RU

“Qida Təhlükəsizliyi” dərsliyi layihəsi üzrə FAO ilə əməkdaşlıq məsələləri müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlığı ilə hazırlanan “Qida Təhlükəsizliyi” adlı dərslik layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri ilə onlayn görüş keçirilib.

XQ xəbər verir ki, görüşdə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin Qida Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə məsul əməkdaşı Meri Kenni, FAO ekspertləri Anna Vasilenko və Balaz Marias, FAO-nun Azərbaycan nümayəndəliyinin əməkdaşları Aynur Səidyusif və Beyrək Hacıyev, İİTKM tərəfdən icraçı direktorun müavini Ramil Hüseyn və baş məsləhətçi Günay Rəhimli, eləcə də kitabın müəllif heyətinin bir neçə üzvü iştirak ediblər.

Görüş zamanı İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn dərslik layihəsinin hazırlanma zərurəti, məqsədləri və strateji əhəmiyyəti barədə ətraflı məlumat verib. O, kitabın qida təhlükəsizliyi sahəsində mövcud boşluqlarının aradan qaldırılmasına, normativ-hüquqi çərçivənin, institusional yanaşmaların və müasir texnoloji həllərin sistemli şəkildə təqdim olunmasına xidmət etdiyini qeyd edib. Bildirilib ki, layihəyə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və digər aidiyyəti qurumlardan mütəxəssislər cəlb olunub. Ramil Hüseyn FAO-nun ekspert dəstəyinin layihənin keyfiyyətinə və beynəlxalq təcrübə ilə zənginləşdirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Görüş çərçivəsində kitabın məzmun strukturu, hədəf auditoriyası və ilkin konturları müzakirə olunub, FAO ekspertləri tərəfindən məzmunun daha da gücləndirilməsi istiqamətində rəy və təkliflər təqdim edilib. Həmçinin FAO ekspertlərinin kitabın ayrı-ayrı bölmələrinə rəy verməsi, müəllif heyəti üçün təlimlərin təşkili, eləcə də, təşkilatın mümkün dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər növbəti mərhələdə həyata keçiriləcək addımları razılaşdırıb və layihənin beynəlxalq standartlara uyğun şəkildə yekunlaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub. Vurğulanıb ki, FAO ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq dərslik ölkədə qida təhlükəsizliyi sahəsində fundamental və etibarlı mənbə kimi həm akademik, həm də praktiki səviyyədə geniş tətbiq imkanlarına malik olacaq.

Избранный
6
1
xalqqazeti.az

2Источники