RU

Xocalı soyqırımı qurbanlarının xatirəsi Varşavada anılıb

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada, tarixi tatar-müsəlman qəbiristanlığının ərazisində Xocalı qurbanlarının xatirəsinə yerləşdirilmiş lövhə qarşısında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Varşavanın tatar məscidinin imamı İhsan Karaağaç soyqırımı qurbanlarının xatirəsinə dualar oxuyub, onların əziz xatirəsini ehtiramla yad edib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib. Xocalı faciəsinin silahlı münaqişələr zamanı mülki əhaliyə qarşı törədilən cinayətlərə görə siyasi və hərbi məsuliyyət məsələsini bir daha gündəmə gətirdiyini və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin vacibliyini təsdiqlədiyini bildirib. Vurğulayıb ki, cinayətlərə hüquqi qiymətinin verilməsi, təqsirkarların məsuliyyətə cəlb olunması və qurbanların xatirəsinin yaşadılması gələcəkdə belə faciələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Polşa Respublikasının müftisi və İslam Dini Birliyinin sədri Tomaş Mişkeviç Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini böyük hörmətlə yad edib, bu hadisənin bəşəriyyət üçün böyük faciə və sülhə çağırış olduğunu vurğulayıb.

Yazıçı-publisist, ssenarist və rejissor Yejı Lubax da çıxışında Azərbaycan xalqının 1992-ci ildə baş vermiş faciəli hadisələrin tarixi yaddaşda qorunmasının vacibliyini önə çəkib və həqiqətin düşmənlər tərəfindən təhrif edilməsinə qarşı mübarizənin həm azərbaycanlılar, həm də polyaklar üçün ortaq taleyə çevrildiyini diqqətə çatdırıb.

Mərasimin sonunda Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb.

Избранный
28
azerbaijan-news.az

1Источники