RU

Oruc tuta bilməyənlər Ramazanda necə savab qazana bilər? - İlahiyyatçıdan açıqlama

Ramazan ayı müsəlmanlar üçün ibadət və təqva ayıdır, lakin bəzi insanlar müxtəlif səbəblərə görə oruc tuta bilmirlər. Buna baxmayaraq, onlar da digər xeyirli və savab əməl yolları ilə Allahın razılığını qazana bilərlər. Ramazan ayında edilən yaxşı əməllər həm ruhu, həm də cəmiyyəti zənginləşdirir və hər kəs üçün faydalıdır. Bəs bu əməllər hansılardır?

Mövzu ilə bağlı Missiya.Az-a danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Ramazan ayında oruc sadəcə aclıq və susuzluq deyil, insanın Allahla münasibətini yenidən qurmasıdır:

"Oruc onun əsas sütunlarından biridir. Amma hər kəs bu ibadəti fiziki olaraq yerinə yetirə bilmir. Din bunu nəzərə alır və bunu açıq şəkildə bildirir. Qurani Kərimdə Bəqərə surəsinin 183-cü ayəsində orucun fərz buyurulduğu deyilir. Ardınca 184 və 185-ci ayələrdə xəstə və səfərdə olanlar üçün istisna göstərilir. Gücü çatmayanlar üçün fidyə hökmü qeyd olunur. İmam Şatibi əl-Muvafəqat əsərində yazır ki, şəriətin məqsədi insanı sıxıntıya salmaq deyil, onu qorumaqdır. Buna görə də xəstə insanın oruc tutması bəzən harama belə çevrilə bilər, əgər sağlamlığına real zərər verirsə. İbn Qudamə əl-Muğni əsərində bu məsələdə alimlərin ittifaqını qeyd edir",- o qeyd edib.

İlahiyyatçı qeyd edib ki, üzrlü olan üçün Quranın özü alternativ yol göstərir:"Fidyə verib bir yoxsulu doyurmalıdır. Oruc tutanlara iftar vermək, hər gün bir insanı doyurmaq da bura aiddir. İbn Abbasdan rəvayət edilir ki, yaşlı və sağalması mümkün olmayan xəstə hər gün üçün bir kasıbı doyurmalıdır. Bu əməl həm ibadətdir, həm də cəmiyyətlə bağdır.Digər tərəfdən Ramazan Quran ayıdır. Bəqərə 185-də Quranın bu ayda nazil olduğu vurğulanır. Oruc tuta bilməyən insan bu ayı Quranla daha çox keçirə bilər. Quranı oxumaq, tərcüməsini anlamaq, təfsirə baxmaq olar. İmam Qəzali yazırdı ki, Quranı yalnız dil ilə oxuyan deyil, qəlbi ilə dinləyən fayda görər. Peyğəmbər s.ə.s buyurur ki, kim bir orucluya iftar etdirərsə, onun savabı qədər savab qazanar",- o vurğulayıb.

Ə.Həsənov vurğulayıb ki, Ramazan həm də əxlaq ayıdır:

"Peyğəmbər s.ə.s buyurur ki, kim yalanı və pis əməli tərk etməzsə, Allah onun yeməyi tərk etməsinə ehtiyac duymaz. Bu hədis Buxaridədir. Bu o deməkdir ki, orucun ruhu əxlaqi dəyişiklikdir. Deməli, oruc tuta bilməyən insan dilini, baxışını, qəzəbini qorumağa xüsusi diqqət edə bilər. Bu da Ramazanın ruhuna daxildir. Müasir tibbi araşdırmalar da göstərir ki, xroniki xəstələrdə məcburi aclıq immun sistemini zəiflədə və metabolik pozğunluq yarada bilər. İslam hüququnun məqsəd yönümlü yanaşması burada aydın görünür. Şəriətin məqsədləri içində canın qorunması əsas prinsiplərdəndir. Bu, yalnız dini hökm deyil, rasional yanaşmadır.

Əgər insan sağlam olduğu halda səhlənkarlıq edirsə, bu artıq vicdan məsələsidir. Ramazan özünü hesaba çəkmə ayıdır. Tövbə qapısı açıqdır. Quranda Zumər surəsində buyurulur ki, Allahın rəhmətindən ümid kəsməyin. Bu ayə ümidsizliyi qadağan edir.Deməli, oruc tuta bilməyən insan Ramazandan kənarda qalmır. Fidyə verə bilər, Quranla yaxınlaşa bilər, sədəqə verə bilər, iftar təşkil edə bilər, əxlaqını islah edə bilər, tövbə və istiğfar edə bilər. Əsas olan ibadətin formasından çox məqsədini anlamaqdır. Ramazan bədəni ac qoymaqdan əvvəl qəlbi oyatmaq üçündür. Qəlb oyanırsa, insan bu ayın içindədir",- deyə ilahiyyatçı əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
4
missiya.az

1Источники