RU

Milli mücadilə, yaxud milli xəyanət

Hakimiyyət uğrunda sivil və ləyaqətli mübarizə müasir dövlətçilik fəlsəfəsinin təməl prinsiplərindən hesab olunur. Dünyanın mədəni, inkişaf etmiş, yüksək həyat standartlarına nail olmuş ölkələrinin əksəriyyəti haqqında qeyd etdiyimiz demokratik seçimin bariz nümunələridir. Azərbaycanın müasir, möhtəşəm qələbələrlə zəngin tarixində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması ilə başlayan demokratik və ləyaqətli müxalifətçilik hərəkatı xüsusi yer tutur. 1993-cü ildə ədalətli və xalqın iradəsinə əsaslanan seçkilərin keçirilməsi yolu ilə bu dahi şəxsiyyətin Azərbaycan Respublikasınin Prezidenti seçilməsi son 33 il ərzində ölkəmizin əzəmətli yüksəlişinin əsasını təşkil edən həlledici siyasi amil rolunu oynamışdır.

Azərbaycanın inkişafının demokratiya amili

1990-cı illərin əvvəllərində hakimiyyət uğrunda qaydasız mübarizələr, məqsədli şəkildə yaradılan siyasi böhranlar və talatümlər, ölkənin taleyinin siyasi rəqabətə qurban verilməsi yenicə müstəqilliyini qazanmış ölkədə müxalifətçilik anlayışının və praktikasının əsas məğzini təşkil edirdi. Ölkə maraqlarının hakimiyyət ehtiraslarının obyektinə çevrilməsindən ibarət olan təhlükəli müxalifətçilik ənənələri ardıcıl hakimiyyət çevrilişləri, separatizmin baş qaldırması, Ermənistanın hərbi təcavüzünə qarşı müqavimət gücünün zəifləməsi, iqtisadi tənəzzül və xalqın sosial vəziyyətinin kəskin şəkildə pisləşməsi ilə müşayiət olunurdu. Sadalanan qeyri-sağlam və xəyanətkar siyasi rəqabət fonunda Heydər Əliyevə olan dərin xalq inamı və Yeni Azərbaycan Partiyasının sağlam müxalifətçilik məfkurəsi 1993-cü ildə Azərbaycanda yeni siyasi dövrün əsasını qoyan demokratik prezident seçkiləri ilə nəticələndi. Ölkədə yeni siyasi mədəniyyət, normal demokratik siyasi rəqabət mühiti formalaşdı, aramsız dövlət çevrilişlərinə son qoyuldu, rəqabət mübarizəsində milli maraqlardan vasitə kimi istifadə edilməsi cəhdləri qətiyyətlə aradan qaldırıldı.

Sübut etməyə ehtiyac yoxdur ki, sağlam rəqabət mübarizəsi və dərk edilən siyasi azadlıqlar inkişafa xidmət edən əsas amillərdəndir. Lakin dövlət maraqlarının hakimiyyət ehtirasları obyektinə çevrilməsi, demokratiyanın anarxiya libasında təqdim edilməsi, hakimiyyət uğrunda mübarizənin şəxsi və ya qrup maraqları çərçivəsi ilə məhdudlaşdırılması milli maraqların reallaşması qarşısında ciddi əngələ çevrilir, vətəndaş qarşıdurmasını pik həddinə çatdırır. Heydər Əliyevin müdrikliyi və səyləri nəticəsində  fasiləsiz hakimiyyət uğrunda mübarizə və çevrilişlər mərhələsi sivil siyasi münasibətlər mərhələsi ilə əvəzləndi, bütün diqqətin ölkənin təhlükəsizlik, iqtisadi və sosial inkişaf məsələsinə yönəldilməsinə imkan yaradılmış oldu. Qeyd edə bilərəm ki, Azərbaycanda demokratiyanın, siyasi sabitliyin və hakimiyyətin dayanıqlığının ilk parlaq ifadəsi özünün təsdiqini 1994-cü ildə "Əsrin müqaviləsi" adı ilə tarixə düşmüş neft sazişinin imzalanmasında tapır. Səbəbləri isə çox sadədir. Qeyri-demokratik, qeyri-sabit və zəif hakimiyyətlərin mövcud olduğu ölkələrə böyük xarici sərmayə qoyulması təcrübəsi dünya tarixində müşahidə olunmayan reallıqlar sırasında yer alır. 

Ölkəmizin demokratik və müstəqil inkişafının digər əlamətdar göstəricilərini isə Azərbaycanın iqtisadi yüksəlişi, müasirləşməsi, xalqın rifahının ciddi şəkildə yaxşılaşması, İkinci Qarabağ müharibəsində mohtəşəm qələbənin qazanılması və torpaqlarımızın işğaldan azad olunması, habelə digər tarixi nailiyyətləri uğurla tamamlayır. 

Müxalifətçiliyin deqradasiyası: xarici maraqların ucuz aləti

Sağlam dəyərlərə söykənməyən, yalnız şəxsi maraqlara və hakimiyyət ehtiraslarına istinad edən müxalifətin deqradasiyası ayrı-ayrı ölkələrin təcrübəsində dəfələrlə sübuta yetirilib. Bunun səbəbi təkcə hansısa müxalifət qrupun dayaqlarını itirməsi deyil, daha çox onun milli maraqlar yolundan saparaq milli xəyanət bataqlığına düşməsi, kənar maraqların alətinə çevrilməsi hesab olunur. Yaxın və ən yaxın tarix belə faktlarla zəngin olub, indiki nəsillərə xəyanət yolu tutmuş müxalifətin ölkəyə və xalqa vurduğu yaralara dair ibrətamiz materiallar verir. Milli xəyanətin qurbanı olan dövlətlərdə vurulan ziyanın aradan qaldırılmasına nəinki illər, hətta on illərin sərf olunduğu da yaxşı məlumdur. Maraqlı xarici dairələrin maliyyə yardımı ilə dövlət çevrilişinə nail olan bolşevik inqilabının Rusiyaya, onun iqtisadiyyatına, insani potensialına vurduğu inanılmaz yaraları bu ölkənin rəsmi dairələri və tədqiqatçıları indi açıq şəkildə etiraf edirlər. O cümlədən bolşeviklərin lideri Vladimir Leninin Almaniyanın maliyyə dəstəyi ilə inqilabi fəaliyyətlə məşğul olması da artıq təsdiqini tapmış tarixi faktdır. XIX əsrin əvvəllərində dünyanın ən qüdrətli dövlətlərindən sayılan Rusiya imperiyasının qanlı vətəndaş müharibəsini yaşamağa məhkum edilməsi,  iqtisadiyyatının demək olar ki, bütünlüklə çökməsi məhz bolşevik inqilabının dağıdıcı yekunları hesab olunur.  Keçmiş Rusiya imperiyasının varisi olan SSRİ bu ölkənin 1913-cü ildəki iqtisadi göstəricilərini düz 70 ildən sonra, 1980-ci illərdə bərpa edə bildi. Vətəndaş müharibəsi, aclıq, qırmızı terror nəticəsində 8 milyondan 13 milyonadək əhali qətl edildi, aclıqdan öldü və ya ölkəni tərk etməyə məcbur oldu. Dünyanın ən böyük işgəncə və ölüm düşərgəsi də ilk dəfə bu ölkədə yaradıldı. 

1936-cı ildə İspaniyada Fransisko Frankonun rəhbərliyi altında başlayan üsyan bu ölkədə qanlı vətəndaş müharibəsinin əsasını qoydu. Hitlerin Almaniyadan göndərdiyi 150 min, Mussolininin isə İtaliyadan göndərdiyi 30 min hərbçinin dəstəyi ilə qurulan Franko diktaturası 450 min ispan vətəndaşının qətli ilə nəticələndi. Bu isə İspaniyanın ozamankı əhalisinin təxminən 2 faizi demək idi. Faktiki olaraq İspaniyada Franko diktaturası ölkənin hər 50 nəfərindən birinin qətlinə hökm vermişdi. 

Azərbaycanın müasir tarixi də müxalifətin müəyyən hissəsinin bu tipli xəyanətlərindən xali deyil. 2013-cü ildə kənardan ötürülən maliyyə və təlimatlarla yaradılan və " Milyarderlər İttifaqı" adlandırılan hərəkat ayrı-ayrı müxalifətçi qruplaşmaların milli xəyanət yolu seçmələrinə dair təkzibedilməz fakt sayıla bilər. Yalnız Azərbaycan xalqının qəti mövqeyi və ölkənin sağlam qüvvələrinin milli maraqlar ətrafında sıx birləşməsi məkrli qüvvələrin çirkin niyyətlərinin reallaşmasına aşılmaz maneəyə çevrildi. 

Xarici maraqlı qüvvələrin Azərbaycanda sabitliyi pozmaq cəhdlərinin başa çatdığını, ayrı-ayrı müxalifət qruplarının isə milli xəyanət niyyətlərindən əl çəkdiyini düşünmək isə sadəlövhlük olardı. Bir neçə ay bundan əvvəl Ramiz Mehdiyevin və Xalq Cəbhəsi Partiyası rəhbərliyinin bir sıra nümayəndələrinin aşkar edilən dövlət çevrilişi və hakimiyyəti zorla ələ almaq planları xəyanət cəhdlərinin kökünün tam kəsilmədiyindən xəbər verir. Bütün siyasi xəyanətlərdə olduğu kimi, yenə də xarici iz, xarici təlimatlar, sinxron fəaliyyət bu çirkin əməllərin ayrılmaz tərkib hissəsi kimi müşahidə olunmaqdadır. 

Milli xəyanətin köhnə (yeni) forması: siyasi mühacirət

Dövlətlərin daxili işlərinə müdaxilə etməyin çoxsaylı metodları sırasında  dağıdıcı müxalifətin ələ alınması, maliyyələşdirilməsi, təlimatlandırılması və beləliklə də, xarici maraqların alətinə çevrilməsi tarixən geniş yayılmış siyasi mübarizə üsullarındandır. Azərbaycanın geosiyasi imkanları təbii olaraq onu qlobal güclərin və dairələrin diqqət mərkəzində saxlayır. 

Azərbaycanın milli maraqları ilə dağıdıcı müxalifətin müəyyən qruplarının maraqları arasında mövcud olan ziddiyyətlər ən azından iki arzuolunmaz halın meydana çıxmasında özünün ifadəsini tapır:

a) müxalifət qeyri-sağlam maraqların və ambisiyaların əsirinə çevrilir, nəticədə dövlət maraqları ilə bir araya sığmayan davranışlar sərgiləyirlər;

b) hakimiyyət ambisiyalarını reallaşdırmağa yetərli olmayan imkanlarını (sosial dəstəyini) xarici maraqlı güclərin hesabına artırmağa çalışaraq onlarla işbirliyinə gedirlər. 

Müxalifətin xalqın dəstək vermədiyi hakimiyyət ambisiyalarını reallaşdırmaq xatirinə xarici maraqlı dairələrlə işbirliyi yaradaraq onların əlində alətə çevrilməsinin milli xəyanətdən başqa adı yoxdur. Onların dövlətə xəyanət yolu seçməsi ölkənin daxilində İspaniyada Franko qiyamından miras qalmış "beşinci kalon" missiyasını yerinə yetirmək və ya siyasi mühacirət fəaliyyəti formalarında reallaşır.

Xalqın ictimai dəstəyindən məhrum olan dağıdıcı müxalifətin bir qismi Ramiz Mehdiyevin və onun ətrafında toplaşanların timsalında "beşinci kalon" rolunu oynayır, azsaylı digər qismi isə siyasi mühacir statusunda antimilli xislətini davam etdirir. Şübhə yoxdur ki, müxalifətin qeyd olunan hər iki qanadı nə qədər maskalansa da, sinxron fəaliyyət göstərir, eyni mərkəzdən idarə olunduqlarını gizlədə bilmir və ya heç gizlətmək də istəmirlər. 

Ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının çətiri, bəzən də açıq müdafiəsi altında çalışan mühacir müxalifətinin bütün səyləri Azərbaycanın imicinə ləkə vurmaq, onun beynəlxalq etimad resurslarını sarsıtmaq, ölkə əhalisi arasında dezinformasiyalar yaymaq kimi pozucu fəaliyyətə yönəlib. Ölkəmizin artan beynəlxalq nüfuzu rəqib regional güclərin anti-Azərbaycan təbliğatının intensivliyi ilə müşayiət olunur. Bu çirkin təbliğatın ön sırasında Azərbaycanın mühacirətə olan "müxalifətinin" ayrı-ayrı nümayəndələrinin xüsusi fəallığı hər bir vətəndaşı dərindən təəssüfləndirir və narahat edir. 

Prezident İlham Əliyevin yüksək beynəlxalq fəallığı və artan şəxsi hörməti istər-istəməz onu Azərbaycana qarşı qısqanclığın və rəqabətin mərkəzi obyektinə çevirib. O, bütün sanballı beynəlxalq tədbirlərin arzuolunan qonağı kimi nəzərdən keçirilir, ən ali toplantılarda böyük hörmət və ehtiramla qarşılanır. Bu baxımdan Prezident İlham Əliyev, onun ailəsi anti-Azərbaycan təbliğatının əsas hədəfi olaraq seçilib. Təsadüfi deyildir ki, antimilli dairələrin xəyanət kampaniyası açıq-aydın anti-Əliyev mahiyyəti kəsb etmişdir. Anti-Azərbaycan təbliğatına ayrı-ayrı maraqlı dairələrdən ayrılan vəsaitin və diqqətin mütləq əksəriyyəti Prezidentə və onun ailəsinə qarşı çirkin və mənəviyyatdan kənar yalan və böhtanlar uydurulmasına yönəlir.

Bu ünsürlərin yalan və böhtan kampaniyasının səmərəsizliyindən narahatlıq keçirən sponsorlar, görünür, daha açıq anti-Azərbaycan təxribatına start vermək qərarına gəliblər. Biz bunun aydın təzahürlərini Münxen Təhlükəsizlik Konfransında və Vaşinqtonda Sülh Şurasının iclası zamanı müşahidə etdik. Lakin həmişəki kimi Azərbaycanı rüsvay etmək istədilər, yekunda özləri biabır oldular. 

Milli xəyanət yolunu seçənlər bir şeyi unudurlar. Unudurlar ki, İlham Əliyevin artan beynəlxalq nüfuzuna, ona olan böyük hörmət və ehtirama bəsitcəsinə uydurulan yalan və böhtanlarla kölgə salmaq mümkün deyil.

İlham Əliyevin adı, əməlləri, tarixi xidmətləri azad olan torpaqlarımızdır, cənnətə çevrilməkdə olan Qarabağ və Şərqi Zəngəzurdur, Qalib Azərbaycan və Qəhrəman Azərbaycan xalqıdır. Bunlar isə nəinki ölkəmizin bu günüdür, eyni zamanda əbədiyyət, əbədiyaşarlıqdır. 

Əli ƏHMƏDOV,

Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Избранный
12
azerbaijan-news.az

1Источники