RU

Amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb

Bakı, 24 fevral, Günel Türksoy, foto İlkin Cavanşirov, video Ələkbər Baxşiyev, AZƏRTAC

Fevralın 19-na olan məlumata əsasən, amnistiya aktı ümumilikdə 18 min 355 nəfərə şamil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda keçirilən "Açıq qapı" günündə “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda məlumat verib.

Bildirilib ki, onlardan 5 638 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunanlar, 572-si Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, qadınlar, əlillər və 18 yaşına çatmayanlardır.

Həmçinin böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş 96 şəxsə amnistiya aktı şamil edilib.

Bununla yanaşı, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər 1081, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər 3386, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər 503 nəfər təşkil edib.

Digər cəzalardan azad edilənlərin sayı isə 9215 nəfərdir. Onların arasında intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər 9, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslər 7703, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxslər 146, islah işləri cəzasına məhkum olunmuş şəxslər 685, ictimai işlər cəzasına məhkum edilmiş şəxslər 68, cərimə cəzasına məhkum olunmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, habelə 3000 manatadək cərimə cəzası təyin edilən şəxslər 604 nəfərdir.

Həmçinin şərti tətbiq olunmuş cəzalardan azad edilənlərin sayı 878 nəfər təşkil edib. Onların arasında şərti məhkum olunanlar, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlar 826, digər cəzalara şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlar 52 nəfərdir.

Cəzaları 6 ay azaldılanların sayı isə 1537 nəfərdir. Bunların arasında az ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər 1371, ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə 5 ildən artıq müddətə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər 166 nəfərdir.

Cinayət məsuliyyətindən azad edilənlər 1087 nəfər təşkil edib. Onların arasında ibtidai istintaq və təhqiqat orqanları tərəfindən 795, məhkəmələr tərəfindən 292 nəfərə amnistiya aktı tətbiq olunub.

 

Избранный
2
3
azertag.az

4Источники