RU

İŞİD bu ölkə rəhbərini təhdid etdi: Şəriətə xəyanət edib, məhv edəcəyik!

Yaxın Şərqdə təhlükəsizlik gündəmi yenidən kəskinləşib. Terror təşkilatı İraq və Şam İslam Dövləti (İŞİD) yaydığı bəyanatda Suriya Prezidenti Əhməd əl-Şaraanı (Əbu Məhəmməd əl-Colani) hədəf alaraq onu “şəriətə xəyanətdə” və “Qərbin aləti olmaqda” ittiham edib. Təşkilat açıq şəkildə “onu məhv edənə qədər dayanmayacağıq” ifadəsini işlədib.

Bu təhdidlər regionda mümkün terror riski ilə bağlı sualları yenidən aktuallaşdırıb. Bir müddət əvvəl də əl-Şaraaya qarşı mümkün sui-qəsd iddiaları yayılmışdı. İndi isə İŞİD-in birbaşa hədəf göstərməsi təhlükənin real olub-olmaması, təhlükəsizlik orqanlarının hansı qabaqlayıcı tədbirlər gördüyü və bu çağırışın konkret əməli planın siqnalı, yoxsa psixoloji təzyiq elementi olduğu barədə müzakirələri gücləndirib. Ekspertlər hesab edir ki, bu cür bəyanatlar təkcə konkret şəxsə deyil, Suriyada formalaşmaqda olan yeni siyasi arxitekturaya və regiondakı qüvvələr balansına yönəlmiş mesaj xarakteri daşıyır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Suriya hakimiyyəti son dövrdə hibrid və balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır:

Birmənalı şəkildə Suriya hökuməti hər hansı bir ölkənin birbaşa maraqlarını müdafiə etmir. Məsələn, Aİ və ABŞ-nin Rusiya hərbi bazalarının ölkədən çıxarılması tələbi tam şəkildə yerinə yetirilməyib və Rusiya hərbi mövcudluğu Suriyada qalır. Digər tərəfdən, Moskvanın bütün istəkləri də təmin olunmur. İranla Suriya arasında ciddi fikir ayrılıqları mövcuddur.

Türkiyə mövcud hakimiyyətin iqtidara gəlməsində mühüm rol oynasa da, Ankaranın bütün istəkləri birmənalı şəkildə həyata keçirilmir. İsraillə gərginlik davam etsə də, tərəflər arasında müəyyən təmasların və dolayı danışıqların olduğu bildirilir. Bütün bu amillər əl-Şaraanı müxtəlif radikal qruplar üçün hədəfə çevirə bilər. İŞİD-in açıq təhdidləri bunun real göstəricisidir. Konkret terror aktının baş verəcəyini demək çətindir, lakin bu ehtimal kifayət qədər ciddidir.

Beləliklə, İŞİD-in sərt ritorikası Suriyada onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirir və yaxın dövrdə regionda yeni risklərin yaranacağı ehtimalını artırır”.

Atilla Rzasoy

Избранный
13
nocomment.az

1Источники