RU

AzMİU-nun 50 illik yubileyi münasibətilə əməkdaşlara dövlət təltifləri təqdim edilib

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə ali məktəbin əməkdaşlarına Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş yüksək dövlət təltifləri təqdim edilib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev AzMİU-nun 50 illik yubileyinin ölkənin ali təhsil tarixində mühüm hadisə olduğunu vurğulayıb. O, AzMİU məzunlarının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qazandıqları uğurlardan bəhs edib, universitetin elmi-pedaqoji potensialının Azərbaycanın insan kapitalının formalaşmasında mühüm rol oynadığını bildirib.

Nazir yüksək dövlət təltiflərinə layiq görülən əməkdaşları təbrik edib, bu yüksək qiymətləndirməyə görə təhsil ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Qeyd edib ki, AzMİU təhsil və tədqiqat sahəsində fərqlənən ali təhsil müəssisəsi kimi ölkədə mühəndislik, memarlıq və şəhərsalma istiqamətlərinin inkişafına mühüm töhfələr verir.

Sonra elm və təhsil naziri tərəfindən yüksək dövlət təltifləri sahiblərinə təqdim olunub.

Tədbirdə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova kollektivə göstərilən ali diqqət və etimada görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Rektor vurğulayıb ki, hazırda universitetin əsas hədəflərindən biri tədqiqat universiteti modelinin daha da gücləndirilməsidir. Bakalavriat təhsilində sabitlik təmin olunub, növbəti mərhələdə magistratura səviyyəsinin keyfiyyətinin daha da yüksəldilməsi, elmi tədqiqatların genişləndirilməsi prioritetlərdəndir. Rəqəmsal çağırışlar, süni intellekt və innovativ texnologiyaların tədris və tədqiqat prosesinə inteqrasiyası AzMİU-nun strateji inkişaf xəttinin mühüm istiqamətləri kimi qeyd edilib.

Избранный
16
7
azertag.az

8Источники