RU

2026-cı ildə Azərbaycan iqtisadiyyatı:BVF hesabatının əsas məqamları

Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə son proqnozları Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf mərhələsinə qədəm qoyduğunu və qlobal çağırışlara qarşı yüksək adaptasiya qabiliyyəti nümayiş etdirdiyini təsdiqləyir. Hesabatda əks olunan rəqəmlər ölkəmizin yeni iqtisadi drayverlərə söykənən daha diversifikasiya olunmuş bir modelə uğurlu keçidini simvolizə edir.

Proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektorunun aktivləşməsi hesabına ÜDM artımının 2,1%-ə yüksələcəyi gözlənilir. Həyata keçirilən effektiv pul-kredit siyasəti nəticəsində inflyasiyanın 2026-cı ilin sonuna 5,0%-ə, növbəti ildə isə 4,0%-ə qədər enməsi proqnozlaşdırılır. Bu, həm əhalinin rifahının qorunması, həm də biznes mühiti üçün proqnozlaşdırıla bilən aşağı inflyasiya mühitinin yaradılması baxımından mühüm nailiyyətdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə "İki sahil"ə bildirib ki, BVF-nin 2026-cı il proqnozları Azərbaycanın maliyyə-bank sektorunda sabitlik və hədəflənmiş artım dövrünün başladığını təsdiqləyir. Xüsusilə kreditləşmə sahəsində müşahidə olunan dinamika iqtisadiyyatın qeyri-neft-qaz sektorunun maliyyə resurslarına əlçatanlığını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Özəl sektora kredit qoyuluşunun 2026-cı ildən başlayaraq illik 9.0% səviyyəsində sabit artım tempi nümayiş etdirməsi yerli sahibkarlığın maliyyələşmə bazasının dayanıqlı qalacağından xəbər verir. Bu sabitlik biznes mühiti üçün proqnozlaşdırıla bilən maliyyə konyunkturası yaradaraq daxili investisiya aktivliyini stimullaşdırır.

Mərkəzi Bankın 2026-cı il üçün müəyyən etdiyi pul-kredit siyasəti iqtisadiyyatın “qan dövranını” sağlam saxlamağa hədəflənib. Manatla pul bazasının 8.5%, geniş pul kütləsinin isə 7.8% nisbətində artımı o deməkdir ki, bazarda biznesin və vətəndaşların ehtiyac duyduğu həcmdə likvidlik təmin olunacaq. Bununla belə, bu artım tempi inflyasiya təzyiqi yaratmayacaq qədər ölçülü və balanslaşdırılmış xarakter daşıyır. Burada ən diqqətçəkən məqam ümumi geniş pul kütləsinin cəmi 6.2% artacağı proqnozudur. Manatla olan kütlə daha sürətlə (7.8%) artdığı halda, ümumi kütlənin daha yavaş artması iqtisadiyyatın xarici valyutadan (dollardan) uzaqlaşdığını və manata olan etimadın yüksəldiyini göstərir. Bu, iqtisadi dildə “dedollarizasiya” deməkdir – yəni insanlar və biznes artıq vəsaitlərini dollar yox, manatda saxlamağa üstünlük verirlər. Mərkəzi Bankın bu “qızıl orta” yanaşması bazarda izafi pulun yaranmasına imkan vermir. Beləliklə, dövriyyədəki manatın dəyəri qorunur, bu da həm qiymət sabitliyinə, həm də manatın alıcılıq qabiliyyətinin güclənməsinə birbaşa xidmət edir. Bir növ, manat iqtisadiyyatın etibarlı lövbəri rolunu oynamağa davam edir.

Nicat Hacızadənin sözlərinə görə, milli valyutanın ABŞ dollarına qarşı sabitliyi fonunda nominal effektiv məzənnədə (NEM) müşahidə olunan mülayim ucuzlaşma meyli iqtisadiyyatımız üçün yeni fürsətlər açır. Bu proses birbaşa qlobal valyuta bazarlarındakı dəyişikliklərlə, xüsusilə beynəlxalq maliyyə sistemində ABŞ dollarının digər əsas valyutalar qarşısındakı mövqeyini əks etdirən dollar indeksi ilə sıx bağlıdır. Dolların beynəlxalq müstəvidəki çevik hərəkətləri manatın dollara bağlı sabitliyini qoruduğu bir şəraitdə ticarət tərəfdaşlarımızın valyutalarına qarşı manatı nominal ifadədə daha rəqabətqabiliyyətli səviyyəyə gətirir. Bu isə yerli istehsalçıların xarici bazarlarda mövqeyini gücləndirir və "Made in Azerbaijan" brendinin xarici alıcılar üçün daha əlçatan olmasına geniş şərait yaradır.

İqtisadiyyatın rəqabət gücünü artıran digər mühüm faktor isə real effektiv məzənnənin (REM) müsbət dinamikasıdır. REM-in ucuzlaşma meyli birbaşa Azərbaycanda inflyasiyanın ticarət tərəfdaşlarımız olan ölkələrlə müqayisədə daha aşağı və stabil olması ilə bağlıdır. Belə ki, 2026-cı ildə inflyasiyanın 5,0%-ə qədər enməsi proqnozu ölkə daxilində xərclərin nəzarətdə saxlanıldığını göstərir. Bu aşağı inflyasiya mühiti manatın real dəyərini xarici valyutalar qarşısında daha çevik edərək, yerli məhsulların qiymət baxımından xarici bazarlarda rəqabət üstünlüyünü təmin edir.

2026-cı ildə Ümumi Milli Qənaətin 18,3% səviyyəsində olması iqtisadiyyatın güclü daxili resurslara malik olduğunu nümayiş etdirir. Ən diqqətçəkən müsbət dinamika birbaşa xarici investisiyalar (BXİ) sahəsində müşahidə olunur. Xalis BXİ göstəricisinin proqnoz dövrünün sonunda +0,7%-ə yüksəlməsi Azərbaycanın beynəlxalq investorlar üçün cəlbedici və təhlükəsiz liman statusunu möhkəmləndirdiyini göstərir. Daxili qənaətlərin bir qədər azalması fonunda xarici investisiya axınının artması, iqtisadiyyatın xarici mənbələr hesabına daha sürətlə modernləşməsinə və yeni texnologiyaların ölkəyə gətirilməsinə xidmət edir.

İİTKM-in şöbə müdiri vurğulayıb ki, 2026-cı il proqnozları Azərbaycanın makroiqtisadi sabitliyi qorumaqla yanaşı, xarici investisiya drayverli yeni inkişaf modelinə uğurla inteqrasiya etdiyini göstərir. Bu strateji transformasiya yaxın illərdə daha dayanıqlı, inklüziv və rəqabətqabiliyyətli bir iqtisadiyyatın qurulması üçün möhkəm zəmin yaradır.

Избранный
12
2
ikisahil.az

3Источники