Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo Fransa Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfirinin gəlməməsini tənqid edərək, bunu ölkəyə qarşı hörmətsizlik əlaməti adlandırıb.
"Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Qeyri-suveren və deməli zəif olan, hörmətə layiq olmayan hökumət tərəfindən idarə olunan Fransaya artıq hörmət edilmir", - Filippo yazıb.
Daha əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro, sağçı fəal Kventin Derankın ölümü ilə bağlı araşdırma çağırışının diplomatik missiya tərəfindən dərc olunması ilə əlaqədar ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşneri Xarici İşlər Nazirliyinə çağırmışdı, lakin diplomat bu tələbə etinasız yanaşıb.
AFP-nin məlumatına görə, Barro Kuşnerin Fransa hökumətinin üzvləri ilə birbaşa təmasına məhdudiyyətlər qoymaq niyyətindədir.