RU

Tərcüməçi ilə nəşriyyat arasında qalmaqal məhkəmə müstəvisində: “Bu, mənim işgüzar nüfuzumu ləkələməkdir”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Tərcüməçi Sevil Gültən (Nuriyeva) MİMTA Nəşriyyatını (“MİMTA Yayımları” MMC) məhkəməyə verib. Buna səbəb isə Sevil Gültənin tərcümə etdiyi əsərin keyfiyyəti ilə bağlı tərəflər arasında yaranmış mübahisədir.

Bizimyol.info xəbər verir ki, tərcüməçi ilə nəşriyyat, eləcə də redaktor arasındakı qalmaqal Abşeron Rayon Məhkəməsində araşdırılır.

Nəşriyyat Rey Bredberinin “Fahrenheit 451” əsərinin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini Sevil Gültənə sifariş edib. Bunun üçün xidmət haqqı 800 manat müəyyənləşdirilib. Müqaviləyə əsasən, ödənişin bir hissəsi (200 manat) avans, qalanı isə iş təhvil veriləndən sonra ödənilib. Lakin nəşriyyat redaktorun rəyini əsas götürərək, Sevil Gültənin tərcüməsini keyfiyyətsiz hesab edib.

Sevil Gültən həm nəşriyyat, həm də redaktor Mahir Qarayevlə mübahisələrdən sonra bu məsələni hüquqi müstəviyə qaldırmaq qərarına gəlib. O, “Fahrenheit 451” əsərinin tərcüməsinin keyfiyyətli və istifadə üçün yararlı nəticə kimi tanınması tələbi ilə məhkəmədə iddia qaldırıb. Tərcüməçi bu qalmaqal, mediada yayılan yazılar nəticəsində nüfuzuna zərbə dəydiyini əsas gətirərək, qarşı tərəfdən həmçinin ona dəymiş mənəvi ziyana görə 5000 min manat kompensasiya tələb edir.

Sevil Gültən deyir ki, ona verilmiş sifariş üzrə tərcüməyə başlamışdı, tələb olunan qaydada nümunə hissəni təqdim etmişdi. Bir neçə həftə sonra sifarişçi ondan tərcümə etdiyi hissəni (təxminən 40 səhifə) göndərməyi xahiş edib. O da xahişə əməl edib, tərcümə etdiyi hissəni göndərib. Tərcüməni vaxtında tamamlayaraq nəşriyyata elektron formada təhvil verib. Qarşı tərəf də tərcüməni təhvil alması ilə bağlı ödənişi edib. Bunu təsdiqləyən sübutlar da var. Lakin sonradan tərcümənin “keyfiyyətsiz”, “istifadəyə yarasız” olduğu iddia edilib. Sevil Gültənin sözlərinə görə, redaktor Mahir Qarayevin adı ilə ictimai platformada onun nüfuzuna, peşə fəaliyyətinə zərər vuran yazı yayılıb: “Mənə “keyfiyyətsiz” tərcümədən danışırlar, amma heç bir sübut ortaya qoymurlar. Redaktə düzəlişləri təqdim eləmirlər, tərcümənin qüsurları barədə konkret, yoxlanıla bilən texniki əsaslandırma yoxdur. Heç bir sübut olmadan mənim əməyimə sən necə “keyfiyyətsiz” deyə bilərsən? Bu, mənim işgüzar nüfuzumu ləkələməkdir. Kitabın orijinalında bir səhifə var. Təsəvvür edin, bir səhifədə cəmi 3 cümlə var. Bir cümlədə təxminən 97 söz var. Təkcə o cümlənin tərcüməsinə bir saat vaxt sərf etmişəm. Mən başdansovdu tərcümə etsəydim, onların iradları mənə bu qədər pis təsir etməzdi.

Guya tərcüməmdə çoxlu orfoqrafik səhv var. Belə yazmaq insafsızlıqdır. Tərcüməmdən bir səhifəni yerləşdirəydilər ki, budur, baxın, eyni söz müxtəlif yerlərdə fərqli yazılıb. Əvvəldə işlənən xitabdan sonra vergül qoymuşam. Ortada işlənəndə hər iki tərəfində. Obrazların adları Monteq və Faberdir. Gah Monteq, gah Manteq, yaxud Fiber yazsam, onlar deyən olardı. Adları hər yerdə düz yazmışam. Təsadüfən gözümdən nəsə yayına bilər. Korrektor bəs nə üçündür? “Ki” bağlayıcısından sonra vergül qoymuşam, “ki” ədatından sonra vergül qoymamışam. “Da”, “də “ bağlayıcılarını düz işlətmişəm. Orjinalda harda kursivlə yazılıbsa, mən də kursivlə yazmışam. Orijinalda eyni şəxs eyni cümləni dəfələrlə təkrar edir. Mən də həmin cümləni fərqli formada yazmamışam. Əlbəttə, bəzi yerlərdə vergül qoymağı unuda bilərəm. Buna görə tərcüməni keyfiyyətsiz hesab edirlər?”

MİMTA Nəşriyyatı isə tərcüməçinin iddiasını qəbul etmir. Nəşriyyatın direktoru Əsəd Süleymanov məhkəməyə etiraz məktubunda Sevil Gültənin söylədiklərini “əsassız şər-böhtan” adlandırıb. İddia olunur ki, tərcüməçi müqavilənin şərtlərini kobud şəkildə pozub, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyib.

Həmçinin tərcümə olunan əsərin nəşriyyatın üslub və keyfiyyət tələblərinə, əsərin müəllifinin agenti ilə bağlanmış müqavilə şərtlərinə uyğun olmadığı, orijinaldan tam fərqləndiyi, redaktə işinin aparılmasının mümkünsüz olduğu iddia edilir.

Qeyd olunub ki, bütün bu səbəblər əsas gətirilərək, sıfırdan başqa bir tərcüməçiyə müraciət ediləcəyi Sevil Gültənə açıq şəkildə bildirilib. O isə razılaşmayıb: “Üzrxahlıq etmədən özünə haqq qazandırıb, yenidən əməkdaşlıq təklif etmək, qüsurların aradan qaldırılmasına cəhd etmək əvəzinə, tərcüməsinə əlavə şərhlər göndərməyə başlayıb. “Facebook” sosial şəbəkə platforması və “kulis.az” media portalı vasitəsilə məsələni ictimailəşdirib, mənim və baş redaktorun ünvanına etik normalardan kənar ifadələr və müxtəlif səpkili əsassız ittihamlar səsləndirib. Məxfiçiliyi ciddi şəkildə pozaraq kitab çap olunmadan ondan paylaşımlar etməyə başlayıb”.

Sevil Gültən isə işin keyfiyyətsizliyi barədə iddiaları qəbul etmədiyi kimi, tərcüməni paylaşması barədə deyilənlərlə də razılaşmır. O bildirir ki, tərcüməni təhvil verəndən sonra naşirlə danışıb, bu kitab haqda “Facebook”da yazacağını demişdi: “Demişdim ki, bir neçə abzas yerləşdirəcəm. Razılıq verdi. Demişdim ki, kitabın satılmasına da kömək edəcəm. Demişdi ki, mənə 20 faiz endirimlə verəcəklər, satsam, özümə də pul qalacaq. Daha sonra onlar tərcüməmi zay hesab etdilər, qəbul etmədilər. Mən də məcbur oldum beş-altı səhifə paylaşım, dostların fikrini öyrənim”.

Tərcüməçi ilə nəşriyyat arasında məhkəmə prosesi davam edir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
bizimyol.info

1Источники