RU

Şimal cərəyanından gələn siqnallar

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi hərbi-siyasi nəticələr regionda qüvvələr balansını əsaslı şəkildə dəyişdirdi. Dəyişikliklər bütövlükdə Cənubi Qafqazda formalaşmış təsir mexanizmlərinin yenidən qurulmasına gətirib çıxardı. Xüsusilə şimal istiqamətində mövcud olan ənənəvi geosiyasi nəzarət arxitekturası ciddi şəkildə sarsıldı.

Şimal vektorunda strateji diskomfortun dərin geosiyasi mahiyyəti Azərbaycanın postmüharibə mərhələsində həyata keçirdiyi siyasətin miqyası ilə birbaşa bağlıdır. Fundamental səviyyədə Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş geosiyasi nəzarət fəlsəfəsi transformasiyaya uğrayıb. Uzun müddət region “idarə olunan qeyri-sabitlik” modeli üzərində saxlanılırdı: münaqişə tam həll olunmur, təhlükəsizlik boşluğu qalır, vasitəçilik institutu isə, faktiki olaraq, təsir alətinə çevrilirdi.

Azərbaycanın suverenliyini tam bərpa etməsi və separatizmi aradan qaldırması bu mexanizmi funksional baxımdan sıradan çıxardı. Münaqişə faktorundan təsir vasitəsi kimi istifadə imkanı zəiflədi və nəticədə region üzərində qurulmuş nəzarət modeli əvvəlki effektivliyini itirdi. Maraqlar dəyişmədi, təsir alətlərinin xarakteri dəyişdi.

Əvvəlki mərhələdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturası asılılıq prinsipi üzərində qurulmuşdu. Region ölkələrinin təhlükəsizlik təminatı müəyyən mərkəzlərdən keçirdi və bu, onların xarici siyasət manevr imkanlarını məhdudlaşdırırdı. Post-2020 mərhələsində Azərbaycan bu modeli diversifikasiya etdi. Proses çoxvektorlu balans siyasətinin institusionallaşmasıdır. Bakı eyni vaxtda müxtəlif güc mərkəzləri ilə işləməklə qərar qəbuletmə prosesində suverenliyi prioritet saxladı və klassik “təsir zonası” anlayışını faktiki olaraq sarsıtdı. Geoiqtisadi transformasiya bu prosesi daha da dərinləşdirir. Azərbaycanın Orta Dəhliz strategiyası və Zəngəzur bağlantısı təşəbbüsü Cənubi Qafqazı təhlükəsizlik periferiyasından qlobal logistika xəritəsinin əsas xəttinə çıxarır. Region artıq enerji və nəqliyyat təhlükəsizliyinin mühüm halqası kimi təqdim olunur. Hərbi-siyasi təzyiqin yerini iqtisadi və informasiya müstəvisində rəqabət tutur; tranzit marşrutları ətrafında ritorikanın kəskinləşməsi və alternativ layihələrin təşviqi geoiqtisadi mübarizənin elementlərinə çevrilir.

Strateji diskomfortun ən operativ təzahürü isə informasiya sahəsində özünü göstərir. Azərbaycanın təşəbbüskar aktora çevrilməsi bəzi dairələr tərəfindən “status-kvonun pozulması” kimi təqdim edilir və bu, beynəlxalq auditoriyada legitimlik mübahisəsi yaratmağa yönəlir. Narrativlərin toqquşması vasitəsilə regional liderlik imici balanslaşdırılmağa, daxili ictimai sabitlik test edilməyə və təşəbbüslərin beynəlxalq dəstəyi zəiflədilməyə çalışılır. Hibrid mühitin mahiyyəti məhz bundadır: siyasi, iqtisadi və informasiya komponentləri paralel və qarşılıqlı təsir şəklində işləyir.

* * *

Hibrid müharibə klassik qarşıdurmadan fərqli olaraq, cəbhəsi və formal başlanğıc nöqtəsi olmayan, lakin strateji məqsədləri aydın olan mübarizə formasıdır. Burada əsas hədəf birbaşa hərbi toqquşma deyil, siyasi mühitin tədricən dəyişdirilməsi, qərarvermə prosesinə təsir göstərilməsi və dövlətin davranış modelinin korreksiyasıdır. Azərbaycan kontekstində hibrid hücumların arxitekturası paralel və bir-birini tamamlayan təsir xətləri üzərində qurulur.

İnformasiya və psixoloji təsir bu arxitekturanın ən çevik komponentidir. Dezinformasiya kampaniyaları, manipulyativ analitik çərçivələr, sosial şəbəkələrdə koordinasiyalı şəbəkələrin aktivliyi faktların özündən daha çox onların interpretasiyasına yönəlir. Azərbaycanın suveren qərarlarının “aqressiv” və ya “destabilizasiyaedici” kimi təqdim olunması beynəlxalq auditoriyada normativ balans yaratmağa, eyni zamanda, daxili ictimai rəyin psixoloji davamlılığını test etməyə hesablanır. Müasir geosiyasətdə reputasiya və legitimlik sərt güc qədər əhəmiyyətli olduğundan, informasiya sahəsində üstünlük strateji təsir imkanları yaradır.

Diplomatik müstəvidə isə hibrid strategiya daha incə və institusional xarakter alır. Sülh prosesinə selektiv yanaşma, tərəflərə fərqli standartların tətbiqi və bəzi beynəlxalq mexanizmlərin balans aləti deyil, təzyiq rıçağı kimi istifadəsi diplomatiyanın mahiyyətini dəyişir. Azərbaycan belə şəraitdə normativ müstəvidə müdafiə mövqeyinə sıxışdırıla və danışıqlar prosesində əlavə şərtlərlə üzləşdirilə bilər. Bu isə formal olaraq münaqişəsiz görünən, lakin faktiki olaraq davam edən siyasi təzyiq modelidir.

İqtisadi və enerji alətləri hibrid arxitekturanın daha struktur komponentidir. Tranzit, logistika və bazar faktorlarının zaman-zaman qabardılması, iqtisadi siqnalların qeyri-müəyyən formada verilməsi psixoloji və siyasi təsir yaratmaq məqsədi daşıyır. Gömrük prosedurlarının sərtləşdirilməsi, nəqliyyat axınlarının ləngidilməsi və ya enerji əməkdaşlığı ilə bağlı qeyri-müəyyən mesajlar birbaşa sanksiya olmasa da, strateji mühitdə risk hissi formalaşdırır. Lakin Azərbaycanın həyata keçirdiyi diversifikasiya siyasəti – Cənub Qaz Dəhlizi, TANAP və TAP, eləcə də Orta Dəhlizin inkişafı – iqtisadi asılılıq imkanlarını struktur olaraq zəiflədir və bu alətin effektivliyini məhdudlaşdırır.

Hibrid modelin daha həssas komponentlərindən biri üçüncü tərəflər üzərindən dolayı təsir mexanizmləridir. Regionda sabitliyin pozulması üçün birbaşa müdaxilə deyil, dolayı destabilizasiya cəhdləri ön plana çıxır. Ermənistan daxilində revanşist ritorikanın təşviqi, hərbiləşmə meyillərinin gücləndirilməsi və daxili siyasi radikallaşmanın stimullaşdırılması təhlükəsizlik mühitini yenidən risk zonası kimi təqdim etməyə xidmət edə bilər. Bu halda məqsəd Azərbaycanın resurslarını inkişaf və inteqrasiya gündəmindən təhlükəsizlik prioritetlərinə yönəltmək, təşəbbüskarlıq imkanlarını zəiflətməkdir.

Ümumilikdə, hibrid hücumların arxitekturası şəbəkə prinsipinə əsaslanır. İnformasiya təzyiqi diplomatik müstəvidə rezonans yarada, iqtisadi siqnallar psixoloji təsiri gücləndirə, regional gərginlik isə beynəlxalq platformalarda əlavə arqument kimi istifadə oluna bilər. Amma bu modelin effektivliyi hədəf dövlətin institusional dayanıqlığından asılıdır. Azərbaycanın postmüharibə mərhələsində təhlükəsizlik sektorunun modernləşdirilməsi, enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi, çoxvektorlu diplomatik balansın qorunması və informasiya təhlükəsizliyi sahəsində təcrübənin formalaşması hibrit təsir radiusunu məhdudlaşdıran əsas amillərdir.

* * *

Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, o, hibrid qarşıdurma müstəvisinə hazırlıqsız daxil olmayıb. 44 günlük müharibə dövründə informasiya təhlükəsizliyi, strateji kommunikasiya və operativ diplomatik manevr qabiliyyəti sahəsində formalaşmış təcrübə post-müharibə mərhələsində institusional çərçivəyə salınıb. Müharibə dövlət idarəçiliyində koordinasiya, informasiya axınının idarə olunması və beynəlxalq platformalarda çevik reaksiya mexanizmlərinin sınaqdan keçdiyi mərhələ oldu.

Çoxvektorlu xarici siyasət Azərbaycanın əsas balans alətidir. Regional təşəbbüskarlıq isə cavab strategiyasının geoiqtisadi sütunudur. Orta Dəhlizin inkişafı, Zəngəzur bağlantısının təşviqi və ümumilikdə Şərq–Qərb tranzit xəttində fəal rol Azərbaycanın strateji çəkisini artırır.

Hərbi modernizasiya və müdafiə sənayesinin inkişafı da cavab strategiyasının ayrılmaz hissəsidir. Hibrid müharibə hər nə qədər qeyri-simmetrik xarakter daşısa da, onun arxasında potensial sərt komponentlərin olması ehtimalı həmişə qalır. Buna görə də Azərbaycan balanslaşdırılmış təhlükəsizlik siyasəti aparır: bir tərəfdən diplomatik və iqtisadi alətlər aktiv saxlanılır, digər tərəfdən isə çəkindirici hərbi potensial gücləndirilir.

Şimaldan “əsən” təhdidlərin real ölçüsünə gəldikdə, birbaşa hərbi müdaxilə ehtimalı mövcud beynəlxalq konfiqurasiya fonunda aşağı qiymətləndirilə bilər. Böyük güclərin resurslarının digər istiqamətlərdə cəmlənməsi və regional balansın həssaslığı genişmiqyaslı konfrontasiyanı rasional seçimdən uzaqlaşdırır. Lakin bu, təhlükənin aradan qalxdığı anlamına gəlmir. Əksinə, təsir daha incə, uzunmüddətli və struktur xarakter ala bilər.

Məhz buna görə Azərbaycan təhlükəsizlik arxitekturasını müdafiə doktrinası üzərində qurmaqla kifayətlənmir. İnformasiya təhlükəsizliyi, kibermüdafiə qabiliyyəti, enerji marşrutlarının qorunması və iqtisadi davamlılıq strategiyası paralel şəkildə inkişaf etdirilir. Dövlətin dayanıqlığı institusional elastiklik və iqtisadi sabitliklə ölçülür. Sonda qeyd edək ki, şimaldan gələn təhdidlər uzunmüddətli rəqabət müstəvisində davam edə bilər, lakin Azərbaycanın geosiyasi çəkisi və artan institusional dayanıqlılığı bu təzyiqlərin effektivliyini ciddi şəkildə məhdudlaşdırır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Избранный
11
1
xalqqazeti.az

2Источники