RU

BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib

Sənəd 107 ölkənin səsi ilə qəbul olunub, ABŞ və bir sıra dövlətlər bitərəf qalıb...

Poliqon xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ukraynada davamlı sülhün təmin olunmasına və ölkənin suverenliyi ilə ərazi bütövlüyünün dəstəklənməsinə dair A/ES-11/L.17 saylı “Ukraynada davamlı sülhün qorunması” adlı qətnaməni qəbul edib. Sənədin lehinə 107 ölkə səs verib, 12 dövlət əleyhinə çıxış edib, 51 ölkə isə səsvermədə bitərəf qalıb.

Qətnamədə beynəlxalq ictimaiyyətin Ukraynanın suverenliyi, müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə sarsılmaz dəstəyi bir daha təsdiqlənir.

Sənəddə həmçinin Rusiya Federasiyası ilə Ukrayna arasında dərhal, tam və qeyd-şərtsiz atəşkəsin elan olunmasına, münaqişənin ədalətli və davamlı sülh yolu ilə həllinə çağırış yer alıb. Bununla yanaşı, bütün hərbi əsirlərin tam mübadiləsinin həyata keçirilməsi, qanunsuz saxlanılan şəxslərin azad edilməsi və zorla köçürülmüş və ya deportasiya olunmuş mülki şəxslərin, o cümlədən uşaqların geri qaytarılması tələb olunur.

Qətnamənin əleyhinə səs verən ölkələr sırasında Belarus, İran, Kuba, Mali, Nikaraqua, Niger, Sudan, eləcə də Burkina-Faso, Burundi, Konqo Demokratik Respublikası və Eritreya yer alıb.

Bitərəf qalan ölkələr arasında isə ABŞ, Çin, Hindistan, Braziliya, eləcə də bir sıra ərəb dövlətləri yer alıb.

Qətnamə beynəlxalq ictimaiyyətin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli, humanitar problemlərin aradan qaldırılması və regional sabitliyin bərpası istiqamətində səylərinin davam etdiyini göstərir.

Poliqon.info

Избранный
37
poliqon.info

1Источники