RU

Masallıda ailə biznesinin uğuru: ABAD ın dəstəyi ilə kiçik təsərrüfatdan iri market şəbəkələrinə FOTO

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Masallı, 23 fevral, İlkin Adıyev, AZƏRTAC

Masallı rayonunun Sərçuvar kənd sakini Hüseynağa Nəcəfov uzun illərdir ailə biznesi ilə məşğuldur. O, əsasən tərəvəz məhsullarının yetişdirilməsi və konservləşdirilməsi sahəsində fəaliyyət göstərərək, həm ailəsinin dolanışığını təmin edir, həm də yerli istehsalın inkişafına töhfə verir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sahibkar ailəyə məxsus torpaq sahəsində əsasən pomidor və xiyar əkini ilə məşğuldur. Yetişdirilən məhsullar xüsusi qaydada toplanır, çeşidlənir və emal mərhələsinə hazırlanır. Tərəvəzlər yuyulur, təmizlənir, bankalara doldurulur və sterilizasiya olunaraq konservləşdirilir. İstehsal prosesi ABAD tərəfindən təqdim edilən konteyner tipli müasir emal sahəsində həyata keçirilir.

Hüseynağa Nəcəfov bildirir ki, 2019-cu ildən etibarən ABAD (Ailə Biznesinə Asan Dəstək) ailəsinin üzvüdür. Onun sözlərinə görə, dövlətin yaratdığı şərait ailə biznesinin inkişafına geniş imkanlar açıb: “Əvvəllər məhsulumuzu yalnız yerli bazarda sata bilirdik. İndi isə istehsal etdiyimiz konserv məhsulları qablaşdırılaraq respublikanın müxtəlif iri market şəbəkələrində satışa çıxarılır. Bu, bizim üçün böyük dəstək oldu və satış imkanlarımızı xeyli genişləndirdi”.

Sahibkar qeyd edir ki, məhsulun keyfiyyətinə xüsusi önəm verir. “Torpaqda özümüz əkib-becəririk, məhsulu təbii şəkildə yetişdiririk. Emal zamanı gigiyena qaydalarına ciddi əməl olunur. İstəyirik ki, alıcı süfrəsinə təmiz və keyfiyyətli məhsul qoya bilsin”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, konservləşdirilən məhsullar böyük marketlər şəbəkəsi də daxil olmaqla bir sıra ticarət obyektlərində alıcılara təqdim edilir. Satış imkanlarının genişlənməsi ailə gəlirlərinin artmasına da müsbət təsir göstərib.

Hüseynağa Nəcəfov dövlət tərəfindən ailə biznesinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək bildirib: “Ailəmizin büdcəsini təmin etmək üçün bizə geniş imkan yaradılıb. ABAD-ın dəstəyi ilə istehsalımızı artırmışıq. Gələcəkdə məhsul çeşidini daha da genişləndirməyi və fəaliyyətimizi böyütməyi planlaşdırırıq”.

Qeyd edək ki, ABAD-ın belə ailə təsərrüfatlarına dəstəyi həm yerli istehsalın artmasına, həm də regionda məşğulluğun təmin olunmasına mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
azertag.az

1Источники