RU

Orbanın da Putinin də eyni düşməni var Sensasion MƏLUMATLAR açıqlandı KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Macarıstan rəhbərliyi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümünü Avropa İttifaqının Ukraynaya ayırmağı planlaşdırdığı 90 milyard dollarlıq krediti bloklamaqla “qeyd edib”.

KONKRET.az xəbər verir ki, ölkənin baş naziri Viktor Orban uzun illərdir xalqını inandırmağa çalışır ki, bu müharibə Macarıstana aid deyil və onun hakimiyyətdə olduğu müddətdə ölkə bu prosesdən kənarda qalacaq. Orban 2010-cu ildən bəri fasiləsiz olaraq hakimiyyətdədir.

Fevral ayının əvvəlindən etibarən Macarıstan vətəndaşlarına poçt vasitəsilə hökumətin hazırladığı “Milli petisiya” göndərilir. Sənəddə fotomontaj yer alıb: Ukrayna Prezidenti Volodymyr Zelenski əlini uzadıb, onun yanında Avropa Komissiyasının sədri Ursula von der Leyen və Avropa Xalq Partiyasının liderlərindən Manfred Veber təsvir olunub. Altında isə “Brüsselə deyək: biz ödəmirik!” yazılıb. Mətnə görə, Avropa İttifaqı Ukraynanı qəbul etmək və ona 800 milyard dollar ödəmək istəyir, bu vəsait isə guya macar pensiyaçıların, vergiödəyicilərin hesabına təmin olunacaq.

Orbanın çıxışlarında da eyni tezislər səslənir. O iddia edir ki, Avropa 2030-cu ilə qədər müharibəyə girməyə hazırlaşır və Brüssel Rusiyanı Ukrayna ərazisində məğlub etmək istəyir. Baş nazir bildirir ki, Macarıstan silah verməyəcək, vəsait ayırmayacaq və gənclərini Ukraynaya göndərməyəcək.

Siyasi müşahidəçilərin fikrincə, Orban cəmiyyətdə qorxu və panika yaratmaqla, Brüssel və Kiyevi “düşmən” kimi təqdim etməklə qarşıdan gələn parlament seçkilərində qələbə qazanmağa çalışır. Bu taktika əvvəllər də istifadə olunub. Məsələn, Suriya miqrant böhranı zamanı Orban hökuməti maliyyəçi Corc Sorosun əleyhinə kampaniya aparmış, bu isə antisemit və islamofob meyillərlə müşayiət olunmuşdu. İndi isə əsas “hədəf” Ukraynadır.

Zelenski də Orbanın mövqeyini dəfələrlə sərt tənqid edib. Davosda keçirilən Dünya İqtisadi Forumunda o bildirib ki, Avropa pulları hesabına yaşayan və eyni zamanda Avropa maraqlarını satan siyasətçilər buna görə cavab verməlidirlər. Münhen Təhlükəsizlik Konfransında isə Orbanı dolayısı ilə ittiham edərək qeyd edib ki, ukraynalılar Avropanı qoruyarkən, bəzi liderlər yalnız şəxsi rifahlarını düşünürlər.

Məqalədə vurğulanır ki, Orbanın aqressiv ritorikasının əsas səbəbi onun siyasi mövqeyinin zəifləməsidir. Rəy sorğularına görə, “Tisa” Partiyasının lideri Peter Magyar Orbanın partiyası FİDES-i təxminən 10 faiz qabaqlayır. Xüsusilə böyük şəhərlərdə, gənclər və savadlı təbəqə arasında FİDES-in nüfuzu kəskin azalıb. Konsertlərdə “Fuck Orban!” şüarlarının səsləndirilməsi artıq adi hala çevrilib.

Hakimiyyətin itirilməsi Orban üçün yalnız siyasi deyil, həm də hüquqi təhlükə yaradır. Ekspertlər hesab edirlər ki, mümkün antikorrupsiya araşdırmaları onun ailəsi və yaxın çevrəsi ilə bağlı ciddi faktları üzə çıxara bilər.

Məqalədə qeyd olunur ki, Orbanın açıq şəkildə dəstək aldığı ABŞ prezidenti Donald Tramp də Avropada populyar deyil. Tramp Avropanı Ukraynaya daha çox dəstək verməyə çağırsa da, Orban bu çağırışlara məhəl qoymur və bu da ziddiyyət yaradır.

Brüsseldə isə Budapeştin kredit blokadasına sakit yanaşılır. Çünki əvvəllər də Macarıstan oxşar addımlar atıb və sonda geri çəkilib. Avropa İttifaqı üçün Macarıstan da Ukrayna qədər vacibdir və maliyyə axınının dayanması Orban üçün ciddi problem yarada bilər.

Məqalədə diqqət çəkən digər məqam Ukraynanın Zakarpatye bölgəsində yaşayan macar icması ilə bağlıdır. Burada yaşayan minlərlə etnik macar Ukraynanın müdafiəsində fəal iştirak edir. Xüsusilə 128-ci dağ-hücum briqadası və “Madyar” ləqəbli Robert Brovdinin rəhbərlik etdiyi pilotsuz sistemlər bölməsi nümunə kimi göstərilir.

Buna baxmayaraq, 2025-ci ilin avqustunda Mukaçevo şəhərinə Rusiya raket zərbəsi endirilərkən, Orbanın susması ciddi narazılıq doğurub. Özünü bütün macarların müdafiəçisi kimi təqdim edən baş nazirin bu hadisəyə reaksiya verməməsi “səssiz, amma çox səs-küylü susqunluq” kimi dəyərləndirilib.

Yekunda müəllif vurğulayır ki, Orbanın siyasəti Putinin siyasəti ilə oxşarlıq təşkil edir: hər ikisi daxili problemləri ört-basdır etmək üçün xarici düşmən obrazı yaradır, Avropa və Ukraynanı hədəfə çevirir və cəmiyyət üzərində qorxu vasitəsilə nəzarəti saxlamağa çalışır.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
konkret.az

2Источники