RU

Dünya çalxalanır - Daha bir ölkə Avropaya sığınır

İslandiya Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının bərpası ilə bağlı referendumu gözləniləndən daha tez - bu ilin avqustunda keçirə bilər.

Musavat.com xəbər verir ki, ölkədə Aİ-yə qoşulma prosesinin yenidən başlanması ilə bağlı səsvermənin 2027-ci ilə qədər keçirilməsi planlaşdırılsa da, hazırkı geosiyasi gərginlik fonunda tarix irəli çəkilə bilər.

Məlumata görə, İslandiya parlamenti yaxın həftələrdə referendumun dəqiq tarixini elan edə bilər. Əgər vətəndaşlar "hə" desələr, ölkə digər namizəd dövlətləri qabaqlayaraq Aİ-yə daha tez qoşula bilər.

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, genişlənmə mövzusu artıq təkcə iqtisadi deyil, təhlükəsizlik və geosiyasi sabitlik məsələsinə çevrilib. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə İslandiya ilə tərəfdaşlığın "qeyri-sabit dünyada sabitlik və proqnozlaşdırıla bilənlik" təklif etdiyini vurğulayıb.

Qeyd edək ki, İslandiya 2009-cu ildə maliyyə böhranı fonunda Aİ-yə üzvlük üçün müraciət etmişdi. Lakin 2013-cü ildə danışıqlar dayandırılmış, 2015-ci ildə isə Reykyavik artıq namizəd ölkə kimi nəzərdən keçirilməməsini xahiş etmişdi.

Son illərdə vəziyyət dəyişib. Şimali Atlantikdə strateji mövqeyə malik olan, lakin ordusu olmayan İslandiya təhlükəsizlik baxımından NATO və ABŞ ilə 1951-ci il müdafiə sazişinə arxalanır. ABŞ-də Donald Trampın yenidən hakimiyyətə qayıtması və Qrenlandiyanın ilhaqı ilə bağlı açıqlamaları regionda narahatlıq yaradıb.

Ekspertlər bildirirlər ki, İslandiyanın Aİ-yə üzvlük yolunda əsas maneə balıqçılıq hüquqları məsələsi ola bilər. Ölkə üçün balıqçılıq əsas iqtisadi sahələrdən biridir və əvvəlki danışıqlarda bu mövzu ciddi mübahisələrə səbəb olmuşdu.

Bununla belə, Böyük Britaniyanın Aİ-dən çıxması (Brexit) balıqçılıq məsələsində əvvəlki gərginliyi azalda bilər. İslandiya artıq Avropa İqtisadi Zonası və Şengen məkanının üzvü olduğundan, Aİ qanunvericiliyinin böyük hissəsini tətbiq edir. 2013-cü ildə danışıqlar dayandırılana qədər 33 fəsildən 11-i bağlanmışdı.

Rəsmi dairələr hesab edir ki, texniki baxımdan danışıqlar sürətlə irəliləyə bilər. Lakin yekunda Aİ-yə üzv olmaq üçün İslandiya ikinci referendum da keçirməlidir.

Qeyd olunur ki, İslandiya adambaşına düşən ÜDM göstəricisinə görə dünyada ilk beşlikdə yer alır. Buna görə də Aİ üzvlüyü ölkə üçün iqtisadi zərurətdən daha çox təhlükəsizlik və geosiyasi seçim kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
olaylar.az

1Источники