RU

Neftçi nin canlı əfsanəsi: Biz pul üçün oynamırdıq

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Azərbaycan futbolunda həm oyunçu, həm də mütəxəssis kimi silinməz izlər buraxmış, özünəməxsus üslubu ilə tanınan İqor Ponomaryov anadan olduğu günü qeyd edir.

Onun adı "Neftçi" klubundakı parlaq çıxışları, SSRİ yığmasındakı oyunu və ən əsası, ardıcıl 24 penalti zərbəsini dəqiq yerinə yetirməsi ilə ölkə futbol tarixinə qızıl hərflərlə yazılıb.

İqor Ponomaryov Oxu.Az saytına verdiyi müsahibədə həm keçdiyi zəngin karyera yolundan, həm də günümüzün futbol reallıqlarından söz açıb.

Həmin müsahibəni diqqətinizə çatdırırıq:

- Sizcə, sovet dövrü futbolu ilə müasir futbolu fərqləndirən əsas cəhətlər hansılardır?

- Təbii ki, hər dövrün öz xüsusiyyətləri var və inkişaf fərqli istiqamətlərdə gedib. Sovet vaxtı komandalarda legionerlərə demək olar ki, rast gəlinmirdi - heyət əsasən yerli azərbaycanlı gənclərdən qurulurdu.

Mən "Neftçi"nin şərəfini qorumuşam və deyə bilərəm ki, o vaxt bizdə xüsusi komanda ruhu, milli mentalitet hökm sürürdü. Hazırda isə futbol qloballaşıb. Klublarda çoxsaylı əcnəbilər çıxış edir, oyunçular müxtəlif dillərdə danışır, fərqli mədəniyyətləri təmsil edirlər. Belə mühitdə vahidliyi təmin etmək xeyli çətindir.

Biz mənəvi dəyərlərə sahib idik, komandamıza, şəhərimizə və respublikamıza sadiq qalırdıq. Təəssüf ki, bu gün bu cəhətə rast gəlinmir - komanda ruhunu yenidən formalaşdırmaq lazım gəlir.

Onu da vurğulayım ki, bizim vaxtımızda futbolçular maddiyyata o qədər də bağlı deyildilər. Sırf daha yüksək məvacibə görə klub dəyişmək adi hal sayılmırdı. Biz "Neftçi"ni, Azərbaycanı təmsil etdiyimiz üçün qürur duyurduq. Birlik və sədaqət ön planda idi. Məncə, əsas fərq məhz bundadır.

Bununla yanaşı, futbol ümumilikdə inkişaf edir. Komandaların oyun tərzi dəyişib. Texniki və taktiki hazırlıq səviyyəsi yüksəlib. Əvvəllər azarkeşlər tribunada oturub statistik göstəriciləri, ötürmələri əllə sayırdısa, indi bütün bu məlumatlar texnologiyalar vasitəsilə hesablanır.

Lakin bu dövrləri birbaşa müqayisə etmək düzgün olmazdı. Keçmişin daha yaxşı olduğunu iddia etmirəm. Sadəcə, o vaxt imkanlarımız məhdud idi. İndi Amerikaya bir neçə saata çatmaq mümkündürsə, əvvəllər səfərlər günlərlə vaxt aparırdı. Şərtlər tamamilə fərqlidir.

- Ölkə futbolunun indiki inkişaf səviyyəsini necə xarakterizə edərdiniz?

- Beynəlxalq standartlarla müqayisədə, sözsüz ki, geridəyik. Bir çox ölkələr futbolda sürətli inkişaf tempinə malikdir. Biz də irəliləməliyik, lakin bu proses zaman tələb edir. Aydındır ki, uşaq və gənclər futboluna diqqət artırılmalıdır. Bu təməl olmadan böyük futbolçuların yetişməsi mümkün deyil. Görüləcək işlər hələ çoxdur və bu istiqamətdə fəaliyyəti davam etdirmək lazımdır.

- Gənc oyunçulara tövsiyəniz nə olardı?

- Məsləhətim odur ki, dayanmadan məşq etsinlər, çalışsınlar. İstedadlı gənclərimiz az deyil. Onlar böyük səy göstərirlər, bəzən hətta təhsillərini də arxa plana keçirirlər.

Çox istərdim ki, onların əziyyəti hədər getməsin, əhəmiyyətli nəticələr qazansınlar, güclü klublarda və milli komandada layiqincə çıxış etsinlər. Lakin bu, böyük fədakarlıq tələb edir. Avropadakı gənc futbolçulara baxıram - onlar özlərini tamamilə futbola həsr edirlər.

Şəxsi təcrübəmə əsaslanaraq deyim ki, uğuru yalnız artıqlaması ilə çalışanlar qazanır. Məşqçi on penalti vurmağı tapşırırsa, siz on beşini vurun. Zəhmətinizin boşa getməməsi üçün daha artığını edin. Uğurlar arzulayıram!

- Ardıcıl 24 penaltini dəqiq yerinə yetirməklə SSRİ çempionatının rekordunu yeniləmisiniz. Bu, daha çox texniki bacarıqdır, yoxsa psixoloji hazırlıq?

- SSRİ çempionatı artıq mövcud olmasa da, rekord qüvvədədir. Statistikaya əsasən, postsovet məkanında bu günə qədər heç kim bu göstəricini yeniləyə bilməyib.

Burada həlledici amilin texnika və ya psixologiya olduğunu söyləmək çətindir. Yəqin ki, hər ikisinin vəhdətidir. Hər idmançı üçün bu fərdi xarakter daşıyır. Mənim üçün də belə alındı. Tarixə bu cür düşdüyümü bilmək xoş duyğudur.

- Əgər karyeranıza indiki dövrdə başlamaq şansınız olsaydı, nələri fərqli edərdiniz?

- Gənc vaxtımda həm SSRİ daxilindən, həm də xaricdən cəlbedici təkliflər alırdım. Lakin gənclikdə seçimləri çox vaxt ürəklə edirsən və mən də belə etdim, "Neftçi"də qaldım.

Bu gün eyni futbol bacarıqlarına malik gənc İqor Ponomaryovu təsəvvür etsəm, bəlkə də qərarım fərqli olardı. İnsanların ölkələr və klublar arasında sərbəst hərəkət etdiyi müasir dünyada, yəqin ki, fərdi və komanda inkişafı üçün daha geniş perspektivlər vəd edən bir komandanı seçərdim.

Rufina Abdullayeva

Murad Nəsimi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
oxu.az

1Источники