RU

Bakı ilə Moskva arasında anlaşma əldə olunacaq? Rus politoloq Vitali Arkovla MÜSAHİBƏ

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Globalinfo.az “PolitRus” informasiya-analitik portalının rəhbəri, rus politoloq Vitali Arkovla müsahibəni təqdim edir:

– Cənab Arkov, Rusiya Jurnalistlər İttifaqının keçmiş katibi, Dövlət Dumasının sabiq deputatı İqor Aleksandroviç Yakovenko Osmanlı İmperiyası ilə Rusiya İmperiyası arasındakı mübarizənin başa çatdığını, Azərbaycanın Rusiyanın təsir dairəsindən birdəfəlik və geri dönüşü olmayan şəkildə çıxdığını bildirib. Sitat: “Azərbaycanın kimin tərəfində olduğu tam aydındır. Azərbaycan hazırda aktiv şəkildə Ukraynaya kömək edir. Azərbaycan təmamilə inteqrasiya olunub. Onun Türkiyə ilə demək olar ki, vahid ordusu var. “Bir millət, iki dövlət” formulu həqiqətən gerçəkləşir. Buna görə də Putinin Azərbaycana hansısa formada təsir göstərmək şansı yoxdur”. Bu barədə fikrinizi öyrənmək istərdim.

– Sizin sitat gətirdiyiniz şəxs 2023-cü ildə Rusiyada xarici agent kimi tanınmış, Rusiyaya və onun xalqına zərər verməyə yönələn saxta xəbərlər və böhtanlar yerləşdirdiyinə görə dəfələrlə məhkum edilib. O, çox güman ki, bunu təkcə öz təşəbbüsü ilə deyil, həm də Rusiyanın “kollektiv Qərb” adlanan ölkələrdən olan “keçmiş tərəfdaşları”nın kəşfiyyat nümayəndələrinin tapşırığı ilə edib.

Sualınızın mahiyyətinə gəlincə, Rusiya ilə Türkiyə arasındakı müharibələr, həqiqətən də, keçmişdə qalıb. Bu gün ölkələrimiz arasında müşahidə etdiyimiz fəal əməkdaşlıq bir əsr əvvəl, gənc Sovet Rusiyasının Türkiyə Cümhuriyyətinin yaradılmasını dəstəklədiyi zaman başlayıb. Bu, əsasən Vladimir Ulyanov (Lenin) və Mustafa Kamalın (Atatürk) sağlam və gələcəyə yönəlmiş düşüncəsi sayəsində baş verib.

Rusiyada Vladimir Putinin və Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident postuna gəlməsi ilə Rusiya-Türkiyə münasibətlərində yeni təkan oldu. Bu, təkcə ildən-ilə artan ticarət və iqtisadi əməkdaşlıqla deyil, həm də Suriya və İraqda beynəlxalq terrorizmə qarşı birgə, effektiv mübarizə ilə bağlıdır. Bəzi istisna təşkil edən hadisələrə baxmayaraq, Moskva ilə Ankara arasındakı qarşılıqlı əlaqə konstruktiv və məhsuldar kimi qiymətləndirilə bilər.

Azərbaycan çoxvektorlu xarici siyasətə malik suveren bir dövlətdir. Azərbaycan xalqı  tarixən və mental baxımdan Rusiya, Türkiyə və İran xalqları ilə sıx bağlıdır. Və görürük ki, Bakı Moskva, Ankara və Tehranla ən fəal şəkildə qarşılıqlı əlaqədədir. Bunu xarici agentlərin xəyalpərəst ritorikasını təkzib edən real statistika rəqəmləri sübut edir.

Tarixdə Əbülfəz Elçibəyin və hətta Ayaz Mütəllibovun hakimiyyəti dövründə Bakı ilə Moskva arasında çətin anlar yaşanıb. Lakin hörmətli Heydər Əliyevin Bakıya qalib kimi qayıtmasından sonra bu cür anlaşılmazlıqlar keçmişdə qalıb. Əminəm ki, hazırda Bakı ilə Moskva arasında ziddiyyət yaratmaq üçün manipulyasiya edilən və qızışdırılan konkret siyasi məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunacaq. Və bununla siyasətçilər Bosfor və ya Potomak sahillərində deyil, Temza sahillərində məşğul olurlar. “İngilis qadını bulayır” məcazi ifadəsi elə-belə  yaranmayıb…

– Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistan hökumətinin bu ölkənin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləməsi ilə bağlı istəyi düşünülməmiş qərardır. Ekspertlər hesab edir ki, Sergey Şoyqunun sözləri yalnız Ermənistana ünvanlansa da, eyni zamanda Azərbaycana da xəbərdarlıq mahiyyəti daşıyır. Bu, Bakının TRIPP layihəsinin icrasında maraqlı olmasının Moskvada diqqətlə izlənildiyi ilə izah olunur.  

– Kremlin xarici siyasətinin fərqli xüsusiyyətlərindən biri onun açıqsözlü olmasıdır. Moskvanın Bakıya hər hansı bir sualı varsa, ona birbaşa verəcək – ölkələrimizin rəhbərləri arasında qapalı kanallar da daxil olmaqla çoxlu ünsiyyət kanalları mövcuddur. Bildiyimiz kimi, ölkələrimizin liderləri müntəzəm olaraq zəngləşir və görüşürlər. İnanın ki, bu cür söhbətlər zamanı onlar yalnız bir-birini ürəkdən təbrik etmir, həm də aktual məsələləri müzakirə edirlər.

Buna görə də, cənab Şoyqunun sözlərində Azərbaycana qarşı gizli mesajlar və ya hətta təhdidlər axtarmaq faydasız işdir. Əgər Bakıdakı məhz bəzi şərhçilər deyilməyən nəyisə eşitmək istəyirsə, o zaman politoloqlara deyil, psixoloqlara müraciət etməlidirlər.

Vitali Arkov

– Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə Konstantin Zatulinin onun guya Azərbaycan Prezidenti İlham Əliyevdən 5 milyard dollar aldığı barədə iddialarına münasibət bildirərkən deyib ki, Ermənistan, Türkiyə və Azərbaycan arasında sülh Rusiyadakı bəzi dairələr üçün əlverişsizdir, çünki bu halda Ermənistan tam müstəqil dövlətə çevriləcək. O, Vladimir Putin, Mixail Mişustin və bir çox hökumət rəsmilərinin bu fikri bölüşmədiklərinə əminliyini ifadə edib. Paşinyanın bu fikirlərini necə şərh edərdiniz?

– Ermənistanın Baş naziri Nikol Paşinyanın və xüsusən də nəhayət ki, qanuni nikahda olan həyat yoldaşı Anna Akopyanın digər ölkələrin nümayəndələrindən maliyyə və digər təkliflər qəbul etməsi barədə şayiələr çoxdan yayılıb. Həmçinin Ermənistandan Kanada və Fransaya şübhəli mənşəli vəsaitlərin köçürülməsi ilə bağlı iddialar da var. Görünür, bu şayiələr heç də əsassız deyil. Çünki böyük biznes dairələrinə mənsub bir neçə erməni siyasətçi xanım Akopyanın fondlarına “ianə etdikləri” məbləğləri və Ermənistandakı əvvəlki parlament seçkilərindən öncə onun üçün Avropada daşınmaz əmlak obyektləri aldıqlarını ictimailəşdiriblər.

Əliyevin Paşinyana İkinci Qarabağ müharibəsində məğlub olması və Qarabağın təslim edilməsi üçün 5 milyard dollar ödəyib-ödəməməsi məsələsinə gəldikdə isə, bu sual yalnız onların ikisinə ünvanlanmalıdır. Lakin İlham Əliyevin Paşinyandan artıq qanuni olaraq Azərbaycana məxsus olanı – yəni 27 sentyabr 2020-ci il tarixinə qədər işğal edilmiş Azərbaycan torpaqlarını satın alması heç də inandırıcı deyil. Eyni zamanda, Paşinyanın ətrafındakı insanların bununla bağlı vasitəçilər yolu ilə Bakı ilə təmasa keçməyə çalışdıqları barədə məlumatlar yayılmışdı…

– Paşinyan seçkilərdən danışarkən bildirib ki, 2026-cı ildən sonra heç bir oliqarx və ya keçmiş prezidentlər siyasətə müdaxilə edə bilməyəcək, hamısı qovulacaq. Rusiyada geniş biznesi olan erməni əsilli iş adamı Artur Karapetyan partiya təsis edərək siyasi rolunu artırıb. Paşinyanı və komandasını seçkilərdə nə gözləyir? Mühafizəkar müxalifət qüvvələrinin birləşməsi real ssenariyə çevrilərsə, bu, növbəti seçkilərdə səslərin böyük hissəsini qazanmağa kifayət edəcəkmi?

– Hazırda bu mövzu Ermənistanda bu ilin iyun ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə əlaqədar media məkanında aktuallıq qazanıb. Bir tərəfdən, Ermənistanın öz daxilində seçki kampaniyasını revanşizm və Paşinyana qarşı milli maraqlara xəyanət ittihamları üzərində qurmağa çalışan qüvvələr var.

Digər tərəfdən, Paşinyanın özü və partiyası hakimiyyəti inhisara almaq istəyi ilə Nikolu “Qüdrətli”, Millətin Xilaskarı kimi təqdim edir və hansı ki, onun həmişə düşmənə ehtiyacı var.  Və əgər hazırda hər şey Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində gedirsə və Türkiyə bunu fəal şəkildə təşviq edirsə, o zaman demək olar ki, Baqramyan prospektində düşmən olaraq Rusiyanı “təyin etməkdən” yaxşı bir şey tapmayıblar. Eyni zamanda isə Ermənistan Rusiyanın paralel idxal yüklərinin tranzitində iştirak edir və Avrasiya İqtisadi Birliyinə üzvlüyündən böyük mənfəət əldə edir.

Ermənistan hakimiyyəti həmçinin Azərbaycan və Türkiyə bizneslərinin dəstəyi ilə ölkə sakinlərinin həyat səviyyəsinin kəskin şəkildə yüksəldiləcəyinə söz verir. Blokadanın qaldırılması, şübhəsiz ki, müsbət rol oynayır, lakin, erməni seçicilər artıq Paşinyanın yalnız “şirin” vədlərinə güvənməkdən bezib. O, 2018-ci ildə hakimiyyəti ələ keçirəndən bəri əksər vətəndaşların həyat keyfiyyəti yaxşılaşmamış, əksinə aşağı düşüb.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
globalinfo.az

1Источники