RU

"Yollarda nişan çatışmazlığı sürücülərin dönüşləri ötürməsinə və gərginliyə səbəb olur" - Adil Nəbiyev

Deputat Razi Nurlullayev parlamentdə çıxışı zamanı bildirib ki, rayonlardan kəndlərə gedən yollar, bəzi kəndlərin yol kəsişmələri, bəzi yaşayış məntəqələrinin adları bəzi istiqamətlərdən demək olar ki, yox səviyyəsindədir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev qeyd etdi ki, rayonlardan kəndlərə gedən yolların bir çoxunda istiqamət nişanlarının, yol kəsişmələrində xəbərdaredici lövhələrin və yaşayış məntəqələrinin ad göstəricilərinin yetərli səviyyədə olmaması həqiqətən də ciddi problemdir:

"Bu məsələ təkcə sürücülərin rahatlığı ilə bağlı deyil, həm də yol hərəkəti təhlükəsizliyi, regionların turizm potensialı və ümumi nəqliyyat mədəniyyəti ilə birbaşa əlaqəlidir. Beynəlxalq təcrübədə yol infrastrukturu yalnız asfalt örtüyü ilə ölçülmür. İnformasiya təminatı, istiqamət nişanları, məsafə göstəriciləri və yaşayış məntəqələrinin aydın şəkildə işarələnməsi sistemli şəkildə həyata keçirilir. Sürücü xəritəyə baxmadan, əlavə texniki vasitələrdən istifadə etmədən yol nişanları vasitəsilə rahat şəkildə hərəkət trayektoriyasını müəyyən edə bilir. Bu isə həm vaxt itkisini azaldır, həm də qəza riskini minimuma endirir. Ölkəmizdə xüsusilə kənd yollarında və ikinci dərəcəli magistrallarda nişan çatışmazlığı sürücülərin dönüşləri ötürməsinə, əlavə məsafə qət etməsinə və gərgin vəziyyətlə üzləşməsinə səbəb olur. Turistlər üçün isə bu, ölkə haqqında ilkin təəssüratın formalaşmasına mənfi təsir göstərir. Yol tapmaq çətinləşdikdə xidmət səviyyəsi ilə bağlı ümumi fikir də zəifləyir. Bu baxımdan təklif olunan yanaşma məqsədəuyğundur. Yalnız yeni salınan yollar deyil, mövcud yollar da mərhələli şəkildə yenilənməli, vahid standartlara uyğun nişanlanma sistemi tətbiq edilməlidir. Bütün yaşayış məntəqələrinin giriş və çıxışlarında ad lövhələrinin quraşdırılması normativ tələb kimi müəyyənləşdirilməli, turist marşrutları üzrə isə beynəlxalq standartlara uyğun, oxunaqlı və çoxdilli göstəricilər yerləşdirilməlidir. Yol nişanı sadəcə metal lövhə deyil. O, təhlükəsizlik, intizam və dövlətin infrastruktur səviyyəsinin göstəricisidir. Vətəndaşın və qonağın yolunu asan tapması isə müasir və sistemli idarəetmənin vacib elementidir".

Nuriyyə NATİQQIZI

Избранный
12
1
redaktor.az

2Источники