Pekin qərarı hərtərəfli qiymətləndirir və Vaşinqtonu tarif tədbirlərini dərhal dayandırmağa çağırır...
Çin hökuməti ABŞ Ali Məhkəməsinin bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumlarını qanunsuz sayması ilə bağlı qərarını “hərtərəfli qiymətləndirdiyini” açıqlayıb.
Poliqon xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, Pekin Vaşinqtonu dərhal tarif tədbirlərini ləğv etməyə çağırır. Çin tərəfinin mövqeyinə görə, sözügedən rüsumlar həm beynəlxalq ticarət qaydalarına, həm də ABŞ-nin öz daxili qanunvericiliyinə ziddir. Rəsmi Pekin vurğulayıb ki, bu addımlar nə Çin, nə də ABŞ üçün faydalıdır və “ticarət müharibələrində qalib olmur”.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ alternativ mexanizmlərdən, o cümlədən ticarət araşdırmalarından istifadə etməklə yüksək rüsumları saxlamağa hazırlaşır. Çin tərəfi vəziyyətin inkişafını diqqətlə izləyəcəyini və öz qanuni maraqlarını qətiyyətlə müdafiə edəcəyini bəyan edib.
ABŞ Ali Məhkəməsi fevralın 20-də çıxardığı qərarda Donald Trampın digər ölkələrdən idxala birtərəfli qaydada rüsum tətbiq etmək səlahiyyətinə malik olmadığını bildirib. Qərar tariflər səbəbindən zərər gördüklərini bildirən şirkətlərin və əksəriyyəti Demokratlar Partiyasının idarə etdiyi 12 ştatın iddiası əsasında qəbul edilib.
ABŞ prezidenti isə məhkəmənin qərarını “utancverici” adlandırıb. O, ehtiyat planından istifadə edəcəyini açıqlayıb və daha sonra əvvəl tətbiq edilmiş idxal rüsumlarını bütün ölkələr üçün 10 faizdən 15 faizə qaldırıb.
Qeyd edək ki, Tramp administrasiyasının tarif siyasəti qlobal ticarət sistemində ciddi gərginlik yaradıb və bir sıra ölkələrin cavab tədbirləri ilə nəticələnib. Çin isə ardıcıl olaraq qarşılıqlı hörmət və bərabərhüquqlu danışıqlar əsasında ticarət münasibətlərinin tənzimlənməsinin tərəfdarı olduğunu bəyan edir.
Poliqon.info