2025-ci ildə sənaye zonalarında istehsal olunmuş ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinə və qarşıda duran vəzifələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun da 1,2 milyard manatı ixracın payına düşüb: "Ötən illə müqayisədə istehsal 21,1%, ixrac isə 13,4% artıb. Bu gün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur".
"Bütün bunların nəticəsi olaraq, ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1%, qeyri-neft ixracında isə 33,9% təşkil edib. Bu göstəricilər sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir", - deyə o, bildirib.