RU

Ürək xəstəliklərinin aşkarlanması üçün “ağıllı futbolka”hazırlandı

British Heart Foundation (BHF) məlumat yayıb ki, Imperial College London alimləri gündəlik həyat şəraitində gizli ürək ritm pozuntularını aşkar edə bilən süni intellektli “ağıllı futbolka” hazırlayıblar.

Redaktor.az xəbər verir ki, texnologiyanın yaxın beş il ərzində klinik praktikaya tətbiqi planlaşdırılır.

Yeni qurğu əsasən qəfil ürək ölümünə səbəb ola bilən nadir irsi ürək xəstəliklərinin diaqnostikası üçün nəzərdə tutulub. Mütəxəssislərin qiymətləndirməsinə görə, Böyük Britaniyada təxminən 340 min nəfər belə pozuntulardan əziyyət çəkir və hər həftə 35 yaşdan aşağı 12-yə qədər gənc bu səbəbdən həyatını itirir. Hazırda aritmiyadan şübhələnilən pasiyentlər yapışqan elektrodlar və monitora qoşulan naqillərlə təchiz edilmiş portativ elektrokardioqraf daşımalı olurlar. Adətən bu müayinə 24-48 saat davam edir və xeyli narahatlıq yaradır.

Alimlərin sözlərinə görə, yeni futbolkanın parçasına 50-yə qədər sensor yerləşdirilib və onlar ürəyin elektrik aktivliyini fasiləsiz qeydə alır. Bu isə gündəlik aktivliyi məhdudlaşdırmadan bir həftə və daha uzun müddət monitorinq aparmağa imkan verir.

Tədqiqatın ilk mərhələsində alimlər süni intellekt alqoritmlərini mindən çox insanın həm irsi aritmiyası olan, həm də sağlam şəxslərin məlumatları əsasında öyrədəcəklər ki, sistem EKQ-də anomaliyaları tanıya bilsin. Daha sonra 200 pasiyent və könüllü diaqnostikanın dəqiqliyini qiymətləndirmək üçün üç ay ərzində bu futbolkanı geyinəcək.

Hazırlanmış texnologiya qısa klinik müayinə zamanı aşkarlanması çətin olan Bruqada sindromu və digər ritm pozuntularının müəyyənləşdirilməsinə yönəlib. Gələcəkdə isə bu üsulun qulaqcıqların fibrillyasiyası kimi geniş yayılmış xəstəliklərin diaqnostikasında da istifadə edilə biləcəyi bildirilir. Layihə müəlliflərinin fikrincə, daha uzunmüddətli və komfortlu monitorinq təhlükəli halların erkən aşkarlanması imkanlarını artıracaq və qəfil ölüm hallarının qarşısının alınmasına kömək edəcək.

Nuriyyə NATİQQIZI

Избранный
19
redaktor.az

1Источники