
Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur.
AFN.az Modern.az-a istinadən xəbər verir ki, zərərçəkmiş Elşən Mahmudbəyli sosial şəbəkədə yaydığı videomüraciətdə Rüfət Qasımzadə, Boran Qasımzadə və Məmməd Məmməzadə ilə birlikdə qızıl biznesinə başladığını bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər, lakin sonradan bu vədlərin yalan olduğu üzə çıxıb.
Şikayətçi qeyd edib ki, R.Qasımzadə Türkiyə gömrüyündə 5 kiloqram qızılının saxlanıldığını bəhanə gətirərək borcu qaytarmayıb: "Məsələ ilə bağlı Ramiz Əzizbəylinin qızları ilə də söhbət etdim. Onlar da ziyanın ödəniləcəyini desələr də, hələ də heç bir addım atılmayıb”.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparıldığını təsdiqləyib. Bildirilib ki, araşdırmaların nəticəsində müvafiq prosessual tədbirlər görüləcək.