RU

Prezident İlham Əliyevə qarşı kampaniya– Cənubi Qafqazda yeni  mərhələyə kim mane olur?

Azərbaycan prezidenti İlham Əliyevə qarşı son zamanlar qərəzli və çirkin kampaniya aparılır. ABŞ-a son səfəri zamanı bir qrup etirazçı onun kortejinə hucum edib. Sosial şəbəkə üzərindən də prezidentə qarşı ən müxtəlif qarayaxmalara rəvac verilib.

Prezident İlham Əliyev ətrafında beynəlxalq mediada və sosial şəbəkələrdə qərəzli tənqidi materiallar, ABŞ səfəri zamanı etiraz aksiyaları və informasiya məkanında aparılan çirkli kampaniya dövlət başçısının yürütdüyü siyasətin zondaj olunmasına yönəlib. Bir sıra ekspertlər bu proseslərin arxasında geosiyasi faktorların, xüsusilə Rusiya amilinin dayandığını iddia edirlər.

Bu hucumlar təsadüfi sayıla bilməz.

Azərbaycan prezidentinin Ermənistanla sülh sazişini imzalaması və ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalaması Moskvanı qıcıqlandırır. Moskva hesab edir ki, İlham Əliyevin bu siyasəti Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına səbəb ola bilər.

Azərbaycanın dəyişən xarici siyasət kursu

Son illərdə Azərbaycanın xarici siyasətində bir neçə mühüm istiqamət ön plana çıxıb. Bura Ermənistanla yekun sülh sazişinin imzalanması istiqamətində danışıqların intensivləşməsi, ABŞ və Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişlənməsi, regional nəqliyyat dəhlizlərinin (Orta Dəhliz, Şimal-Cənub) inkişafı və Türk dünyası ilə inteqrasiyanın dərinləşməsi daxildir.

Bu kurs Azərbaycanın ənənəvi “balans siyasəti” modelini qorumaqla yanaşı, Qərb strukturları ilə əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsi ehtimalını artırır.

 Rusiya isə tarixən Cənubi Qafqazı öz təhlükəsizlik perimetri və təsir zonası hesab edib. Moskvanın bölgədə əsas maraqları regionda hərbi-siyasi iştirakın saxlanılması, Qərbin (xüsusilə ABŞ və NATO-nun) dərinləşən təsirinin qarşısının alınması, enerji və nəqliyyat marşrutları üzərində strateji nəzarət daxildir.

Əgər Azərbaycan Ermənistanla sülh sazişini Qərb vasitəçiliyi ilə yekunlaşdırarsa və ABŞ-la strateji tərəfdaşlıq sənədi imzalayarsa, bu, Rusiyanın regiondakı vasitəçi və təhlükəsizlik təminatçısı rolunu zəiflədə bilər. Bu isə Moskva üçün geosiyasi nüfuz itkisi kimi qiymətləndirilə bilər.

ABŞ isə Cənubi Qafqazda bir neçə strateji hədəf güdür.

Bunlar Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırmaq, Rusiyanın regional təsir imkanlarını məhdudlaşdırmaq, İranın təsir dairəsini balanslaşdırmaq və Çin tranzit layihələrinə alternativ marşrutları dəstəkləməkdir.

Vaşinqton-Bakı münasibətlərinin strateji çərçivəyə yüksəlməsi regionun geosiyasi xəritəsini dəyişə bilər.

Ermənistan ilə yekun sülh sazişi imzalanarsa regionda Rusiyanın “sülh resept”lərinə ehtiyac azalacaq, Qərb platformalarının rolu artacaq, yeni iqtisadi və nəqliyyat reallıqları formalaşacaq. Bu isə Cənubi Qafqazda “post-münaqişə geosiyasəti” mərhələsinin başlanğıcı demək ola bilər.

Burada 3 mümkün inkişaf ssenarisi ola bilər.

Balans siyasətinin qorunması: Azərbaycan həm Moskva, həm Vaşinqtonla münasibətləri taraz saxlayır. Gərginlik nəzarət altında qalır.

Qərbə doğru strateji yaxınlaşma: ABŞ və Avropa ilə institusional əməkdaşlıq dərinləşir. Bu halda Rusiya tərəfindən siyasi və informasiya təzyiqi arta bilər.

Regional revanş və gərginlik: Böyük güclər arasında rəqabət sərtləşir və Azərbaycan geosiyasi qarşıdurma xəttinin aktiv subyektinə çevrilir.

Hazırkı vəziyyət göstərir ki, Azərbaycan Cənubi Qafqazda formalaşan yeni güc balansının mərkəzində dayanır. Prezident İlham Əliyevin yürüdüyü çoxvektorlu siyasət həm imkanlar, həm də regionda yeni “oyun qaydaları”yaradır.

Odur ki, baş verənlərdə Rusiya faktorunun mümkün təsiri istisna edilə bilməz. Regiondakı informasiya kampaniyalarının bu mərkəzdən idarə olunması mümkün variantdır. Geosiyasi reallıq ondan ibarətdir ki, Cənubi Qafqaz artıq təkcə regional deyil, qlobal güclərin rəqabət meydanına çevrilib. Azərbaycan isə bu rəqabətdə obyekt deyil, getdikcə daha çox subyekt rolunda çıxış etməyə çalışır.

Müasir beynəlxalq münasibətlərdə informasiya müharibəsi klassik diplomatiyanın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr, diaspor şəbəkələri, QHT-lər və media platformaları geosiyasi rəqabətin alətlərinə çevrilə bilir.

Böyük dövlətlərin rəqib ölkələrin siyasi rəhbərliyinə qarşı imic kampaniyalarından istifadə etməsi beynəlxalq praktikada mövcuddur.

Xaricdə fəaliyyət göstərən siyasi fəallar və müxalif qruplar beynəlxalq platformalarda aktiv ola bilirlər. Bu, hər zaman xarici dövlətlərin maraq dairəsində olur.

Dövlət başçısına qarşı aparılan kampaniya Azərbaycan dövlətinin strateji maraqlarına qarşı yönəlib və dövlətin milli maraqlarını yürütməyə mane olmaq cəhdidir. Prezident İlham Əliyev bu baxımdan xalqın yekdil səsini almış lider kimi bu maraqların qorunmasında ardıcıl və müstəqil siyasi xəttini yürüdür. Bu isə görünür bir sıra qüvələrin xoşuna gəlmir

Amma bu qərəzli kampaniya öz məqsədinə çata bilməyəcək.

“Analitik” Təhlil Mərkəzi

 

AzPost.az

Избранный
8
1
azpost.info

2Источники