RU

Maskın xAI şirkəti Pentaqonla əməkdaşlığa razılaşıb

Grok neyroşəbəkəsinin məxfi hərbi sistemlərə inteqrasiyası barədə razılaşma əldə olunub...

Poliqon xəbər verir ki, amerikalı iş adamı İlon Maskın təsis etdiyi xAI şirkəti Pentagon ilə əməkdaşlıq barədə saziş imzalayıb. Razılaşmaya əsasən, şirkətin hazırladığı Grok neyroşəbəkəsi məxfi hərbi sistemlərə inteqrasiya olunacaq.

Məlumata görə, digər rəqiblərdən fərqli olaraq, xAI Pentaqonun süni intellektin “qanuni olan istənilən məqsədlər üçün” istifadəsinə dair tələblərini qəbul edib. Bildirilir ki, bu tələblər etik məhdudiyyətlərlə şərtlənmir. Nəticədə modelin kütləvi müşahidə sistemlərində və tam avtonom silahların hazırlanmasında tətbiqi üçün hüquqi zəmin yarana bilər. Bu barədə Axios nəşri yazır.

Daha əvvəl hərbi seqmentdə istifadə edilən yeganə süni intellekt modeli Claude olub. Həmin model Anthropic şirkəti tərəfindən hazırlanıb. Lakin şirkət proqram təminatının etik olmayan məqsədlər üçün istifadəsinə qoyulan qadağaların aradan qaldırılmasına razılıq verməyib. Bu səbəbdən Anthropic ilə Pentaqon arasında aparılan danışıqlar nəticəsiz qalıb.

Hazırda ABŞ hərbi qurumu Google və OpenAI ilə də danışıqlar aparır. Məlumata əsasən, Google şirkəti Gemini modelinin məxfi istifadəsi ilə bağlı razılaşmaya yaxınlaşıb. Administrasiyanın bütün süni intellekt hazırlayıcılarından öz standartlarını qeyd-şərtsiz qəbul etməyi tələb etdiyi bildirilir. OpenAI rəhbərliyinin bu şərtlərlə razılaşıb-razılaşmayacağı isə hələlik aydın deyil.

Müşahidəçilər qeyd edirlər ki, süni intellekt texnologiyalarının hərbi sistemlərə inteqrasiyası təhlükəsizlik, hüquq və etik məsuliyyət məsələləri baxımından geniş müzakirələrə səbəb olur. Xüsusilə avtonom silah sistemlərinin mümkün tətbiqi beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur.

Poliqon.info

Избранный
13
poliqon.info

1Источники