RU

"Şəfa"dan xal alan komandalar nəticəni qələbə kimi bayram edirlər" - Tərlan Quliyev

1-ci Liqanın lideri "Şəfa" 16-cı tur çərçivəsində sabah "Difai"nin qonağı olacaq. Bakı təmsilçisinin təcrübəli müdafiəçisi və kapitanı Tərlan Quliyevlə əlaqə saxlayıb son 3 çempionat qarşılaşmasını heç-heçə ilə başa vurmalarına münasibət öyrəndik və "fədailər"lə görüşdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çempionat gərgin və maraqlı mübarizə gedir. Hər oyuna qələbə üçün çıxırıq. Yalnız son oyunun - "Mingəçevir"lə qarşılaşmanın ikinci hissəsini çıxmaq şərti ilə qalan bütün görüşlər bizim üstünlüyümüz şəraitində keçib. Fasilədən sonra "Baku Sportinq" və "Səbail"lə matçlarda da bir neçə qol epizodundan yararlana bilməmişik. Builki üç oyuna baxsaq, verilməyən penaltilərimizi də yada salmalıyıq. Elə epizodlarda penalti təyin etməmək fiaskodur, biabırçılıqdır. İstənilən halda, lider mövqeyindəyik. Çempionatda məğlub olmamışıq. 

"Difai" ilə səfər matçına yalnız qələbə üçün yollanırıq. Asan olmayacağını bilirik. Fasilədə onlarla yoxlama oyununa da keçirmişik. Yaxşı kollektivdir. Rəqiblər Premyer Liqada "Qarabağ"a qarşı necə bütün gücləri, ikiqat motivasiya ilə mübarizə aparırlarsa, Birinci Liqada da bizə qarşı elə oynayırlar. "Şəfa"dan xal alan komandalar nəticəni qələbə kimi bayram edirlər. Bu bizim uğurumuzdur. Yəni ardıcıl heç-heçələri böyütməyə dəyməz. Komandada ab-hava yüksək səviyyədədir. Özümüzə inanırıq. Hədəf qarşıdakı matçda "Difai" üzərində qələbə qazanmaq və yolumuza davam etməkdir. Məncə, mübarizə apardığımız çempionatda bütün rəqiblərdən güclüyük və lider mövqeyində olmağa layiqik. 

Hakimlərdən danışmaq istəmirəm. Amma elə epizodlar var ki... Məsələn, "Mingəçevir"lə görüşün 37-ci dəqiqəsində rəqib futbolçuya ikinci sarı vərəqə verilsəydi, görüş tam fərqli ssenari ilə davam edəcəkdi. Birinci Liqada səhvlərə yol verən hakimlərin sonradan Premyer Liqada matçlara təyinat almaları ən böyük rəzalətdir".

Qeyd edək ki, Ağsu şəhər stadionunda keçiriləcək "Difa" - "Şəfa" matçının start fiti 15:00-da səsləndiriləcək. 

Toğrul  

Избранный
8
1
fanat.az

2Источники