RU

"Dedilər ki, səbəbi ancaq Vüqar Qurbanov bilir" - İşdən çıxarılan bölmə müdiri

Yeni Klinikanın sabiq bölmə müdiri Mustafa Eyyubov qanunsuz şəkildə işdən çıxarılması ilə bağlı şikayət edib.

"Unikal"ın məlumatına görə, o bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan "Yeni Klinika"da Maliyyə şöbəsinin Büdcə planlaması bölməsində bölmə müdiri vəzifəsində çalışıb:

"11.09.2025-ci il tarixində rəhbərlik və Kadrlar şöbəsinin müdiri tərəfindən mənə bildirildi ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən verilmiş tapşırığa əsasən mən və Maliyyə şöbəsinin müdiri Orxan Bahadurzadə işdən azad edilməliyik. Səbəbini soruşduqda isə bildirildi ki, bunu yalnız Vüqar Qurbanov bilir.

Mən ərizə yazmağa məcbur edildim və işdən azad olundum. Lakin Orxan Bahadurzadə hələ də vəzifəsində çalışmağa davam edir. Sonradan məsələni araşdırmağa başladım. Dəfələrlə TƏBİB-in icraçı direktorunun qəbuluna rəsmi qaydada yazılsam da, qəbula düşmək mümkün olmadı. TƏBİB əməkdaşları tərəfindən qəbul üçün yazıldığım bildirilsə də, qəbul vaxtı mənə məlumat verilmədi. TƏBİB-in Vətəndaş qəbulu şöbəsinin müdiri müxtəlif bəhanələr gətirib. Dəfələrlə bu hal təkrarlanmış və nəticədə Vüqar Qurbanov məni qəbul etməkdən imtina edib.

03.12.2025-ci il tarixində TƏBİB-in Müşahidə Şurasının sədri Zaur Əliyevin qəbulunda oldum. Sədr məsələni araşdıracağını bildirdi. Daha sonra TƏBİB-in İnsan resursları departamentinin müdiri Emin Xasiyevlə görüşdüm və məsələni izah etdim. Lakin o, məsələyə ciddi yanaşmayaraq, qeyri-rəsmi və hüquqa uyğun olmayan şəxsi mövqeyini yazılı şəkildə təqdim etdi.

Zaur Əliyevin tapşırığından sonra Vüqar Qurbanov məni qəbul etməyə məcbur oldu. 21.01.2026-cı il tarixində onunla görüşdüm. Görüş zamanı bildirdim ki, onun adından istifadə edilərək işdən azad edilmişəm. Bunun səbəbini soruşdum. Vüqar Qurbanov isə belə bir göstəriş vermədiyini, məni Barat Yusubov tərəfindən işdən azad edildiyimi bildirdi.

Mən onun adından sui-istifadə olunduğunu qeyd edərək işə bərpa edilməyimi və günahkar şəxslərin cəzalandırılmasını xahiş etdim, lakin heç bir cavab verilmədi.

Daha sonra yenidən 04.02.2026 -cı il tarixində Zaur Əliyevə müraciət edərək məsələni qanunvericiliyə uyğun şəkildə araşdırmağı və məni işə bərpa etməyi xahiş etdim. Lakin o, bu məsələlərə baxmadığını və "özünüz həll edin" dedi. Həm TƏBİB-ə, həm də Yeni Klinikaya rəsmi müraciət etmişəm, lakin işə bərpa olunmamışam", - deyə Mustafa Eyyubov əlavə edib.

Избранный
8
5
unikal.az

10Источники