RU

Azərbaycan–Yaponiya əlaqələrində çoxyönlü hədəflər

Təhlükəsizlik və sülh təşəbbüslərində qarşılıqlı əməkdaşlıq güclənir

Son dövrlər Asiya ölkələrinin Cənubi Qafqaza, xüsusilə Azərbaycana olan marağı artıb. Onlar Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirirlər. Bu xüsusda Yaponiyanın Azərbaycanla əlaqələri genişləndirmək niyyəti aydın şəkildə özünü büruzə verir. Bir neçə gün öncə Yaponiya İmperatorunun doğum günü münasibətilə keçirilən tədbirdə ölkənin Azərbaycandakı səfiri Katsuya Vatanabe bildirib ki, ötən üç onillik ərzində Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin tarixinə nəzər saldıqda, bu əlaqələrin davamlı inkişafını görürük: “Əməkdaşlığımız siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil də daxil olmaqla, geniş sahələri əhatə edib. Xalqlarımız arasında birbaşa mübadilələr və ölkələrimiz arasında fəal əməkdaşlıq bu gün paylaşdığımız dərin bağların möhkəmlənməsində mühüm rol oynayıb”. Səfir, həmçinin qeyd edib ki, 2025-ci il Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycan üçün həqiqətən də tarixi bir il oldu: “Avqustun 8-də Vaşinqtonda sülhün əldə olunmasına yönəlmiş Birgə Bəyannamə imzalandı. Yaponiya regionda davamlı sülh və sabitliyə doğru atılmış bu mühüm addımı alqışlayır".

Xatırladaq ki, Yaponiya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olub. Son otuz ildə qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik və çoxtərəfli əməkdaşlıq prinsipləri üzərində qurulan münasibətlər ardıcıl şəkildə inkişaf edib. 2016–2026-cı illər mərhələsi isə əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidi ilə səciyyələnir. Həmin dövrdə yüksək səviyyəli səfərlər, imzalanmış sənədlər, yaşıl enerji sahəsində təşəbbüslər, həmçinin humanitar mübadilənin genişlənməsi münasibətlərin daha dərin və çoxşaxəli xarakter aldığını göstərir. Siyasi münasibətlər isə müstəqilliyin ilk illərindən etibarən sistemli şəkildə qurulub. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfəri əlaqələrin strateji çərçivəsini müəyyənləşdirdi, 2006-cı ildə Prezident İlham Əliyevin Tokioda keçirdiyi rəsmi görüşlər siyasi dialoqu daha da möhkəmləndirdi. Həmin dövrdən etibarən iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmi müntəzəm xarakter aldı və xarici işlər nazirlikləri səviyyəsində davamlı təmaslar quruldu.

Son illər aparılan siyasi məsləhətləşmələrdə təhlükəsizlik məsələləri xüsusi diqqət mərkəzindədir. Hələ İkinci Qarabağ müharibəsi zamanı Yaponiya Xarici İşlər Nazirliyi münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında sülh yolu ilə həllinə çağırış etmiş, tərəfləri atəşkəsə və dialoqa səsləmişdi. Rəsmi Tokionun bu mövqeyi regionda sabitliyin bərqərar olunmasına verdiyi önəmi əks etdirir. Postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenidən qurulması və minalardan təmizləmə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri siyasi gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində Yaponiyanın texniki təcrübəsindən istifadə olunur.

Bakı–Tbilisi–Ceyhan neft kəməri regionun enerji xəritəsini dəyişdirən layihə kimi Tokio tərəfindən dəstəklənib. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, enerji səmərəliliyi və rəqəmsallaşdırma sahələrinə də diqqət yetirilir. Bu çərçivədə “Yokogawa Electric” ilə imzalanmış sənədlər emissiyaların azaldılması və istehsal proseslərinin optimallaşdırılması istiqamətində yeni mərhələ açır. Rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və dekarbonizasiya layihələri Azərbaycanın enerji sektorunda modernləşməni sürətləndirir.

Yeri gəlmişkən, Yaponiyanın Türk Dövlətləri Təşkilatına (TDT) artan marağı da gözardı edilməməlidir. Şübhəsiz ki, bu maraq həm geosiyasi, həm iqtisadi, həm də nəqliyyat-logistika reallıqları ilə bağlıdır. Avrasiya məkanında yeni güc balansının formalaşması, Orta Dəhlizin strateji əhəmiyyətinin yüksəlməsi və enerji təhlükəsizliyi məsələləri Tokionun Mərkəzi Asiya və Cənubi Qafqaza yanaşmasını yenidən qiymətləndirməsinə səbəb olub. Bu kontekstdə TDT platforması Yaponiya üçün region ölkələri ilə sistemli və çoxtərəfli əməkdaşlıq imkanı yaradır. Azərbaycan bu kontekstdə xüsusi rol oynayır. Cənubi Qafqazda yerləşən və TDT-nin fəal üzvü olan ölkəmiz həm nəqliyyat-logistika qovşağı, həm enerji təchizatçısı, həm də diplomatik körpü funksiyasını yerinə yetirir. Bakı ilə Tokio arasında formalaşmış strateji dialoq Yaponiyanın TDT-yə marağının praktik ölçülərini artırır. Çünki Azərbaycan vasitəsilə Yaponiya təşkilatın digər üzvləri ilə koordinasiyalı layihələr həyata keçirmək imkanına malikdir. Tokio bu platformanı regionla əlaqələrin sistemləşdirilməsi üçün perspektivli mexanizm kimi də qiymətləndirir.

Yusif BAĞIRZADƏ,
politoloq

Yaponiyanın Türk dövlətlərinə, xüsusilə də Azərbaycana olan marağının nəzərəçarpacaq dərəcədə artdığı faktdır. Bu inkişaf həm Azərbaycanın regional rolunu gücləndirir, həm də Yaponiyanın strateji və iqtisadi maraqlarını təmin edir. Azərbaycan üçün Yaponiya ilə münasibətlərin genişləndirilməsi bir neçə sahədə dividendlər vəd edir. Birincisi, enerji sektoru – Azərbaycan Yaponiya üçün etibarlı və strateji tərəfdaşdır. Xüsusilə neft və qaz resursları, habelə gələcəkdə bərpaolunan enerji sahələri üzrə birgə layihələr iki ölkə üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət kəsb edir. Yaponiya şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində enerji və infrastruktur layihələrində iştirak etməklə yalnız investisiya yönümlü fəaliyyət göstərmir, həm də iqtisadiyyatın modernləşdirilməsi və dayanıqlı inkişafına töhfə verirlər.

İkinci sahə texnologiya və “ağıllı şəhər” layihələridir. Yaponiya dünyanın qabaqcıl texnologiya ölkəsi olaraq Azərbaycana “yaşıl enerji”, ağıllı infrastruktur və urbanizasiya sahələrində praktik bilik və təcrübə gətirə bilər. Turizm və mədəni sahələr də əhəmiyyətlidir. Yapon turistlərinin Azərbaycana axını, mədəni tədbirlər və xalqlararası mübadilə proqramları iki ölkə arasındakı ictimai diplomatiyanı gücləndirir. Bu sahələrdə əməkdaşlıq həm Azərbaycan, həm də Yaponiya üçün uzunmüddətli qarşılıqlı fayda təmin edir.

Tokionun Türk Dövlətləri Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğu da ortadadır. Bu yaxınlaşma TDT-yə üzv dövlətlər üçün iqtisadi və texnoloji faydalar gətirə bilər. Yaponiya həm investisiya imkanlarını, həm də inkişaf etmiş texnologiyalarını regionla paylaşa bilər. Hətta gələcəkdə Yaponiyanın TDT-yə rəsmi tərəfdaş və ya dialoq tərəfdaşı statusunda qoşulması da mümkündür. Bu isə təbii olaraq təşkilatın qlobal inteqrasiya imkanlarını artıra, üzv dövlətlər üçün yeni əməkdaşlıq perspektivləri yarada bilər. Ümumiyyətlə, Yaponiya–TDT dialoqu və gələcək tərəfdaşlıq imkanları regional inteqrasiyanın yeni səviyyəsinə yol aça bilər. Bu Türk dövlətləri ilə yanaşı, Yaponiya üçün də yeni imkanlar deməkdir. Proses həm Azərbaycana, həm digər TDT üzv dövlətlərinə, həm də Yaponiyaya qarşılıqlı etimadı gücləndirmək və strateji tərəfdaşlığı daha dayanıqlı etmək baxımından böyük fayda gətirə bilər.

Nəzrin ELDARQIZI
XQ

Избранный
12
1
xalqqazeti.az

2Источники