RU

Valdasın dilindən çıxan həqiqətlər

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Sabah” – “Kəpəz” (1:0) oyunundan sonra mətbuat konfransında Valdas Dambrauskas belə bir məsələyə toxunub:

“İstərdik ki, önümüzdə həftə tribunada daha çox azarkeşimizi görək. Əvvəlki konfranslarda da demişəm, ardıcıl qələbələr, çoxlu qollar olduqda sanki azarkeş sayımız artmaq əvəzinə azalır. Bilmirəm nə ilə bağlıdır. Bəlkə də, havalara görədir. “Qarabağ”la oyunda stadiona çox azarkeşin gəlməsini istərdim. Komandalarınızı Çempionlar Liqasında, Avropa Liqasında görmək istəyirsiniz, amma daxili çempionat da önəmlidir. Çox istərdim ki, növbəti matçda azarkeşlər tribunada yerini alsınlar”.

Elə mövzular var ki, “passiv aktual” adlandırmaq olar. Yəni həmişə aktualdır, lakin həll edilmir.

Doğrudan, Azərbaycan Premyer Liqası oyunlarında azarkeş niyə olmur?

Bəli, bunu elə “olmur” kimi ifadə edə bilərik, çünki tribunalarda əksərən kluba hər hansı formada yaxın olanlar olur. Orijinal azarkeş ya çox azdır, ya da heç yoxdur.

Valdas, “…ardıcıl qələbələr, çoxlu qollar olduqda sanki azarkeş sayımız artmaq əvəzinə azalır” ifadəsi ilə problemi obrazlı şəkildə mükəmməl ifadə edib. Ümumiyyətlə, “futuristlər”in litvalı baş məşqçisinin özünüifadə məzmunu digərlərindən fərqlidir. O, məsələlərin fəlsəfi qatını da aça/yarada bilir. Yuxarıdakı cümlə də bu sıradandır.

Azərbaycanda azarkeş anlayışındakı absurd reallığı bu qədər sərrast ifadə etmək asan məsələ deyil.

12 il sərasər avrokubokların qrup mərhələsinə yüksələn “Qarabağ”ın APL oyunlarına bəzən heç 200-300 nəfər gəlmir.

Niyə?

Cavab tapmaq çətindir. Əksərən bu mövzuda müxtəlif uduşlar, əyləncəli proqramlar təklif edilir. Bunun ən yaxşısını vaxtilə “Qəbələ” etdi, ancaq tribuna dolmadı ki dolmadı…

Bir zamanlar böyük futbolun regionlara açılması ilə azarkeş amilində canlanmanın yaranacağı ən populyar iddia idi. Lakin indi APL-dəki iştirakçıların təxminən yarısı region təmsilçisi olsa da, yenə ürəkaçan, diqqətçəkən məqam yoxdur.

Əvvəla, region təmsilçilərinin vəziyyəti elədir ki, azarkeş kultu formalaşmır. Daha çox həmin klublar ətrafında dedi-qodu mühiti yaranıb.

Ümumiyyətlə, bir əlin barmaqlarının sayı qədər olmayacaq ənənəyə sahib regionların elə yarısı böyük futboldan uzaq qalıb/saxlanılıb. Olanlar da, məsələn, Gəncə, Tovuz – daha çox deyingənlik, narazılıq, istefa tələblərində qabarırlar, üzə çıxırlar.

Fərqlilik yoxdur. Bir az “Sabah” tərəfdarları cəhd etdi, kult yaratmaq istiqamətində maraqlı addımlar atdı, lakin orda da səngimə müşahidə olunur. Elə Valdas dediyi kimi, oyuna gəlmirlər…

Nəticələri pisləşsə də, son illər adına layiq yerlərdə olmasa da, nisbətən “Neftçi” tribunaları canfəşanlığıyla gözə dəyir. O da böyük ölçüdə ənənədən doğur…

Vəziyyət ürəkaçan deyil, ancaq bunda azarkeşi günahlandırmaqla çıxış yolu tapa bilmərik. Bizim futbol öz təbiiliyini itirib. Bəlkə də problem bundan qaynaqlanır.

Azarkeş görür ki, bütün klublara eyni məbləğdə dövlət dotasiyası ayrılır. Və bu pullar klubun böyüməyinə yox, legioner gəl-getinə xərclənir. Klubları mənfəətbazlar basıb. Əksər klublarda bir-biri ilə əlaqəsi olan şəxslər çalışır və onların əsas məqsədi ölkə futbolunda dövr edən maliyyədən özünə “qatlamaqdır”.

Bu və bu kimi reallıqları görən, bilən, eşidən azarkeş, əlbəttə tribunaya gəlməz, deyinər, dedi-qodu edər, neqativ saçar. Bu aura, mühit ümumi ölkə futbolunun başına çöküb. Yaxşı cəhdlər edən azsayda klub da bu auranən yaratdığı “qısırlaşma” modundan əziyyət çəkir.

Təşəkkürlər, Valdas! Sosioloji, iqtisasi məzmunlu problemi qabartdığınız, hətta fəlsəfi çalarlarla ifadə etdiyiniz üçün.

Bizə belə futbol simaları lazımdır – indiki məqamın səbəblərini tapmaq və həll etmək üçün.

Çox azdır sizin kimisi, lap az.

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
futbolpress.az

1Источники