RU

Barıt çəlləyində səhər yeməyi: 2026-nın qlobal "səhnəsi"



Hər səhər telefonun ekranını açanda elə bilirəm ki, bəşəriyyətin yazdığı ən absurd və ən qanlı ssenarinin növbəti seriyasına baxıram. Artıq dünya o köhnə, proqnozlaşdırıla bilən dünya deyil. İndi biz "sabah nə olacaq?" yox, "görəsən bu gün harada partlayış oldu, hansı milyarderin gizli siyahısı sızdı?" sualları ilə oyanırıq. Bir tarix müəllimi kimi şagirdlərimə həmişə keçmişin böyük dərslərindən danışmışam, amma 2026-cı il bizə göstərir ki, tarix artıq dərsliklərdə yox, birbaşa rəqəmsal ekranlarda, qanlı səngərlərdə və qaranlıq ada siyahılarında yazılır.

Müasir insan artıq sadəcə "məlumat" istəmir, o, bu xaosun içində bir məntiq axtarır. Çünki siyasət təkcə paytaxtların qapalı kabinetlərindən çıxıb, hər birimizin mutfağına, cibinə və sinirlərinə daxil olub. İnsanlar narahatdır, çünki görürlər ki, artıq heç bir okean, heç bir sərhəd və ya heç bir neytrallıq statusu sizi bu qlobal fırtınadan qorumur. Biz elə bir dövrə qədəm qoymuşuq ki, silahlar daha öldürücü, "oyunçular" daha amansız, yalanlar isə həqiqətdən daha cazibədardır.



Ukrayna çöllərində davam edən bu qanlı epopeya artıq sadəcə iki ordunun toqquşması deyil, bəşəriyyətin yeni müharibə modelinin sınaq meydanıdır. Bir tarixçi kimi baxanda görürəm ki, biz 1914-cü ilin səngər müharibəsi ilə 21-ci əsrin kosmik texnologiyalarının qəribə, bir o qədər də dəhşətli sintezini yaşayırıq. 2026-cı ilin reallığı artıq bizə onu diktə edir ki, qələbə təkcə əsgərin şücaəti ilə deyil, həm də süni intellektin hesablama sürəti və dronların dəqiqliyi ilə ölçülür. Cəbhə xətti bir növ geosiyasi dalana dirənib; Rusiya öz resurslarının nəhəngliyi ilə "əzib keçmək", Ukrayna isə Qərbin texnoloji dəstəyi ilə "yıxılmamaq" savaşı verir. Lakin bu müharibənin görünməyən tərəfi hər iki cəmiyyətdə baş verən dərin iqtisadi və mənəvi aşınmadır.

Bu xaosun ortasında okeanın o tayından, Vaşinqtondan boylanan Donald Tramp faktoru isə bütün oyun qaydalarını kökündən dəyişir. Trampın manevrləri klassik diplomatiyadan tamamilə uzaqdır; o, dünyaya bir siyasətçi kimi deyil, bir "sövdələşmə ustası" kimi baxır. Onun üçün Ukraynadakı hər dollar ABŞ vergi ödəyicisinin cibindən çıxan və geri dönüşü olmayan bir xərcdir. Trampın "sülhü 24 saata bərpa edəcəyəm" ritorikası əslində tərəflərə ünvanlanmış kəskin bir ultimatumdur. O, maliyyə kranlarını sıxmaqla Kiyevi, sanksiyaların ağırlığı və hərbi eskalasiya qorxusu ilə Moskvanı eyni masa arxasına oturmağa məcbur etmək istəyir. Onun ssenarisi çox güman ki, ərazilərin faktiki status-kvosunun dondurulması və Ukraynanın NATO-ya üzvlüyünün qeyri-müəyyən müddətə təxirə salınması qarşılığında əldə edilən "yarımçıq sülh" modelidir.

Tarix təkrardan ibarətdir və görünən odur ki, biz 2026-cı ilin sonuna doğru bir "Koreya variantı" ilə üz-üzə qalacağıq. Bu, rəsmi sülh müqaviləsi olmadan, sadəcə atəşkəs xətti ilə ayrılmış iki düşmən tərəfin, yeni bir "Dəmir Pərdə"nin yaranması deməkdir. Ukraynanın nəzarətində qalan hissə Qərbin hərbi qalasına çevriləcək, Rusiya isə işğal etdiyi əraziləri özü üçün bir təhlükəsizlik səddi kimi saxlayacaq. Bir publisist kimi deyə bilərəm ki, bu nəticə nə Ukraynanın ərazi bütövlüyü həsrətini bitirəcək, nə də Rusiyanın imperiya ambisiyalarını tam təmin edəcək. Bu, sadəcə tərəflərə zorla qəbul etdirilən "soyuq mənəviyyat" ssenarisidir. Lakin bir tarixçi olaraq onu da yaxşı bilirəm ki, dondurulmuş hər bir münaqişə gələcəyin ən böyük yanğınına namizəddir və dünya bu "sükut"un əvəzini hələ çox ağır ödəyə bilər.

Yaxın Şərqin Qaynar Qazanı

Bütün bu qlobal fırtınaların, çökən mənəviyyatların və yenidən cızılan xəritələrin fonunda bir həqiqət gün kimi aydındır: biz elə bir zamana gəlmişik ki, artıq heç kimin kənarda qalıb seyrçi olmaq lüksü yoxdur. 2026-cı ilin bu qaynar mənzərəsi – Ukraynadakı texnoloji səngərlər, Yaxın Şərqdəki "isti" şahmat gedişləri və Epşteyn adasından kralların həbsxana küncünədək uzanan mənəvi iflası – bizə bir tarixçi kimi tək bir dərsi xatırladır: dövlətləri ayaqda saxlayan təkcə onların ordusu deyil, həm də mənəvi sütunları və strateji ağlıdır. Şahzadələrin həbs olunduğu, "toxunulmazlıq" zirehlərinin parça-parça edildiyi bir dünyada əsl güc artıq rütbələrdə yox, ədalətə və xalqın etimadına söykənən iradədədir.

Bu qlobal xaosun mərkəzində Azərbaycanın tutduğu mövqe isə təkcə bir uğur deyil, həm də böyük bir müdriklik nümunəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uzaqgörən balans siyasəti, ölkəmizi bu nəhəng dalğaların içində sarsılmadan saxlayan bir løvər rolunu oynayır. Dünyanın enerji və ticarət yollarının "infarkt" keçirdiyi bir vaxtda, bizim Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrlə bəşəriyyətin yeni "nəfəs borusuna" çevrilməyimiz təsadüf deyil. Bu, tarixin gedişatını düzgün oxumağın və milli maraqları qlobal oyunların amansızlığından qorumağın qələbəsidir. Biz bu gün böyük dövlətlərin hesablaşdığı, xırda dövlətlərin isə "udulduğu" bir arenada öz sözünü diktə edən bir sabitlik adasıyıq.

Bir sözlə, bəşəriyyət böyük bir qaranlıqdan keçir, amma bu qaranlığın sonunda mütləq bir aydınlıq var. İnsanın xisləti min illərdir dəyişməyib: hələ də güc uğrunda müharibələr gedir, hələ də nəfs mənəviyyatı üstələyir. Lakin tarix həm də onu göstərir ki, xalqın birliyinə, dövlətin uzaqgörənliyinə və şəxsi ləyaqətə söykənən hər bir sistem bu tufanlardan daha da güclənərək çıxır. 2026-cı il bizim üçün sadəcə sınaq ili deyil, həm də regionun lideri və dünyanın etibarlı tərəfdaşı kimi öz imzamızı tarixin növbəti səhifəsinə qızıl hərflərlə yazmaq dövrüdür.

Şəmsi Qoca




Избранный
14
aia.az

1Источники