RU

Azərbaycan Prezidentinin mühafizəçilərinin hərəkətləri qanuni və əsaslıdır - Rəy

Yazını böyüt
Yazını kiçilt

Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı otelin yaxınlığında baş vermiş insidentlə əlaqədar sosial şəbəkələrdə çoxsaylı videomateriallar və məlumatlar yayılmaqdadır. Bəzi qruplar isə bu hadisəni ölkəmizə qarşı istifadə olunan alətə çevirməyə çalışırlar.

Maraq doğuran sual budur: Vaşinqtonda Prezident İlham Əliyevin mühafizəçilərinin hərəkətlərində qeyri-qanuni nə var?

Bu istiqamətdə Hafta.az-a açıqlama verən siyasi ekspert, BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi Qulamhüseyn Əlibəyli bildirib ki, Prezidentin mühafizəçilərinin hərəkətləri qanuni və əsaslıdır.

Q.Əlibəyli qeyd edib ki, videoyazıların bəzilərində əvvəlcə prezidentin təhlükəsizlik xidməti əməkdaşlarının şüar səsləndirən və şəkil çəkən aksiyaçılara müdaxilə etmədən prezidentin keçəcəyi yolu və təhlükəsizlik məkanını nəzarətdə saxladıqları görünür:

“Yalnız bir nəfərin qəfil şəkildə prezidentin keçəcəyi yola tərəf qaçması zamanı mühafizəçilərin hərəkətə keçdiyi və həmin şəxsin təhlükəsizlik məkanına daxil olmasının qarşısını almaq üçün ona münasibətdə fiziki güc tətbiq etdiyi görünür. Bundan sonra isə şüar səsləndirərək, şəkil çəkə-çəkə prezidentin keçəcəyi yola yaxınlaşmaq istəyən bir neçə aksiyaçı fiziki güc tətbiq edilmədən təhlükəsiz məsafəyə uzaqlaşdırılır. Bu zaman ədəbsiz ifadələr və söyüşlər açıq-aydın eşidilir.

Videoyazıların digərlərində isə prezidentin keçəcəyi yolun yaxınlığında mühafizəçilər tərəfindən bir nəfərə fiziki güc tətbiq edilməsi, həmçinin şüar səsləndirib şəkil çəkə-çəkə girişə yaxınlaşmaq istəyən bir neçə aksiyaçının müəyyən məsafəyə qədər uzaqlaşdırılması göstərilir. Dərhal sonra aksiyanın məqsədi barədə onun təşkilatçılarından birinin və barəsində fiziki güc tətbiq edilmiş şəxsin açıqlamaları, eləcə də digər şərhlər təqdim olunur. Bu videoyazıların montaj edildiyi adi gözlə də görünür. Belə videoyazılar adətən “İlham Əliyevin mühafizəçiləri dinc aksiyanı zorakılıqla dağıtdılar”, “siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaçıları vəhşicəsinə döydülər”, “xarici ölkənin ərazisində qudurğanlıq etdilər” və buna bənzər ifadələrlə müşayiət olunur. Xarici mediada da məhz yuxarıda qeyd edilən iki epizoda aid fotoşəkillər tirajlanır”.

Q.Əlibəyli vurğulayıb ki, hər kəsin dinc aksiya keçirmək, müxtəlif şüarlar səsləndirmək, o cümlədən prezidentin eşidə biləcəyi şəkildə fikrini ifadə etmək, siyasi məhbus hesab etdiyi şəxslərə azadlıq tələb etmək hüququ var və bu, heç kimdə şübhə doğurmur.

"Lakin insan hüquq və azadlıqları qeyri-məhdud xarakter daşımır; onlar başqasının (başqalarının) hüquq və azadlıqları ilə sərhədlənir. Yəni başqasının hüquqları başladığı yerdə sənin hüquqların bitir. Buna görə də insan hüquq və azadlıqlarının həyata keçirilməsi normativ qaydada sərt və ya nisbətən mülayim şəkildə tənzimlənir. Bu, insan hüquqları nəzəriyyəsinin aksiomudur. Hər bir insanın təhlükəsiz yaşamaq və mümkün təhlükələrdən qorunmaq hüququ var. Prezident dövlət başçısı olduğu və dövləti təmsil etdiyi üçün hansı məkanda olmasından asılı olmayaraq xüsusi qaydada qorunur. Bu qayda təkcə İlham Əliyevə deyil, bütün prezidentlərə aiddir. Ona görə də prezidentin keçəcəyi yollarda, qaldığı yerlərdə ciddi təhlükəsizlik tədbirləri görülür. ABŞ prezidentləri Avraam Linkoln, Ceyms Qarfild, Uilyam Mak-Kinli və Con Kennedinin, İsveçin baş naziri Ulof Palmenin, Hindistanın baş naziri İndira Qandinin necə qətlə yetirildiyini xatırlamaq kifayətdir.

Kütləvi tədbirlər və aksiyalar zamanı prezidentlərin təhlükəsizlik tədbirləri daha da gücləndirilir. Çünki bu cür tədbirlərdə silahlı şəxslərin və terrorçuların prezidentlərə yaxınlaşmaq və sui-qəsd törətmək imkanları artır. Bu baxımdan prezidentin olduğu və keçəcəyi yerlərdə təhlükəsizlik məkanlarının (zolaqlarının) yaradılması və həmin məkana zorla daxil olmaq istəyən şəxslərə qanuni fiziki güc tətbiq edilməsi tamamilə təbii qarşılanmalı və qanuni hesab olunmalıdır.

Vaşinqtondakı insidentlə əlaqədar montaja məruz qalmamış videoyazılardan açıq-aydın görünür ki, Azərbaycan Prezidentinin mühafizəçiləri şüar səsləndirən və şəkil çəkən aksiyaçılara heç bir müdaxilə etmədən, güc tətbiq etmədən onların təhlükəsizlik məkanına yaxınlaşmasına imkan vermirlər. Yalnız aksiyaçıların sırasında görünməyən bir şəxsin qəfil şəkildə qaçaraq təhlükəsizlik məkanına daxil olmağa cəhd göstərməsi (belə cəhdlər mühafizə olunan obyekt üçün müxtəlif təhdidlər yarada bilər) ona qarşı fiziki güc tətbiqinə əsas verib və həmin şəxsin hərəkətinin qarşısı alındıqdan sonra o, sərbəst buraxılıb.

Eyni zamanda, şüar səsləndirən və şəkil çəkən aksiyaçıların təhlükəsizlik məkanına yaxınlaşmaq cəhdlərinin qarşısı fiziki güc tətbiq edilmədən alınıb və onlar müəyyən məsafəyə uzaqlaşdırıldıqdan sonra mühafizəçilər öz xidmət yerlərinə qayıdaraq vəzifələrinin icrasını davam etdiriblər. Başqa sözlə, prezidentin mühafizəçiləri qorunması onlara həvalə edilmiş təhlükəsizlik məkanından kənara çıxmayaraq, həmin məkana zorla daxil olmaq istəyən şəxsləri uzaqlaşdırıblar. Təhlükəsizlik məkanına daxil olmaq istəsə də, mühafizəçilərin yaxınlaşdığını görərək geri çəkilən aksiya iştirakçılarına toxunulmayıb və onlara fiziki güc tətbiq edilməyib. Fiziki güc yalnız mühafizəçilərə müqavimət göstərən və hər hansı vasitə ilə prezidentin təhlükəsizlik məkanına daxil olmağa çalışan şəxslərə qarşı tətbiq olunub. Bu cür hallarda fiziki güc tətbiqi tamamilə qanuni və əsaslıdır”, – deyə Q. Əlibəyli bildirib.

Onun fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları öz xidməti səlahiyyətləri çərçivəsində peşəkar şəkildə hərəkət ediblər. Q.Əlibəyli hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qarşı Münhen Təhlükəsizlik Konfransında, ardınca Vaşinqtonda edilən hərəkətlərin bir mərkəzdən idarə olunduğu açıq-aydın görünür. Vaşinqton insidentinə ilk dəstəyin Amerika ermənilərinin təşkilatı olan ANKA-dan və Azərbaycana qarşı düşmən mövqedə olan konqresmen Frenk Pallonedən gəlməsi təsadüfi sayıla bilməz.

Q.Əlibəyli bir müddət əvvəl silahlı bir şəxsin ABŞ prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahına daxil olmağa cəhd edərkən ABŞ Məxfi Xidməti əməkdaşları tərəfindən zərərsizləşdirilməsi ilə bağlı yayılan xəbəri də xatırladıb.

Tahirə Qafarlı

Избранный
20
6
hafta.az

8Источники