ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
23 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı: Silinməyən yaddaşımız – Ədalətin hökmü” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Konfransdan öncə Azərbaycan Respublkasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xocalı soyqırımı və onun ağır nəticələri haqqında danışıb, 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatından sonra Xocalı qatillərinin məsuliyyətə cəlb edildiyini vurğulayıb:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edilmişdir. Şəhər tam mühasirəyə alınmış, dinc əhaliyə qarşı əvvəlcədən planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qətliam törədilmişdir.
Rəsmi məlumatlara əsasən 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur; 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir, 487 nəfər yaralanmışdır,1275 nəfər əsir götürülmüşdür,150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək naməlum qalır.
Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilmiş, 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xüsusi qərar qəbul edilmişdir. Bu qərar faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olmuşdur.
Bu gün Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Heydər Əliyev Fondunun təşəbbüsü və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində faciə ilə bağlı həqiqətlər bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatları tərəfindən tanınmış və siyasi qiymətini almışdır.
2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Bununla da Xocalı qurbanlarının və bütün şəhidlərimizin qanı yerdə qalmamışdır”.

Daha sonra “Biz soyqırıma və terrora yox deyirik!” adlı sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri jurnalist Şamil Sabiroğlu Xocalı sakinlərinin üzləşdiyi soyqırımın dəhşətlərindən söz açıb, Ayaz Mütəllibov hakimiyyətinin səhlənkarlığından, səriştəsizliyindən bəhs edib. Gəncləri Prezident İlham Əliyevə dəstək verməyə səsləyən Şamil Sabiroğlu, tarixi keçmişimizin öyrənilməsinin gələcəyimiz baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev çıxışında xalqımızın yaşadığı faciələrin, eləcə də, imza atdığı qəhrəmanlıqların təbliğində ədəbiyyat və mədəniyyətin mühüm rol oynadığını bildirib. Əməkdar jurnalist qeyd edib ki, ədəbiyyat adamları, yazıçı və tarixçilər bundan sonra da öz təbliğati, maarifləndirici missiyalarını davam etdirməli, tariximizlə bağlı faktların gələcək nəsillərə çatdırılmasında aktiv iştirak etməlidirlər.

Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova yeniyetmə və gənclərin milli tarixlərinə bələd olmasının vacibliyindən danışıb. O, qeyd edib ki, məhz tarixi dərindən bilmək, xalqın keçmişinə bələd olmaq gələcək nəsilləri yeni bəlalardan və təhlükələrdən hifz edə bilər.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü, soyqırımın şahidi Hüseynağa Quliyev şahidi olduğu erməni vəhşiliklərindən danışıb. Ermənilərin dinc insanları ən qorxunc işgəncələrlə qətlə yetirdiyini bildirən soyqırım şahidi, bütün bu həqiqətlərin bütün dünyaya yayılmasının vacibliyini qeyd edib.
Ehtiyatda olan mayor, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin iştirakçısı qazi Muxtar Həşimov erməni vəhşiliyindən bəhs etməklə yanaşı, ermənilər tərəfindən Xocalıda qətlə yetrilən şəxslərin sayının 613 deyil, daha çox olduğunu bildirib, bu rəqəmin yenidən dəqiqləşdirilməsinin vacib olduğuna diqqət çəkib.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva Xocalı soyqırımının heç zaman unudulmayacağını, xalqımızın yaddaşında hər zaman yaşayacağını vurğulayıb.
Konfransın sonunda xatirə şəkli çəkilib.
Seymur ƏLİYEV






Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.