RU

"Pilot Residence" MTK tikdiyini sökməli oldu: Ali Məhkəmə sakinlərin iddiasını təmin etdi

"Pilot Residence" MTK tikdiyini sökməli oldu: Ali Məhkəmə sakinlərin iddiasını təmin etdi

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence" yaşayış kompleksində uzun müddətdir davam edən hüquqi mübahisə artıq başa çatıb.

Qeyd edək ki, birinci instansiya məhkəməsi dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq tikintidə ciddi qanunsuzluqların olduğunu təsbit edib. Nəticədə, MTK-dan həyətdə qeyri-qanuni şəkildə inşa olunmuş obyektlərin sökülməsi tələb olunub. Lakin “Pilot Residence” MTK bu qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Aylardır davam edən araşdırmalardan sonra Apellyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxlayıb. Ardınca MTK Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə, apellyasiya instansiyasının daha ətraflı araşdırma aparması məqsədilə işi geri qaytarıb. Bu dəfə Apellyasiya Məhkəməsi yerində baxış keçirərək, sakinlərlə birbaşa görüşüb və nəticə olaraq kompleksin həyətində layihədən kənar inşa olunmuş 4 obyektin, o cümlədən 850 m²-lik ticarət sahəsinin qanunsuz olduğunu təsdiq edib. Məhkəmə MTK qarşısında həmin tikililərin sökülməsi tələbini qoyub.

Hakimlər - Elşad Şamayevin sədrliyi, Vüqar Həsənov və Əhliman Xıdırovun üzvlüyü ilə Ali Məhkəmə də “Pilot Residence” MTK-nın apellyasiya məhkəməsinin qərarına etirazını rədd edib və Apellyasiya Məhkəməsinin əvvəlki qərarını qüvvədə saxlayıb. Yəni, kompleksin həyətində layihədən kənar inşa edilmiş ticarət obyektləri qanunsuz sayılıb və MTK-dan həmin tikililərin sökülməsi tələb olunub.

Bina sakinlərinin sözlərinə görə, bu qərar təkcə bir məhkəmə mübahisəsinin nəticəsi deyil, həm də cəmiyyət üçün verilmiş bir ədalət mesajıdır. Onlar sevinclərini saytımızla bölüşüblər:

“Uzun müddətdir səbirsizliklə yekun qələbəmizi gözləyirdik. Ali Məhkəmənin qərarı bizim üçün yalnız hüquqi deyil, həm də mənəvi zəfərdir. Ölkəmizdəki məhkəmə sisteminin obyektiv mövqeyini yüksək qiymətləndiririk. Sakinlər adından ölkəmizdə ədalətli və dürüst məhkəmə sisteminin formalaşdırılmasına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Hüququn aliliyinin təmin olunması istiqamətində atılan addımlar cəmiyyətimizdə ədalətə və dövlətə olan inamı daha da möhkəmləndirir. Bu nəticə göstərir ki, haqq və ədalət unudulmur, haqlı mübarizə mütləq nəticəsini verir. Məhkəmənin verdiyi bu qərar yalnız bir məhkəmə işini deyil, həm də bütün cəmiyyət üçün aydın ədalət mesajıdır. İnanırıq ki, qanun çərçivəsində öz hüquqlarını tələb edən hər vətəndaş sonda qalib gələcək”.

Избранный
1
4
afn.az

5Источники