aradan qaldırılmadıqda sülh yalnız müvəqqəti siyasi balans kimi qalır.

Bu kontekstdə Azərbaycanın postmünaqişə mərhələsində irəli sürdüyü sülh strategiyası yalnız regional diplomatik təşəbbüs deyil, yeni geosiyasi konfiqurasiyada təhlükəsizlik, suverenlik və əməkdaşlıq arasında balans yaratmağa yönəlmiş konseptual yanaşma kimi meydana çıxır. Azərbaycanın yanaşmasının fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, sülh nəticə deyil, transformasiya prosesidir – münaqişədən əməkdaşlığa keçidin institusional mexanizmidir.

Postmünaqişə dövründə sülhün siyasi-fəlsəfi modeli: “ədalətli sülh” konsepsiyası

Tarix göstərir ki, müharibələr siyasi xəritələri dəyişir, lakin yalnız sülh gələcəyi formalaşdırır. Davamlı sülh isə güc balansının deyil, qarşılıqlı maraqların və ortaq inkişaf perspektivinin üzərində qurulduqda mümkün olur. Azərbaycanın sülh strategiyası bu baxımdan münaqişədən sonra sabitliyin necə qurula biləcəyinə dair praktiki və nəzəri təcrübə təqdim edir – sülhün son nöqtə deyil, yeni siyasi mərhələnin başlanğıcı olduğunu göstərir.

Azərbaycanın “sülh strategiyası” keysi mahiyyəti və günümüzdəki “duruşu” etibarilə ilk baxışdan sırf praktik müddəaları əhatə etsə də, bəhsi gedən məsələ daha dərin və çoxvektorludur; ilk növbədə, nəzəri-fəlsəfi istiqamətlər nəzərə alınmalıdır. Söhbət istənilən fəaliyyətin müvəffəqiyyət alqoritmi sayılan, ölkə başçısının da ifadə etdiyi kimi, kompleks elmi yanaşmadan gedir.

Sülh anlayışı siyasi fəlsəfə tarixində ənənəvi olaraq iki əsas kateqoriya daxilində izah edilmişdir. İmmanuel Kantın “əbədi sülh” ideyası sülhü hüquqi və institusional çərçivə ilə əlaqələndirirdisə, XX əsrdə Yohan Qaltunq tərəfindən irəli sürülən “negativ” və “pozitiv” sülh anlayışları bu kateqoriyanın daha geniş izahına imkan yaratmışdır. Neqativ sülh zorakılığın olmaması ilə məhdudlaşdığı halda, pozitiv sülh sosial və siyasi ədalətin, institusional sabitliyin təmin edilməsini nəzərdə tutur.

Postmünaqişə dövrünün müasir təcrübəsi bu iki yanaşmanın yetərli olmadığını göstərmişdir. Balkanlarda – Bosniya və Herseqovinada Dayton modeli, Yaxın Şərq və Afrika regionlarında əldə olunmuş bir çox razılaşmalar formal olaraq müharibəni dayandırsa da, uzunmüddətli sabitlik yaratmamışdır. Bunun əsas səbəbi sülhün hüquqi və etik legitimlikdən məhrum olmasıdır.

Bu kontekstdə “ədalətli sülh” konsepsiyası formalaşır. Ədalətli sülh mütləq qaydada:

• yalnız silahlı qarşıdurmanın dayandırılması deyil, həm də hüquqi legitimliyə əsaslanır;

• beynəlxalq hüququn fundamental prinsiplərini bərpa edir;

• münaqişənin struktur səbəblərini aradan qaldırmağa yönəlir;

• uzunmüddətli sabitliyin təmin edilməsini nəzərdə tutur.

Bu baxımdan sülh ədalət kateqoriyasından ayrılıqda mövcud ola bilməz. Ərazi bütövlüyünün və suveren hüquqların bərpası sülhün etik əsasını təşkil edir.

Azərbaycanın sülh strategiyası bu yanaşmaya uyğun olaraq sülhü kompromis deyil, hüquqi reallığın qəbul edilməsi və yeni əməkdaşlıq mərhələsinə keçid kimi təqdim edir. Bu yanaşma klassik “status-kvo sülhü” modelindən fərqli olaraq transformativ xarakter daşıyır, sülhün normativ əsasını gücləndirir və revanşizm risklərini azaldır.

Siyasi fəlsəfədə azadlıq və ədalət anlayışları çox vaxt qarşılıqlı gərginlik içində təqdim edilir. Liberal ənənədə azadlıq fərdi seçimlə əlaqələndirilirsə, kommunitar yanaşmalarda ədalət kollektiv sabitliklə əlaqələndirilir. Müasir siyasi nəzəriyyədə isə bu iki anlayışın balansı davamlı siyasi sistemin əsas şərti hesab olunur.

Postmünaqişə şəraitində bu balans daha mürəkkəb xarakter alır. Ədalət təmin edilmədən sülh legitim olmur, azadlıq perspektivi olmadan isə sülh davamlı olmur.

Azərbaycanın sülh strategiyası bu baxımdan normativ sintez təqdim edir: sülh – hüquqi ədalətin bərpası və gələcək əməkdaşlıq üçün açıq siyasi mühitin yaradılması kimi təqdim olunur. Bu yanaşma sülhü yalnız diplomatik proses deyil, siyasi-fəlsəfi konsepsiya səviyyəsinə yüksəldir. Burada sülh üç mərhələdən ibarət proses kimi çıxış edir: hüquqi bərpa (ədalət mərhələsi); təhlükəsizlik sabitliyi (siyasi mərhələ); əməkdaşlıq və inteqrasiya (azad inkişaf mərhələsi).

Beləliklə, sülh nəticə deyil, inkişaf prosesinə çevrilir.

Suverenlik və sülh: beynəlxalq münasibətlər nəzəriyyəsində Azərbaycan modeli

Müasir dövrdə Azərbaycan bir çox sahələrdə öz brendini yaratmış ölkə kimi çıxış edir: beynəlxalq tədbirlərə ev sahibliyi etmək məharəti, uğurlu iqtisadi partnyor imici, Avropanın mühüm bir coğrafiyasının etibarlı enerji təminatçısı, Cənubi Qafqazın geosiyasi ağırlıq mərkəzi və beynəlxalq münasibətlərin mühüm aktoru, ərazi bütövlüyü və suverenliyini təmin etmiş qüdrətli Silahlı Qüvvələrə malik ölkə...

Azərbaycan modeli bu baxımdan kifayət qədər cəlbedici və diqqətəlayiqdir. Belə ki, Azərbaycanın sülh strategiyasında:

• suverenlik yalnız hüquqi kateqoriya kimi deyil, həm də təhlükəsizlik və sabitliyin əsas şərti kimi qəbul edilir;

• dövlət sərhədlərinin toxunulmazlığı əsas şərt kimi irəli sürülür;

• regional əməkdaşlıq və kommunikasiyaların açılması təşviq olunur;

• iqtisadi qarşılıqlı asılılıq siyasi sabitliyin aləti kimi çıxış edir.

Bu yanaşma realizmin təhlükəsizlik prioritetlərini liberal institusionalizmin əməkdaşlıq mexanizmləri ilə birləşdirir. Beləliklə, Azərbaycan modeli suverenlik və əməkdaşlıq arasında qarşıdurma deyil, biri digərini qarşılıqlı şəkildə tamamlama münasibətini nəzərdə tutur.

Qalib tərəfin sülh təşəbbüsü fenomeninə vurğu edərkən bir arxivacib məqamın da altını cizməliyik ki, münaqişədən sonra qalib tərəfin sülh təşəbbüsü irəli sürməsi nadir hallarda baş verir. Klassik realist yanaşmada qalib tərəf təhlükəsizlik üstünlüyünü maksimum dərəcədə qorumağa çalışır və bu, çox vaxt məğlub tərəfdə revanşist meyillərin yaranmasına səbəb olur. Beynəlxalq təcrübədə oxşar yanaşmalar mövcuddur; Versal sistemi bunun ən bariz nümunəsidir. Birinci Dünya müharibəsindən sonra Almaniyaya tətbiq olunan ağır şərtlər uzunmüddətli sabitlik yaratmaq əvəzinə yeni münaqişənin sosial və siyasi əsaslarını formalaşdırdı.

Bunun əksinə olaraq II Dünya müharibəsindən sonra ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən Marşal planı, Fransa-Almaniya münasibətlərinin normallaşması, Almaniyanın Avropa iqtisadi sisteminə inteqrasiyası ərazi mübahisələrinin hüquqi həlli və qalib tərəfin təhlükəsizliyi iqtisadi əməkdaşlıq vasitəsilə təmin etməsinin bariz nümunəsinə çevrildi.

Yaponiyanın müharibədən sonrakı reinteqrasiyası da oxşar məntiq üzərində quruldu. Siyasi və iqtisadi institutların yenidən qurulması regionda sabitliyin əsasını təşkil etdi. Bu modeldə sülh cəza deyil, transformasiya vasitəsi kimi çıxış edirdi.

Azərbaycanın yanaşması da oxşar məntiq üzərində qurulmuşdur: sülh revanşizm deyil, regionun iqtisadi və siyasi transformasiyası vasitəsidir.

Ölkəmizin postmünaqişə mərhələsində irəli sürdüyü sülh gündəliyində əsas məqsəd hərbi nəticəni siyasi dominantlığa çevirmək deyil, regional sabitlik üçün yeni platforma yaratmaqdır. Bu yanaşma üç mühüm xüsusiyyətlə seçilir: qalib tərəfin sülh təşəbbüsü ilə çıxış etməsi; iqtisadi əməkdaşlığın prioritet kimi təqdim olunması; gələcək qarşıdurmanın struktur əsaslarının aradan qaldırılması.

Nəzərdən keçirilən model beynəlxalq münasibətlər nəzəriyyəsində “transformativ qalibiyyət” kimi xarakterizə edilə bilər. Yəni qələbə bir qədər əvvəl ifadə etdiyimiz kimi siyasi revanşizmə deyil, regional sabitliyin inşa edilməsinə yönəldilir. Əgər bu yanaşma institusionallaşarsa, Cənubi Qafqaz üçün yeni paradiqmanın təşəkkülünü şərtləndirə bilər – bölgə postsovet məkanında ilk dəfə olaraq münaqişədən sonra əməkdaşlıq modelinə keçən regiona çevrilə bilər. Bu isə regionun geosiyasi rolunu dəyişdirərək onu qarşıdurma zonasından tranzit və əməkdaşlıq məkanına transformasiya edə bilər.

Postmünaqişə sülh sazişlərinin hüquqi arxitekturası: Azərbaycan nümunəsi

Postmünaqişə sülh sazişlərinin davamlılığı onların hüquqi əsaslarının möhkəmliyindən asılıdır. Müasir beynəlxalq təcrübə göstərir ki, hüquqi baxımdan qeyri-müəyyən razılaşmalar uzunmüddətli sabitliyi təmin edə bilmir. Dayton sazişi, Kipr problemi və ya bəzi Afrika regionlarındakı sülh razılaşmaları nümunə kimi göstərilə bilər.

Hüquqi aydınlıq təhlükəsizlik risklərini azaldır, çünki mübahisə predmeti aradan qalxır. Bu baxımdan hüquqi arxitektura sülhün texniki elementi deyil, onun əsas dayağıdır.

Azərbaycanın təşəbbüs etdiyi sülh gündəliyində hüquqi komponent mühüm yer tutur. Bu model aşağıdakı prinsiplərə əsaslanır:

• dövlətlərin qarşılıqlı ərazi bütövlüyünün tanınması;

• sərhədlərin delimitasiya və demarkasiyası;

• gələcək ərazi iddialarından imtina;

• regional kommunikasiyaların beynəlxalq hüquq çərçivəsində açılması.

Belə bir yanaşma sülhü siyasi kompromisdən hüquqi institut səviyyəsinə yüksəldir və risklərin minimuma endirilməsinə xidmət edir. Beynəlxalq münasibətlər nəzəriyyəsində bu proses “normativ konsolidasiya” kimi xarakterizə olunur.

Sülh gündəliyindən bəhs edərkən, heç şübhəsiz, Cənubi Qafqazda regional təhlükəsizlik kompleksləri nəzəriyyəsinə toxunmadan keçmək mümkünsüzdür. Professorlar Barri Buzan və Ole Veaver tərəfindən irəli sürülmüş regional təhlükəsizlik kompleksləri nəzəriyyəsinə görə, təhlükəsizlik problemləri əsasən regional səviyyədə formalaşır və həll edilir. Xarici güclərin uzunmüddətli müdaxiləsi əksər hallarda sabitlik yaratmaqdan daha çox balansın pozulmasına səbəb olur.

Cənubi Qafqaz uzun müddət geopolitik rəqabət məkanı kimi çıxış etmişdir ki, bu da regional sabitliyin təşəkkülünü çətinləşdimişdir. Yeni geosiyasi şəraitdə isə regional aktorların məsuliyyət və təşəbbüslərinin artması müşahidə olunur. Azərbaycanın sülh təşəbbüsləri region daxilində təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına yönəlmişdir ki, bu proses də nəticə etibarilə regionun xarici təhlükəsizlik asılılığını azaltmaqla yeni regional təhlükəsizlik arxitekturasının formalaşmasına şərait yaradır.

Sülh quruculuğunda iqtisadi inteqrasiya faktoru

Müasir beynəlxalq münasibətlərdə Robert Keoheуn və Cozef Nay tərəfindən irəli sürülmüş qarşılıqlı asılılıq nəzəriyyəsinə görə iqtisadi əlaqələrin genişlənməsi münaqişə ehtimalını azaldan əsas mexanizmlərdən biri hesab olunur. Çağdaş dünyada logistika və nəqliyyat şəbəkələri siyasi sabitliyin mühüm komponentinə çevrilmişdir.

Regionda nəqliyyat dəhlizlərinin açılması iqtisadi maraqların uzlaşdırılmasına və qarşılıqlı asılılığın formalaşmasına səbəb olur ki, bu da öz növbəsində sülhün iqtisadi əsaslarını gücləndirir.

Bu gün Azərbaycanın iqtisadi əməkdaşlıq xəritəsində ən dinamik xətlər enerji siyasəti ilə bağlıdır; Bakının neft və qazını Qərbin enerji nəfəsliyinə çevirən polad borular təkcə karbohidrogen ehtiyatlarının nəqli funksiyasını daşımır, eyni zamanda, enerji diplomatiyasının üzərində dayandığı möhkəm platforma və sabitlik rəmzini ifadə edir.

Ölkəmiz enerji əməkdaşlığını regional təhlükəsizlik sisteminin mühüm elementinə çevirməyə müvəffəq olmuşdur. Enerji layihələri uzunmüddətli əməkdaşlıq bağları qurmaqla dövlətlər arasında strateji qarşılıqlı maraqlar formalaşdırır. Norveçin enerji siyasəti və Şimal dənizi əməkdaşlığı, eləcə də Xəzər regionunda enerji əməkdaşlığı bu baxımdan uğurlu nümunə hesab edilə bilər. Azərbaycanın enerji siyasəti regional əməkdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanaraq sabitlik faktoruna çevrilmişdir.

Beləliklə, sülh strategiyasından bəhs edərkən iqtisadi əməkdaşlıq amilini sülhün institusional təminatı kimi nəzərdən keçirməkdə fayda vardır. Belə ki, iqtisadi inteqrasiya yalnız iqtisadi proses deyil, həm də siyasi institutlaşmadır. Ticarət, investisiya və logistika əlaqələri dövlətləri uzunmüddətli əməkdaşlıq çərçivəsinə daxil edir, tərəflər arasında qarşılıqlı asılılıq yaradır və bununla da münaqişənin yenidən başlanması ehtimalını azaldır və nəticə etibarilə, iqtisadi sferada qarşılıqlı faydalı və münbit əməkdaşlıq sülhün davamlılığını təmin edən institusional mexanizmə çevrilir.

Azərbaycanın beynəlxalq meydanda sülh tərəfdarı kimi mövqeyi

Son illərdə Azərbaycanın beynəlxalq platformalarda çıxışları sülhün regional əməkdaşlıq vasitəsilə təmin olunması ideyasını ön cinaha çıxarmışdır. Azərbaycanın diplomatik xətti münaqişədən sonra normallaşma və əməkdaşlıq narrativinə əsaslanır.

Bu kontekstdə 2026-cı ildə Əbu-Dabidə təqdim olunan Zayed Human Fraternity Award xüsusi rəmzi əhəmiyyət daşıyır. Bu mükafat dialoq, insan həmrəyliyi və sülh təşəbbüslərinə töhfə verən liderlərə təqdim olunur və beynəlxalq səviyyədə sülhyaratma fəaliyyətinin tanınması kimi qiymətləndirilir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi onun regional və beynəlxalq səviyyədə sülh təşəbbüslərinin qəbul olunduğunu göstərən siyasi ismarışdır.

Mükafatın həm Azərbaycan, həm də Ermənistan liderlərinə təqdim olunması sülh prosesinin qarşılıqlı məsuliyyət əsasında qiymətləndirildiyini nümayiş etdirmişdir. Bu hadisə beynəlxalq diskursda Cənubi Qafqazın qarşıdurma məkanından dialoq məkanına keçidi kimi interpretasiya olunur. Bu cür beynəlxalq tanınma sülh prosesinə iki istiqamətdə təsir göstərir: sülh gündəliyinin beynəlxalq legitimliyini gücləndirir; regional aktorların əməkdaşlıq motivasiyasını artırır.

Münxen Təhlükəsizlik Konfransı kontekstində Azərbaycanın sülh diskursu

Münxen Təhlükəsizlik Konfransı müasir beynəlxalq münasibətlər sistemində yalnız siyasi müzakirə platforması deyil, həm də qlobal təhlükəsizlik narrativlərinin formalaşdığı intellektual məkandır. Burada səsləndirilən yanaşmalar çox vaxt gələcək siyasi istiqamətlərin konseptual əsaslarını müəyyən edir. Son illərdə bu platformada müşahidə olunan əsas tendensiya təhlükəsizlik anlayışının genişlənməsidir. Ənənəvi hərbi təhlükəsizlik məsələləri ilə yanaşı enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq, regional əməkdaşlıq və nəqliyyat əlaqələri təhlükəsizlik gündəliyinin ayrılmaz hissəsinə çevrilmişdir.

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındakı çıxışlarında sülh məsələsi, adətən, yalnız münaqişədən sonrakı diplomatik mərhələ kimi deyil, regional təhlükəsizlik arxitekturasının yenidən qurulması, suverenlik prinsipi, kommunikasiyaların açılması, postmünaqişə əməkdaşlığı və uzunmüddətli sabitlik modeli kimi təqdim olundu. Bu yanaşma akademik müstəvidə Azərbaycan üçün ayrıca bir “sülh strategiyası modeli”nin formalaşdığını göstərdi.

Azərbaycanın bu platformada təqdim etdiyi mövqe məhz bu transformasiya ilə üst-üstə düşür. Sülh yalnız siyasi razılaşma kimi deyil, regional iqtisadi əməkdaşlıq və qarşılıqlı asılılıq vasitəsilə təmin olunan təhlükəsizlik modeli kimi təqdim olunur.

Münxen diskursunda diqqətçəkən məqamlardan biri Azərbaycanın sülh məsələsini hərbi nəticənin davamı kimi deyil, yeni regional iqtisadi reallığın başlanğıcı kimi təqdim etməsidir. Bu yanaşma klassik postmünaqişə ritorikasından fərqlənir.

Əgər XX əsrdə qalibiyyət siyasi üstünlüyün təsdiqi kimi təqdim olunurdusa, müasir yanaşmada qalibiyyət əməkdaşlıq təşəbbüsünün başlanğıc nöqtəsinə çevrilir. Belə bir diskurs yerdəyişməsi Azərbaycanın beynəlxalq auditoriyada sülhün tərəfdarı imicini gücləndirir. Bu kontekstdə ölkəmizin mövqeyi regional təhlükəsizlik təşəbbüslərinin lokallaşması tendensiyasını gücləndirir və beynəlxalq sistemdə yeni davranış modelinin formalaşmasına töhfə verir.

Vaşinqton Sülh Platforması və Azərbaycanın yeni geosiyasi sülh arxitekturasında rolu

Prezidentin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı həm simvolik, həm də strateji məna daşıyır. Bu hadisə Azərbaycanın postmünaqişə mərhələsində yalnız regional aktor deyil, həm də qlobal sülh arxitekturasının fəal iştirakçısı kimi mövqeyini möhkəmləndirdiyini göstərir, ölkəmizin artıq regional təhlükəsizlik gündəminin obyekti deyil, eləcə də qlobal sülh diskursunun subyekti kimi çıxış etdiyini təsdiqləyir.

Bu kontekstdə Vaşinqton platforması iki səviyyədə qiymətləndirilə bilər: qlobal sülh arxitekturasının transformasiyası; Cənubi Qafqazda Ermənistan - Azərbaycan sülh müqaviləsinin institusional möhkəmləndirilməsi.

Bəs qlobal səviyyədə Sülh Şurası dünyaya nələri vəd edir? BMT-nin dünyada cərəyan edən proseslərə bəzi hallarda “dişsiz” həmlələri yaxud şüurlu sükunəti fonunda təşəkkül tapmaqda olan yeni qurumun sülh quruculuğuna real töhfəsi nədən ibarət ola bilər və bu mümkündürmü?

Öncə yeni çoxtərəfli diplomatiya platforması kimi düşünsək, Sülh Şurası klassik beynəlxalq təşkilatlardan fərqli olaraq, daha çevik və siyasi dialoqa əsaslanan mexanizm kimi formalaşa bilər. Bu o halda baş verə bilər ki, yeni qurum dövlət başçılarını, beynəlxalq təşkilatları, akademik və ekspert icmasını vahid bir platformada birləşdirməklə qlobal münaqişələrin erkən mərhələdə qarşısının alınması üçün “preventiv diplomatiya” modelinə çevrilə bilsin.

Postmünaqişə reabilitasiya modeli də aktualdır. Müasir münaqişələrdə əsas problem yalnız atəşkəs deyil, davamlı sülhün qurulmasıdır. Qarabağ müharibəsindən sonra Azərbaycanın həyata keçirdiyi reinteqrasiya siyasəti, bərpa və yenidənqurma proqramları, təhlükəsizlik və hüquqi təminat mexanizmləri qlobal səviyyədə “postmünaqişə idarəçiliyi” üçün model kimi təqdim edilə bilər.

Sülhün geosiyasi balanslaşdırma aləti kimi təşviqi də Şuranın prioritetləri sırasında yer ala bilər. Yeni dünya düzənində güc mərkəzləri arasında rəqabətin artdığı şəraitdə sülh təşəbbüsləri həm də balanslaşdırıcı mexanizm rolunu oynayır. Konkret nümunə kimi Azərbaycan həm Qoşulmama Hərəkatındakı fəaliyyəti, həm də regional vasitəçilik təşəbbüsləri ilə artıq bu istiqamətdə təcrübə formalaşdırıb.

Vaşinqtonda keçirilmiş iclasın Cənubi Qafqaz kontekstində Ermənistan - Azərbaycan sülh müqaviləsinə potensial töhfəsi bu prosesə beynəlxalq siyasi dəstəyin artması baxımından da mühüm ola bilər. Bu, Ermənistanla Azərbaycan arasında paraflanmış və ya müzakirə mərhələsində olan sənədin beynəlxalq hüquq çərçivəsində qəbulunu və siyasi zəmanət mexanizmlərinin formalaşmasını asanlaşdıra bilər.

Əgər Sülh Şurası BMT prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan vahid normativ yanaşma formalaşdırarsa, bu, Cənubi Qafqazda hüquqi qeyri-müəyyənlikləri aradan qaldıra bilər.

Vaşinqton zirvəsində iştirak həm də geosiyasi konfiqurasiyada Azərbaycanın mövqeyini bəlirləyir. Bu iştirak bir neçə strateji mesaj verir. Azərbaycan – yalnız regional münaqişə subyekti deyil, qlobal sülh təşəbbüslərinin tərəfdaşıdır; sülh müqaviləsinin təşəbbüskarı və normativ əsaslara söykənən aktor kimi çıxış edir; postmüharibə mərhələsində diplomatik fəallığını hərbi qələbənin davamı kimi qurur.

Bu kontekstdə Prezidentin sülh təşəbbüsləri, xüsusilə Cənubi Qafqazda davamlı sabitlik strategiyası, yeni geosiyasi reallığın əsas sütunlarından biri kimi təqdim oluna bilər.

Prezident Qarabağ müharibəsindən sonra yaranmış reallığı belə xarakterizə etmişdir: “İndi isə, mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar”.

Bu fikir sülh prosesinin artıq “münaqişənin idarə olunması” mərhələsindən “postmünaqişə inkişafı” mərhələsinə keçdiyini göstərir. Vaşinqtonda sülh platformasında iştirak da məhz bu yeni mərhələnin beynəlxalq legitimləşdirilməsi kimi şərh edilə bilər.

Nəticə

Azərbaycanın sülh strategiyası yeni geosiyasi konfiqurasiyada klassik postmünaqişə yanaşmalarından fərqlənən transformativ model kimi qiymətləndirilə bilər. Bu model sülhü yalnız münaqişənin dayandırılması kimi deyil, suverenlik, hüquqi legitimlik və iqtisadi inteqrasiyanın, regional təhlükəsizlik və əməkdaşlığın sintezi kimi təqdim edir.

Ölkəmizin sülh strategiyası üç səviyyədə qiymətləndirilə bilər: regional səviyyə (Cənubi Qafqazda qarşıdurma modelindən əməkdaşlıq modelinə keçid təşəbbüsü); geosiyasi səviyyə (yeni çoxmərkəzli beynəlxalq sistemdə orta gücün sabitləşdirici rolunun nümayişi) və nəzəri səviyyə (sülhün hüquqi legitimlik, iqtisadi inteqrasiya və normativ əsasların sintezi kimi təqdim edilməsi).

Beləliklə, Azərbaycanın sülh strategiyası Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verən və beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından ayrıca tədqiqat modeli kimi qiymətləndirilə bilən konseptual yanaşmadır.

Xalid NİYAZOV,
Bakı Dövlət Universiteti Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, siyasi elmlər doktoru

Избранный
60
1
xalqqazeti.az

2Источники