RU

Prokuror 84 yaşlı qadını maşınla vuraraq öldürən sürücü ilə bağlı verdiyi protesti geri götürdü

 

 

 

 

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Rəmşad Mehdiyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, dövlət ittihamçısı ərizə ilə məhkəməyə müraciət edib.

 

O, kassasiya protestini geri götürdüyünü bildirib.

 

Qərara əsasən, kassasiya protestinə baxılmasına xitam verilib.

 

İttihama görə, hadisə 2024-cü il avqustun 9-da 16:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində qeydə alınıb.

 

Belə ki, Rəmşad Mehdiyev etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə təxminən 10-20 km/saat sürətlə hərəkətdə olub. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozan sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinədək azaltmaq və hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda zəruri tədbirləri görməyib. Nəticədə yolu sağdan sola keçən piyada, 84 yaşlı Larisa  Krisanovanı vurub. Qadın hadisədən sonra inkişaf edən septiki intoksikasiya (septisemiya) nəticəsində 30 avqust 2024-cü il tarixdə saat 12:40-da xəstəxanada vəfat edib.

 

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Rəmşad Mehdiyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Protestə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə apellyasiya protesti təmin edilməyib və Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Həmin qərardan isə dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 25 Fevral 2026, 10:08   
Избранный
20
pravda.az

1Источники